Ailənin dəyərini “Afina axşamları” ilə bilin

 

Rus Dram Teatrı premyeraya hazırlaşır

 

- Anna Pavlovna, zəhmət olmasa, deyin. Siz gəncliyinizdə evdən tək çıxardınızmı?

- Yox, Boris Oleqoviç, əlbəttə, yox. Yalnız valideynlərim, ya da böyük qardaşlarım ilə birlikdə küçəyə çıxmağa ixtiyarım var idi.

- Bəs gənc qızlar necə, valideynləri evdə olmayanda oğlan dostlarını evə dəvət edirdilər?

- Yox... yox... Qızlar yad kişi ilə yalnız valideynlərinin yanında söhbət edə bilərdilər.

- Bəs cavan oğlanlar bəyəndikləri qıza öz münasibətlərini necə bildirirdilər? Onun arxasınca düşürdülər?

- O zaman qız sevən oğlanlar heç etmirdilər. Elçilərini göndərirdilər, vəssalam.

...Bu, mühafizəkar bir atanın 18 yaşlı qızına görk olsun deyə, zadəgan əsilli qayınanası ilə söhbətinin bir hissəsidir.

Söhbətin necə davam etdiyini, nəsihətamiz söhbətdən kimlərin necə qıcıqlandığını bilməyimizə az qalıb. Gələn həftəsonu, yanvarın 17-də S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı sənətsevərlərə yeni tamaşa - rus yazıçısı Pyotr Qladilinin «Afina axşamları» pyesi əsasında hazırlanan eyniadlı lirik komediyanı təqdim edəcək.

Bəri başdan deyək ki, «Afina axşamları» sıradan bir tamaşa olmayacaq. Əvvələn, bu tamaşa Azərbaycan teatrsevərinin müasir rus yazıçısı P.Qladilinin yaradıcılığı ilə ilk ünsiyyəti olacaq. Pyesləri yüzdən çox teatrda oynanmış dramaturqun əsərləri indiyədək ölkəmizdə səhnələşdirilməyib.

Digər tərəfdən, teatr kollektivi bu tamaşanı aktrisa, Azərbaycanın Əməkdar artisti Yevgeniya Nevmerjitskayanın yubileyinə həsr edib. Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Aleksandr Şarovskinin sözlərinə görə, bu pyes ondan əvvəl elə yubilyarın öz seçimidir.

Bəs əsərdə nədən söhbət gedir? Müəllif, tamaşanın yaradıcı kollektivi bu əsərlə seyrçiyə hansı mesajı göndərir?

Bir ailəni təsəvvürünüzə gətirin: ata, ana, bir onların 18 yaşlı tələbə qızı. Bu evdə hər şeyi ata həll edir. Deyəcəksiniz ki, burada var ki? Lap yaxşı! Elə belə olmalıdır. Arvadını, qızını yad baxışlardan, ətraf mühitin «zərərli təsiri»ndən qoruyan, onların hətta hansı musiqini dinləyəcəyindən hansı ifaçını bəyənəcəyinədək hər işə qarışan ata həm yaşlı, həm gənc nəslin müqaviməti ilə qarşılaşır. Ana atanın sözü ilə oturub-durur, hətta onun kimi düşünür, qızının da onun kimi olmasına razıdır. Amma hətta məşhur fiziktəsir əks-təsirə bərabərdirtərifini elmi cəhətdən sübut etməzdən xeyli əvvəl insan bunu öz əməlləri ilə aydın göstərib ki, psixoloji basqı mütləq müqavimətə rast gələcək. Beləcə, mənəvi üstünlük üstündə dartışa-dartışa ömür sürən üç nəfərlik ailə əsl münaqişə üçbucağına çevrilib. Ana - Lüdmila Sergeyevna əri Boris Oleqoviçlə qızı Nataşanın münasibətlərini nizamlamağa cəhd göstərərkən gərgin üçbucaq sınır. Əslində bu ailə üçbucağı konservatoriyanın tələbəsi, gənc istedadlı pianoçu Nataşa gənc bəstəkar Antona aşiq olandan bəri öz formasını itirib. Amma müdrik müasir dünyagörüşlü nənə Anna Pavlovna yolüstü qızıgilə qonaq gələnədək kimsə bunu etiraf etmir. Sadəcə, hər kəs bu ailədə öz müstəsna mənəvi azadlıq qərar vermək hüququ uğrunda bacardığı kimi mübarizə aparır.

Bu mübarizəni onun necə nəticələndiyini bilmək üçün premyera gününü gözləmək lazımdır.

Qeyd etdiyimiz kimi, tamaşaya baş rejissor Aleksandr Şarovski quruluş verib. Quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim rəssamı Əməkdar mədəniyyət işçisi Olqa Abbasova, musiqi tərtibatçısı Əməkdar mədəniyyət işçisi Vladimir Neverovdur.

 

Məşqdəki fasilədən istifadə edib quruluşçu rejissorun aktyorların tamaşa ilə bağlı fikirlərini öyrənirik.

 

Aleksandr Şarovski:

- Sadə, kiçik bir ailədə müxtəlif dünyagörüşlü üç insan yaşayır. Ata üçün 18 yaşlı qızı hələ çox balacadır, qız yalnız təhsil almaq, görkəmli pianoçu karyerası qurmaq qayğıları ilə yaşamalıdır. Sevmək, ailə qurmaq, ana olmaq onun üçün çox tezdir. Bəlkə hər şey atanın istədiyi kimi olardı, ya da Nataşa valideynlərini atıb sevgilisini seçərdi. Xoşbəxtlikdən nənənin - çox çətin, amma maraqlı şərəfli ömür yaşamış Anna Pavlovnanın gəlişi vəziyyəti dəyişir. Müdrik qadın ailəni parçalanmağa qoymur, münaqişə öz həllini tapır. Biz bu tamaşanı Yevgeniya Stepanovnanın yubileyinə həsr etmişik. Ümid edirik ki, «Afina gecələri» tamaşaçıların ürəyincə olacaq. Ailənin, bir neçə nəslin insanlarının birlikdə yaşamasının mümkün olduğunu göstərəcək.

 

Baş rolun ifaçısı Yevgeniya Nevmerjitskaya:

- Bu rol mənim ürəyimcədir. Mənim Anna Pavlovnam müdrik, mehriban qadındır. Yeganə nəvəsinin xoşbəxtliyi naminə hətta ölməyə hazırdır. O inanır ki, Nataşa düzgün seçim edib, Anton onun nəvəsinin sevgisinə layiqdir.

Mən özüm həmişə gəncliyin tərəfindəyəm. Düzdür, istərdim ki, öz həyat təcrübəmi onlarla bölüşüm. Amma edəsən ki, hər kəs öz həyatını yaşayır, öz səhvlərini edir, sonra da düzəldir.

 

Əməkdar artist Natalya Şarovskayanın «Afina axşamları»nda oynadığı Lüdmila Sergeyevna bu koloritli aktrisanın indiyədək ifa etdiyi rollardan xeyli fərqlənir. Pyesin ilk dəqiqələrindən belə məlum olur ki, Lüdmila ailə qurandan sonra büsbütün ərinin təsiri altındadır. Aktrisaya rol ilə bağlı sualımızı ünvanlayanda ondan bunu soruşduq:

- Natalya Yuryevna, sizin Lüdmilanız Anna Pavlovnanın qızından daha çox, Boris Oleqoviçin həyat yoldaşıdır. Bəlkə onun düşdüyü vəziyyət buna görə belə çıxılmaz görünür?

- Haqlısınız. Lüdmila həyat yoldaşının «tərbiyəsinin bəhrəsidir»: əri deyən kimi düşünür, onun zövqü ilə seçim edir. Zadəgan əsilli bir qız sadə bir təbəqədən çıxmış, bir qədər köhnə dəbli həyat yoldaşının təsiri altındadır. Həqiqətən , indiyədək belə bir rol oynamamışam. Lüdmila üç odun arasında qalıb: anası, əri, qızı... hər üçü istəyir ki, mənim qəhrəmanım onun tərəfini tutsun. Müəllif bu pyesi bir neçə il öncə qələmə alıb, amma qoyulan mövzunun aktuallığı artır ki, azalmır: ailədaxili bağlar qırılır, əbədi dəyərlər dəbdən düşmüş sayılır. Bizim tamaşamız isə göstərir ki, insanın öz ailəsi, doğmaları ilə birlikdə olması ən böyük nemətdir.

 

Xalq artisti Səfa Mirzəhəsənovun ifa etdiyi Boris Oleqoviçi görən bütün cavanlar, xüsusilə gənc xanımlar heç istəməzlər ki, onların belə atası, gələcəkdə isə həyat yoldaşı olsun. Fikrimizi aktyorla bölüşürük:

- Bilirsiniz, əslində Boris Oleqoviç pis adam deyil. Valideynləri içki aludəsi olub, öz doğma ailəsində kiçiklərə qayğı, böyüklərə hörmət görməyib. Öz zəhməti biliyi ilə musiqi tarixçisi kimi nisbətən nadir sahənin mütəxəssisi kimi yetişib. Öz ailəsini tamam fərqli prinsiplər, öz anladığı qədər möhkəm sağlam təməl üstündə qurub. Məncə, əsas odur ki, bizim tamaşaya baxanlar finalda inanacaqlar ki, ailədə hər kəs bir qədər güzəştə getməyi bacarsa, hər şey yaxşı olacaq.

 

Gənc aktrisa Natəvan Hacıyeva:

- Ana olmağa hazırlaşan qəhrəmanım Nataşanın hissləri mənə çox yaxındır. Bu yaxınlarda ilk övladım dünyaya gəlib. Həyat situasiyalarımız fərqli olsa da, yaşadığım hisslərin bu tamaşada mənə kömək edəcəyinə inanıram.

 

Oleq Əmirbəyov:

- Uşaqlıqdan tanıdığım gözəl aktyorlarla bir daha səhnədə görüşməyə şadam. O ki qaldı Antona, gələcək qayınatasının ona «rəğbətinə», Nataşanı ondan ayırmaq üçün əlindən gələni etməsinə baxmayaraq, o, sevdiyi qızdan, övladının anasından əl çəkmir, əsl kişi kimi hərəkət edir. Məncə, Antonun bu mübarizliyi onun xoşbəxt ailə sahibi olacağına kömək edəcək.

 

Beləcə, yeni bir tamaşa teatrsevərlərin görüşünə gəlməyə hazırlaşır. Əgər diqqət yetirdinizsə, biz pyesin adının sirrini açmadıq. «Afina axşamları»nın sirrini bilmək istəyirsinizsə, yanvarın 17-ni gözləyin.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 7.