Tanış və naməlum “Baburnamə”

 

Ortaq mədəniyyəti, dinitarixi dəyərləri olan xalqların bir-birinin mədəni irsinə marağı anlaşılan və təqdirəlayiqdir. Ötən ilin son günlərində Heydər Əliyev Mərkəzində açılmış “Baburnamə” miniatür sərgisi də bu baxımdan maraqlıdır.

 

Müsəlman Şərqində intibah dövrü təkcə dünya ədəbiyyatına sanballı töhfə olacaq ədəbi nümunələr, möhtəşəm memarlıq abidələri ilə tarixdə qalmadı, həm də Şərq miniatür məktəbinin ənənələri bu günyaşayan miniatür rəssamlıq sənətinin zirvə dövrü ilə seçildi. Şərq miniatür məktəbindən söhbət düşərkən adətən Təbriz, HeratBehzad məktəblərinin və təxminən onadək rəssamın adı çəkilir. Lakin heç istisna deyil ki, adı çəkilənlər qədər şöhrət tapmayan başqa miniatür məktəbləri və onlarla rəssam, xəttat olub ki, isimləri bu günədək gəlib çatmayıb, amma yaratdıqları indiböyük muzeylərin sərvəti sayılır.

Elə Moskvadakı Rusiya Dövlət Şərq Muzeyində qorunan «Baburnamə» miniatürləri kimi. 57 miniatürdən ibarət bu kolleksiya ilk dəfədir ki, muzeydən çıxarılaraq nümayiş etdirilmək üçün başqa şəhərə aparılıb.

Böyük Moğol imperiyasının banisi olan Zəhirəddin Məhəmməd Baburun (1482-1530) qələmə aldığı «Baburnamə» türk-islam ədəbiyyatında memuar janrına aid edilən ilk əsərdir. İmperator öz həyatının, etdiyi yürüşlərin salnaməsini yaratmaqla yanaşı, Mərkəzi Asiya, Əfqanıstan və Hindistan tarixinə, mədəniyyətinə, etnoqrafiyasına dair maraqlı məlumatlara da həmin əsərində yer ayırıb. Sonralar nəvəsi Əkbər şahın AqraLahor şəhərlərindəki sənət emalatxanalarında çalışan rəssamlar və xəttatlar «Baburnamə»ni miniatür illüstrasiyalı gözəl bir raritetə çeviriblər.

Çingizxan və Teymurləngin birbaşa varislərindən olan Zəhirəddin Məhəmməd Baburun bu xatirə kitabı gələcək nəsillərə ünvanlanmış bir kitabdır. Döyüşçü səyyahın, şairböyük erudisiya sahibinin qələmə aldığı bu kitabda müəllif öz həyatını dövlətin və təbəələrinin həyatından ayırmır.

Elə bu səbəbdən də Baburun kitabının üzü dəfələrlə köçürülüb, ona bu qədər illüstrasiyalar çəkilib. «Baburnamə» ilk dəfə 1589-cu ildə cığatay dilindən fars dilinə çevrilib. Lakin Avropada ondan yalnız XIX əsrdə xəbər tutublar. Con LeydenUilyam Erskinin cığatay dilindən ingiliscəyə çevirdikləri «Baburnamə» 1826-cı ildə çap edilib.

Dünya şərqşünaslığında mühüm yeri olan bu əlyazmasının cığatay dilində ilk faksmil nəşrinin tarixi 1857-ci ilə təsadüf edir. Lakin onun rus dilinə tərcüməsi yalnız yüz ildən sonra, 1958-ci ildə gerçəkləşib. Mixail Salyenin tərcümə etdiyi «Baburnamə» iki ildən sonra Moskvadakı bütün miniatürlər ilə birlikdə nəfis şəkildə çap edilib.

Bu miniatürlərin Rusiyaya gəlib çıxması da maraqlıdır. Deyilənə görə, 1906-cı ildə məşhur mesenat Aleksey Morozov illüstrasiyalı yazılı əlyazmaları Nijni Novqorod şəhərindəki yarmarkada bir fars tacirindən alıbmış. Lakin aradakı üç yüz il ərzində bu qiymətli sənət əsərlərinin harada saxlandığı, hansı taleni yaşadığı bəlli deyil. Sadəcə, həmin nüsxə artıq «Baburnamə» miniatürlərinin Moskva kolleksiyası adlanır.

«Baburnamə» miniatürləri rənglərin şuxluğu ilə insanı heyran edir. Xınadan, zəfərandan, səndəl ağacının qabığından, qiymətli mineral olan lazuritdən alınan rənglərin boyasını aradan keçən beş əsr də soldurmayıb. Bu miniatürlər bizim sənətsevərlərin illüstrasiyalardan, kitablardan da olsa, yaxşı tanıdıqları Təbriz miniatür məktəbi şedevrlərinə çox yaxındır. Çoxfiqurlu kompozisiyalarda hərəkətsiz, statik personajlara rast gəlinmir. Döyüş səhnələrinin təsviri, məsələn, «Bişharan qalasında Baburun süvari dəstəsi ilə Tənbəlin qoşunları arasında döyüş», «Babur Səmərqəndi mühasirəyə alarkən şəhər divarları altında toqquşmalardan biri» kimi miniatürlər dinamizmi ilə diqqəti çəkir. Rəssamlar bu miniatürlər üzərində işləyərkən təkcə insanların deyil, döyüş atlarının, hadisələrin baş verdiyi məkanların da maraqlı təsvirini yaratmağa müvəffəq olublar. Saray və müşavirə səhnələrinin təsvirində interyerin görünüşünün, memarlıq ünsürlərinin dəqiq çatdırılması nəzərdən qaçırılmayıb.

Əsl sənət nümunələri, qədim və orijinal əlyazmaları, rəsmlər ilə əyani görüş həmişə maraqlıdır. Bakının müasir memarlıq incisi sayılan bir məkanda neçə nəsil əvvəlki dövrə aid orijinal rəsmləri seyr etmək insanda çeşidli hisslər doğurur. Miniatürlərə diqqət yetirdikcə təxminən 25x18 sm ölçülü kağıza sığışdırılmış hadisənin, tarixin böyüklüyünü düşünürsən. Döyüş sənəti kimi təsviri sənətdə də sözünü demiş böyük türk etnosunun bir parçası olduğunu hiss edirsən. Bu sərgiyə Heydər Əliyev Mərkəzinin böyük sərgi salonunda kifayət qədər geniş yer ayrılması da qəribə görünmür. Çünki ölçücə kiçik, yaxından baxılmalı miniatür lövhələrdə təsvir edilən böyük hadisələr, tarix yazmış insanlarla bağlı əhvalatlar insan təxəyyülündə böyüyür, möhtəşəmləşir.

“Baburnamə” sərgisi fevralın 3-dək davam edəcək.

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- 11.