Kolumbiya ölkəmizlə mədəni əməkdaşlığı inkişaf etdirmək istəyir

 

Azərbaycan-Kolumbiya əlaqələrinin, xüsusilə ticarət və investisiya sahələrində əməkdaşlığın inkişafı üçün böyük potensial var. Bu fikri Kolumbiyanın ölkəmizdə səlahiyyət müddəti başa çatan müvəqqəti işlər vəkili Assad Joze Jater Pena jurnalistlərlə görüşündə deyib.

İki ölkə arasında əlaqələrin artıq 20 ildir mövcud olduğunu bildirən diplomat 2015-ci ildə əsasən təhsil və mədəniyyət sahələrində əməkdaşlığın inkişafına diqqət yetirildiyini vurğulayıb. O, gələcəkdə elmi sahədə əməkdaşlığın yüksək səviyyəyə çatdırılacağına inandığını söyləyib.

Diplomat Kolumbiyanın Azərbaycanla kənd təsərrüfatı, neft sənayesi sahələrində əməkdaşlığın inkişaf etdirilməsində də maraqlı olduğunu diqqətə çatdırıb. Həmçinin ölkələrimiz arasında turizm sahəsində əlaqələrin genişləndirilməsi üçün möhkəm bazanın olduğunu vurğulayıb.

Diplomat ölkəmizdə müvəqqəti işlər vəkili kimi çalışdığı dövrdə ona göstərilən qonaqpərvərlikdən məmnunluğunu ifadə edib.

Məlumat verilib ki, Kolumbiyanın Azərbaycandakı yeni müvəqqəti işlər vəkili xanım Marta Galindo olacaq.

 

Mədəniyyət.- 2016.- 8 yanvar.- S. 3.