Ağsu Tarix-Diyarşünaslıq
Muzeyində yeni eksponatlar
Ağsu Tarix-Diyarşünaslıq Muzeyinin fondu hər il yeni eksponatlar hesabına zənginləşir. Muzey ötən il 249 yeni eksponat əldə edib ki, bunlardan da 174-ü arxeoloji tapıntılardır. Hazırda eksponatların sayı 6448-ə çatır.
AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Ağsu-İsmayıllı ekspedisiyası tərəfindən XVIII əsr Ağsu şəhər qalıqlarında (“Xaraba şəhər”), Bəyimli kəndində, Girdiman çayının sol sahilində (“Torpaqqala”), “Bəyimli qalası” kimi tanınan ərazidə (Mehranilər sülaləsi tərəfindən əsası qoyulan Mehrəvan şəhər qalıqlarının burada olduğu güman edilir) tapılan nümunələr muzeyi xeyli zənginləşdirib. Ağsunun Nüydü qəbiristanlığında, Gəgəli kəndi ərazisində eramızdan əvvəl V əsrdən başlayaraq istifadə olunan Nərgizava antik dövr qəbiristanlığında “Miras” İctimai Birliyinin təşəbbüsü və yardımı ilə aşkarlanan və muzeyə verilən bir sıra tapıntılar da böyük əhəmiyyət daşıyır. Pul nümunələri, bəzək əşyaları, silah, məişət və təsərrüfat alətləri və sair arxeoloji eksponatlar muzeyə gələnlərə bu yerlər barədə yeni məlumatlar verir.
Muzeyin müstəqillik illərindən
sonrakı bölmələri də zəngindir. Burada müstəqil Azərbaycan dövlətinin
qurucusu, ulu öndər
Heydər Əliyevin, eləcə də Prezident
İlham Əliyevin həyat və fəaliyyətlərini,
Ağsu rayonuna səfərlərini
əks etdirən xüsusi stendlər yerləşdirilib.
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 15.