Özümü tarsız təsəvvür etmirəm”

 

Çağdaş Azərbaycan musiqisində ortayaşlı istedadlı tarzənlər nəsli mövcuddur. Belə sənətkarlardan biriAltay Niftalıyevdir. Onu televiziya ekranlarından çox görürük, radiolardan çalğılarını eşidirik. Altayın musiqiçi olmasında doğulub-böyüdüyü bölgənin də önəmli rolu var. Doğulduğu kənd musiqiçilərilə nəinki bölgədə, eləcə də ölkədə məşhurdur. O, 1978-ci ildə Qobustan rayonunun Şıxzərli kəndində anadan olub. Atası yastıbalaban və qarazurna ifaçısı olub. Hazırda ailədə musiqi ənənəsi ciddi şəkildə yaşadılır, qardaşları da musiqi ilə məşğul olurlar.

Altay 1990-1995-ci illərdə rayondakı Rəşid Behbudov adına musiqi məktəbinin tar sinfində təhsil alır. Ona tarın sirlərini ilk dəfə müəllimi Zahid Baxışov öyrədib. 1999-cu ildə hərbi xidmətdən qayıtdıqdan sonra sənətini peşəkar şəkildə davam etdirmək istəyir. Əməkdar artist, tarzən Malik Mansurovdan bir il tarın sirlərini öyrənib, bacarığını təkmilləşdirib.

A.Zeynallı adına Musiqi Kollecində peşəkar təhsil almaq Altayın çoxdankı istəyi idi. 2001-ci ildə istəyinə çatır, burada gözəl tarzən Elxan Müzəffərovdan dərs alır. 2004-cü ildə kolleci bitirib Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə daxil olur, sənətin sirlərini daha dərindən mənimsəyir. Universitetdə Əməkdar artist, tarzən Vamiq Məmmədəliyevin sinfində təhsil alır. Müəllimindən çox şey öyrəndiyini həmişə sayğı ilə dilə gətirir.

Altay Xalq artisti Canəli Əkbərov başda olmaqla bir çox muğam ifaçılarını tarda dəfələrlə müşayiət edib. Xanəndələri müxtəlif dövlət tədbirlərində, qastrol səfərlərində müşayiət edir. Sənətdə özünə örnək saydığı bir çox sənətkarlar var. O deyir: “Azərbaycanda tarixən istedadlı tarzənlər olub, bu günvar. Özümə Malik Mansurovu, Vamiq Məmmədəliyevi, Möhlət Müslümovu, Elçin Həşimovu, Əliağa Sədiyevi örnək sayıram. Hər zaman onların ifalarını dinləyir, öyrənirəm. Öyrəndikcə təkmilləşirəm, sənətimə vurğunluğum artır. Özümü tarsız təsəvvür etmirəm”.

İndi Altay özü də müəllimliklə məşğul olur, Bakı Mədəni-Maarif Kollecində gənclərə tar sənətinin incəliklərini aşılayır. Bir neçə ümidverici tələbəsinin olduğunu bildirir.

Hər tarzənin kamança müşayiətçisi olur. Onun da kamançaçı Araz Ağaverdiyevlə sənət dostluğu 15 ilə yaxındır davam edir. Bu əməkdaşlıq nəticəsində 2007-ci ildə “Qəhrəmanlar” adlı disk işıq üzü görüb. Bir müddət bundan əvvəl isə “Arşın mal alan” adlı instrumental kompozisiyanı diskə yazdırıblar.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 11.