“Koroğlu”
operası türk dünyası sənətçilərinin
təqdimatında
TÜRKSOY-un layihəsi ilə səhnələşdirilən Üzeyir bəyin ölməz əsəri Mersin Opera və Balet Teatrında göstərilib
Xəbər
verdiyimiz kimi, ölkəmizin
Türkiyədəki səfirliyinin, TÜRKSOY-un,
Türkiyə Mədəniyyət və Turizm
Nazirliyi Dövlət Opera
və Balet Teatrları Baş
İdarəsinin birgə təşkilatçılığı
ilə yanvarın 9-da Mersin Dövlət Opera və Balet
Teatrında dahi Azərbaycan bəstəkarı
Üzeyir Hacıbəylinin “Koroğlu”
operasının premyerası keçirilib.
Premyeraya Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Mersin vilayətinin valisi Özdəmir Çakacak, Mersin Böyükşəhər Bələdiyyəsinin sədri Burhanettin Kocamaz, tanınmış mədəniyyət və incəsənət xadimləri, sənətsevərlər qatılıblar.
Tamaşadan əvvəl səfir Faiq Bağırov və Türkiyə Dövlət Opera və Balet Teatrları Baş İdarəsinin müdiri Selman Ada Üzeyir Hacıbəylinin 130 illik yubileyi münasibətilə “Koroğlu” operasının Mersin Dövlət Opera və Balet Teatrında səhnəyə qoyulmasının əhəmiyyətindən danışıblar.
“Koroğlu” operasının Azərbaycanın musiqi mədəniyyətində yerindən söhbət açan F.Bağırov bu ölməz əsərin, eyni zamanda bütün türk dünyasını birləşdirən dəyərlərimizdən biri olduğunu vurğulayıb. Qeyd edib ki, səfirliyin təşəbbüsü ilə 2015-2016-cı sənət mövsümündə Mersin Dövlət Opera və Balet Teatrının repertuarına salınan “Koroğlu” operası TÜRKSOY tərəfindən bütün türk dünyasının ortaq layihəsinə çevrilib. Bu da müştərək türk tarixi və ədəbiyyatında mövcud olan “Koroğlu” dastanının birləşdirici rolu ilə üst-üstə düşməkdədir.
Rəsmi hissədən sonra tamaşa təqdim olunub. Azərbaycanlı rejissor, professor, Əməkdar incəsənət xadimi Əflatun Nemətzadə tərəfindən yüksək peşəkarlıqla səhnələşdirilən opera tamaşaçılarda xoş təəssürat yaradıb və alqışlarla qarşılanıb.
Premyerada orkestri tanınmış italyan dirijor Lorenzo Coladonato idarə edib.
Koroğlu rolunu Qırğız Milli Akademik Opera və Balet Teatrının
sənətçisi Sadırbek
Jumaşov, Nigar rolunu isə Astana Opera və Balet Teatrından
Jupar Gabdullina ifa edib.
Sonda səfirlik adından layihənin tərəfdaş
qurumları olan
TÜRKSOY və Türkiyənin
Dövlət Opera və
Balet Teatrları Baş İdarəsinin rəhbərlərinə, eləcə
də tamaşanın
ərsəyə gəlməsində
əməyi olan digər şəxslərə
plaketlər təqdim edilib.
Opera növbəti dəfə
12 yanvarda Mersin tamaşaçılarına
təqdim edilib. Teatrda tamaşanın
daha bir nümayişi yanvarın
15-də olacaq.
Qeyd edək
ki, TÜRKSOY-un təşkilatçılığı,
professor Əflatun Nemətzadənin
quruluşunda beynəlxalq
layihə kimi səhnələşdirilən “Koroğlu” operası türk dünyası sənətçilərinin birgə
səyləri ilə ərsəyə gəlib.
Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 8.