Bakıdakı əcnəbilər Azərbaycan dilini öyrənirlər

 

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi artıq bir ilə yaxındır ki, tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə ixtisasartırma və dil kursları ilə yanaşı, dövlət dilinin təbliği istiqamətində qeyri-rezidentlər (ölkəmizdə yaşayan xarici vətəndaşlar) üçün Azərbaycan dili kursları təşkil edir.

Kurslar müxtəlif səviyyələr və pillələr üzrə - ingilis, alman, fransız, ispan, italyan, rus, türk, fars, ərəb dilində təşkil olunur. Dillər və sahələr üzrə ixtisasartırma kurslarına maraq, daha çox özünü media, rəsmi və hüquqi sənədləşmə, iqtisadiyyat, maliyyə və bədii tərcümə sahələrində büruzə verir. Qeyri-rezidentlər üçün Azərbaycan dili kurslarına qatılanların sayı artmaqdadır.

2015-ci ilin fevralından fəaliyyətə başlamış bu kurslarda birinci mərhələdə Kuba, Serbiya, İspaniya respublikalarının, Niderlandın ölkəmizdə fəaliyyət göstərən səfirləri, həmçinin digər səfirliklərin əməkdaşları iştirak ediblər. İkinci mərhələdən başlayaraq, dərslərə Avstriyanın Azərbaycandakı konsulu və səfir müavini, Braziliya səfirliyinin əməkdaşları və Bakıda yaşayan bir neçə Braziliya vətəndaşı, eləcə də Pakistan səfirliyinin hərbi attaşesi qatılıb. Azərbaycan dili kurslarına maraq göstərən qeyri-rezidentlər sırasında dərslərə ayrıca qrupla qatılan Rusiya səfirliyinin, həmçinin Hindistan, Yaponiya, Türkmənistan və Tacikistanın Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları da var.

Tərcümə Mərkəzindən bildirilib ki, hazırda Azərbaycan dili üzrə yeni qrupların təşkili ilə bağlı sənədləşmə işləri aparılır. Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə - tərcüməçinin səviyyəsindən asılı olaraq 2-6-12 aydır. Məşğələlər, dərs müddəti 1,5 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin binasında keçirilir.

Kurslara qeydiyyata düşmək üçün sənədlər elektron poçt ünvanına (idk@aztc.gov.az) göndərilə bilər. Əlavə məlumat üçün (+994 12) 595-10-69 nömrəsinə zəng etmək olar.

 

Mədəniyyət.-  2016.- 8 yanvar.- S. 3.