“Sənətimi çox sevirəm, ona görə də axtarışdayam”

 

Tanınmış dirijor Fəxrəddin Atayevin musiqi sahəsində geniş yaradıcılıq fəaliyyəti var. O, 1972-ci ildə Bakıda anadan olub. 1999-cu ildə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının magistraturasını dirijor ixtisası üzrə bitirib. İxtisas müəllimləri xalq artistləri Yusif Axundzadə və Yalçın Adıgözəlov olub.

 

Müsahibim 1993-1998-ci illərdə Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrində valtorna alətləri qrupunun konsertmeysteri olub, 1988-2014-cü illərdə həmin orkestrin dirijoru kimi fəaliyyət göstərib. Onun dirijorluğu ilə orkestr bir sıra dövlət tədbirlərində yüksək səviyyədə çıxış edib.

Dirijorun Azərbaycan Dövlət OperaBalet Teatrında debütü 1999-cu ildə, Zülfüqar Hacıbəyovun “Aşıq Qərib” operasında orkestri idarə etməsi ilə olub. Teatrda bir sıra uğurlu işlər gerçəkləşdirib. Bu haqda dirijor özü danışır: “2001-ci ilin yanvar ayında OperaBalet Teatrının truppası ilə İstanbulda Üzeyir bəyin “Leyli və Məcnun”, Z.Hacıbəyovun “Aşıq Qərib” opera tamaşalarına dirijorluq etdim. 2002-ci ildə Şəfiqə Axundovanın "Gəlin qayası" operasının bərpaçı dirijoru oldum. Bu əsərə ilk dəfə 1973-cü ildə quruluş verilmişdi, uzun illərdən sonra yenidən əsəri bərpa etdim”.

Dirijorun Azərbaycan Televiziyası və Radiosunun Niyazi adına simfonik orkestrində fəaliyyəti də diqqətçəkəndir. Burada o, Azərbaycan və xarici ölkə bəstəkarlarının simfonikxor əsərlərinin lentə alınmasında fəal iştirak edib.

Müsahibim dirijorluq sənətini musiqiçilərə məsuliyyətli rəhbərlik adlandırır və bu işi üç mərhələyə bölür: orkestrlə məşqə qədər təcrübə; əsərin məşq prosesi; konsert zamanı musiqiçilərin köməyi ilə əsərin dinləyicilərə çatdırılması.

F.Atayev bəstəkarlıqla da məşğul olur. Deyir ki, bəstəkarlıq bacarığı onun uğurlu dirijor olmasında az rol oynamayıb. 1996-cı ildə AzTV-nin təşkil etdiyi “Ən yaxşı vətənpərvərlik marşı” müsabiqəsinin III mükafatçısı, 2004-cü ildə ANS şirkətlər qrupuMilli Qəhrəman Çingiz Mustafayev Fondunun təşkil etdiyi “Qızıl marş” müsabiqəsinin diplomantı olub.

Tanınmış dirijor həm də Fikrət Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının xor kollektivində xormeyster kimi çalışır. Kollektivin repertuarını yeniləyərək onlarla xalq və bəstəkar mahnısını xor üçün işləyib.

F.Atayev 2010-cu ildən Azərbaycan Dövlət Musiqili Teatrında simfonik orkestrin dirijorudur. Musiqili Teatrın hazırladığı N.Qoqolun “Evlənmə” tamaşası 2011-ci ilin yekunlarına görə Mədəniyyət və Turizm Nazirliyinin “Zirvə” mükafatına layiq görülüb. Bu tamaşaya F.Atayev dirijorluq edib.

Musiqili Teatrda həmçinin Ü.Hacıbəylinin “Arşın mal alan”, “O olmasın, bu olsun”, R.Hacıyevın “Qonşular”, S.Ələsgərovun “Kələkbazlar”, “Hərənin öz ulduzu”, O.Kazıminin “Qızıl toy”, E.SabitoğlununBankir adaxlı”, R.Mirişlinin “Qısqanc ürəklər”, O.Rəcəbovun “Əlin cibində olsun” və s. tamaşalara dirijorluq edib.

Hazırda Azərbaycan Dövlət Milli Konservatoriyasının dirijorluq kafedrasında orkestr sinfinə rəhbərlik edən F.Atayev burada baş müəllim vəzifəsində çalışır. “Dirijorluq” və “Simfonik orkestrin alətləri” fənlərinə dair metodiki işlərin və dərs vəsaitlərinin müəllifidir.

Konservatoriyanın nəzdində Milli Nəfəs Alətləri Orkestrinin yaradılmasında da həmsöhbətimin mühüm xidmətləri var. Qısa müddət ərzində 21 nəfər ifaçıdan ibarət orkestr yaradaraq konsert proqramı təqdim edib.

Yanvar ayında Musiqili Teatrda Xalq yazıçısı Elçinin “Baladadaşın ilk məhəbbəti” hekayəsi əsasında “Baladadaşın toy hamamı” tamaşasının premyerası olacaq. Quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, bəstəkarı Firidun Allahverdiyev olan tamaşanın dirijoru Fəxrəddin Atayevdir.

Dirijor deyir: “Sənətimi çox sevirəm. Ona görə ardıcıl axtarışdayam. Bir sıra yaradıcı ideyalarım var, onları bu il gerçəkləşdirmək istəyirəm”.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 6.