Milli İncəsənət Muzeyinin yubiley loqosu

 

Azərbaycan Milli İncəsənət Muzeyi 2016-cı ildə fəaliyyətinin 80 illiyinə həsr olunmuş yubiley loqosunu təqdim edib. Loqonun dizaynının müəllifi Fərhad Fərzəliyevdir.

Muzeydən verilən məlumata görə, yubiley ilə əlaqədar il ərzində müxtəlif tədbirlərin, sərgilərin, konfransların keçirilməsi nəzərdə tutulur.

Milli İncəsənət Muzeyi Azərbaycanın ən böyük sənət məbədlərindən biridir. Ekspozisiyalarda Qədim Şərq və Azərbaycan, Rusiya və Qərbi Avropa incəsənətinin müxtəlif dövrlərini əhatə edən incəsənət əsərləri nümayiş etdirilir. Muzeydə ümumilikdə 17 mindən çox eksponat saxlanılır.

1920-ci ildə Azərbaycan Dövlət Muzeyinin tərkibində təsviri sənətlər bölməsi yaradılmışdı. Burada toplanmış əsərlərin, xüsusilə rəngkarlıq nümunələrinin dəyəri nəzərə alınaraq, 1936-cı ildə həmin bölmənin əsasında ayrıca bir muzeyin - Azərbaycan Dövlət İncəsənət Muzeyinin yaradılması qərara alındı. Əvvəlcə incəsənət bölməsi indiki Azərbaycan Tarix Muzeyinin binasında yerləşirdi. Muzeyin rəsmi açılışı 1937-ci ildə gerçəkləşdi. 1943-cü ildən realist teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayevin adını daşıyır.

 

Lalə Azəri

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 8.