Yeni kitabların təqdimatı olub
Yazıçılar Birliyinin katibi İlqar Fəhminin çoxcildliyinin dörd kitabı işıq üzü görüb
Yanvarın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda qurumun katibi, şair, yazıçı-publisist İlqar Fəhminin “XAN” nəşriyyatında işıq üzü görmüş külliyyatından “Son reportaj”, “Nostalji”, “Sən kimsən, Səfəvi?” və “Bu gündən dünənə” kitablarının təqdimatı keçirilib.
Birliyin katibi, Xalq şairi Fikrət Qoca İlqar Fəhminin 40 yaşı olmasına baxmayaraq çox böyük uğur qazanan qələm adamı kimi tanındığını bildirib, ona yaradıcılıq uğurları arzulayıb.
“Kitabevim.az”ın, “XAN” və “Hədəf” nəşrlərinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq, Əməkdar incəsənət xadimi Əli Əmirli, Əməkdar jurnalist, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, filologiya elmləri doktorları Vaqif Yusifli, Asif Rüstəmli və digər çıxış edənlər müəllifin kitablarının bədii dəyərindən, çoxsahəli yaradıcılığından söhbət açıblar. Bildirilib ki, bu günədək səkkiz kitabı çap edilən İ.Fəhmi "Ölüm növbəsi", "Aktrisa", "Dərvişin qeydləri", "Axırıncı dayanacaq" və başqa ssenariləri ilə rejissorların da diqqətini çəkib. Bu ssenarilər əsasında filmlər çəkilib. “Aktrisa” filmi 2011-ci ildə Kann kinofestivalında ilk dəfə Azərbaycan pavilyonunun açılışında nümayiş etdirilib.
Tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirən müəllif “XAN” nəşriyyatının rəhbərliyinə minnətdarlıq edib. Bildirib ki, nəşriyyatda 12 cildlik külliyyatından daha 4 kitab (“Kinoromanlar”, “Telepyeslər”, “Ssenarilər toplusu” və “Bakı tarixindən kollaj”) çapa hazırlanır.
Sonda İlqar
Fəhmi yeni şeirlərini oxuyub və imzası ilə kitablarını oxuculara təqdim edib.
Mədəniyyət.- 2016.- 8
yanvar.- S. 8.