Zaman səni dana
bilməz
Zaman bu kəsiri bitirməliydi,
Vaqifi bu günə gətirməliydi,
Sazla şeirimizi
öpüşdürməyə
Bir şair Zəlimxan yetirməliydi.
Xəlil Rza
Ulutürk
Zəlimxan
Yaqub! Bu imza bu gün təkcə Azərbaycanda
deyil, türkün ruhu dolaşan hər yerdə sevilir. Ona bu sevgini möhtəşəm poeziyası ilə
yanaşı, bənzərsiz nitq qabiliyyəti, fenomenal
yaddaşı qazandırmışdı. “Zəlimxan
yeganə şairdir ki, Azərbaycanda heç bir təbliğata
ehtiyacı yoxdur”, - deyən istiqlal şairimiz X.R.Ulutürk onu
“poeziya hökmdarı” adlandırmışdı: “Mən Zəlimxanı
şeirimizin, poeziyamızın başucalığı hesab
edirəm”.
Bəs
onu, unudulmaz şairimizin dediyi kimi, “poeziya hökmdarı”na çevirən nədir, onu zirvələrə
aparan yol hardan başlanır? Bu şöhrətin
mayasında, kökündə nə durur? Bu suallara cavab
kimi, akademik İsa Həbibbəylinin fikirlərini
bölüşmək istəyirəm: “Zəlimxan Yaqub Azərbaycan
mühiti və şeiri üçün gərəkli
olduğu bəlli olan Borçalı mühiti ənənələrini
Kürün o tayından, bir regiondan - bölgədən
ümumvətən mühiti səviyyəsinə
çıxarmağı və yaşatmağı
bacarmışdır”.
Bəli, ötən əsrin 60-cı illərinin sonunda
Borçalıdan başlanan yol onu böyük türk
dünyasına çıxardı. Millət vəkili, AMEA-nın
müxbir üzvü, professor Nizami Cəfərovun
fikirləri bu baxımdan səciyyəvidir: “Azərbaycan
poeziyasının geniş səmasında bir ildırım
çaxdı, bir Günəş parladı... Gur səsi, ətrafı
bir anda nura qərq edən poetik enerjisi ilə şeiri
geniş meydanlara, böyük auditoriyalara
çıxardı... Və öz içinə
qapılmış, fərdi hisslərin məhbusuna
çevrilməkdə olan ədəbiyyatı dar sinələrin
məhbəsindən qurtararaq minlərin, milyonların mənəvi
istifadəsinə verdi. Zəlimxan Yaqub Azərbaycanın,
ümumən türk dünyasının dünyaya bəxş
etdiyi o böyük şairlərdəndir ki, onun
yaradıcılığının cövhərində,
mayasında ilahi istedadın enerjisi, Tanrıdan gələn
güc, qüdrət var, əgər belə olmasaydı o, Zəlimxan
Yaqub olmazdı!..”
O, çətin,
məsuliyyətli, şərəfli bir yola
çıxdığını yaxşı bilir, öz
gücünə və işinə güvənir, “yalnız
özümə güvənəndə bərəkət
oluram, dözüm oluram” deyir və atasına söz verirdi ki,
bu yolda inamla addımlayacaq, onun üzünü ağardacaq:
Necə
saçlarını ağartmışamsa,
Elə də
üzünü ağardacağam!
və
elə həmin qətiyyətlə də deyirdi:
Yaşamaq
istəyirəm, yüz il mənə bəs
deyil,
Çünki mənim həvəsim ötərgi həvəs
deyil.
Sonradan zaman göstərdi ki, doğrudan da, Z.Yaqubun ədəbiyyata
gəlişi sadəcə ötəri gənclik həvəsi
olmayıb. O
deyirdi ki, “ucalmaq eşqinə hamı düşsə də,
ucalmaq hamıya qismət olmayır”. Əməli
xalqına yaraşıq olanlar, insanın, torpağın,
havanın, suyun dərin qatlarına enməyi bacaranlar
ucalır, hər kəsi özünün imzası
yaşadır. Çünki yaxşı bilirdi ki:
Şöhrət
qapısını döyən kəslərin,
Gecikməz, qisməti vaxtına düşər.
Hər əsrin
əlçatmaz bir zirvəsi var,
O da bir
şairin bəxtinə düşər.
Şair bu şeiri 1973-cü ildə - 23 yaşında
yazıb. Nəğmə
kimi oxunan, xalı kimi toxunan, həm nəğmədə, həm
xalıda keçən günlərinin çoxu nur olan
şair əlli yaşında isə belə yazırdı:
Mənim
ömrüm birlə yüzün arası,
Bütövündən qalıb ancaq parası.
Əlli
keçib, altmış hələ qabaqda,
Gətirmədim
heç kəsə üz qarası!
“Qaş-qabağı
qara bulud”, qapısı kilid görməyən, qəlbi
zülmətdən uzaq olan, bəndəlikdən Haqqa doğru
yol gedən, “kimə bəxt, kimə qismət, yazı” olan, həyatını
Vətəninə, xalqına, millətə xidmətə həsr
edən və bundan mənəvi zövq alan
şair təkcə özü üçün
yaşamadığına görə şükür edirdi:
Ömür
yolu öz məsləkim, öz andım,
El dərdini sözə tutan ozandım.
Rahat
ölmək xoşbəxtliyi qazandım,
Özüm üçün yaşamadım, çox
şükür.
Z.Yaqubun, sözü ən müqəddəs halallıq
bilən qələmi nə sükut bilib, nə lallıq,
şirəsini dağdan, qayadan çəkib, kimsənin
haqqını danan olmayıb. Borçalıdan qanadlanan şeir-sənət
yolu səsli-küylü gündüzlərdən, sakit gecələrdən,
zildən, bəmdən, sevincdən, qəmdən,
alnının tərindən keçib, güvəndiyi zəhmət
yolu onu yarı yolda qoymayıb:
Özbaşına
ələnmir ki, başıma,
Göydən enir, yerdən çıxır sözlərim.
Gecə-gündüz
əlimdəki qabardan,
Alnımdakı tərdən çıxır sözlərim.
“Dünyaya
birgünlük gəlməmişəm mən”, - deyən
şair yaxşı insanların qayğısını
görüb, bir dərdi olanda həmdərd tapıb, onu “qala
kimi qoruyan” yaxşı dostların əhatəsində olub,
heç zaman yalqız qalmayıb, daim elin sevgisindən güc
alıb:
Elin qəlbi
bir dünyadır, bir cahan,
Şair üçün cahan sirdi, sirr-cahan.
El sevgisi
qoymadı ki, bircə an,
Yalqız qalım, yasa batım, yaslanım.
Professor Qəzənfər
Paşayev Z.Yaqubu poeziyamıza qaynar təbi, ənənəyə,
ədəbi meyarlara yüksək bağlılığı və
öz taleyi, bənzərsiz dəst-xətti ilə gələn
şair kimi xarakterizə edirdi: “O, xalq ruhu ilə
qaynayıb-qarışan, xalqın içində olan, xalq tərəfindən
sevilən, poeziyası ilə xalqın qəlbini dilləndirən
sənətkardır. Yaranışdan şair
ömrü yaşayıb, yaza-yaza dünyanı, ən
çox da türk dünyasını, el-obanı gəzib, gəzə-gəzə
yazıb-yaradıb”.
Z.Yaqub ömür adlı bir yükü çiyinlərinə
alıb, dən-dən olub dünyanın ələyindən
keçib, Haqqın verdiyi haqqı-saya gəlmişdi. O, bir ovuc torpağın, bir
qurtum suyun, bir əsim küləyin, bir əlçim buludun,
bir udum mehin, bir çaxım şimşəyin,
sünbülün, bir şirin diləyin yetirməsi idi.
Nazını bərəkətli tarlalar, zəmilər, al-əlvan
çiçəkli çəmənlər çəkib,
bulaqlar könlünə süzülüb, ocaqlar
közündən od vermişdi ona. Ruhu halal mayadan, mayası nurdan, ziyadan yoğurulan,
Haqqın yaraşığı olan sözə tapınan
Z.Yaqub İlahi səsdən, ələmdən, yasdan, Haqq
adlı dostdan gəlmişdi. Gül kimi açılaraq
gülüstan olub, “mənəm Haqqın
aşığı” deyərək sinəsində
türkün sazı, dilində dastan Füzulidən
süzülüb, Yunusdan gəlmişdi...
Qəlbin xəstəliyi adlandırdığı qərəzi
heç zaman yaxına buraxmazdı, bir çiçəyi
vaxtsız solan görəndə xəzana dönərdi. Tale onu söz
üstə kökləyib, qələmdən pay verərək
yazı yazanlara qarışdırmışdı. Bir kök üstə şaxələnib min budaq
olmuşdu. Qeybətdən, dedi-qodudan uzaq idi:
Otuz il əlimdə qələm işlədi,
Varağa bir kəlmə qeybət düşmədi.
Əsdi mən
tərəfdən sevda yelləri,
Heç kəsin payına nifrət düşmədi.
“Yerdə
mənəm, göydə mən, sonsuz kainatdayam”, - deyən
şair onu duya bilməyənlərə, “Zəlimxan Yaqub
hardadır?” - soruşanlara çox
aydın cavab verirdi ki, “ey əsli olmayan kəs, duya bilməzsən
məni”, mən soyda, kökdə, əsildə, zatdayam, Adəmdən,
Nuhdan gələn yolların yolçusuyam, Haqqa
çataçatdayam, “məndə məni görməyə səndə
bir mənlik gərək”. Belələrinə həm də
deyirdi ki:
Sən
şeytan yoluyla qazandığını,
Mən Allah yoluyla çoxdan almışam.
Boynumda
heç kəsin minnəti yoxdur,
Mənə nə verilib, Haqdan almışam.
Şairlik Allah vergisi, fitri istedad olmaqla yanaşı, həm
də böyük zəhmət, yuxusuz gecələr deməkdir,
təbiəti və insanları duymaq və sevməkdir, daim
xalqın içində olmaq, onun dərdinə-sərinə
qalmaq, sevincinə şərik olmaqdır. Z.Yaqubun da yolu xalq,
insanlıq yolu idi... “Mən hardan bilərdim şairlik nədir?”
şeirində deyir ki, torpaqdan, toxumdan, dəndən, Qurandan,
dindən, dərdlinin göylərə səs salan
ünündən, qopuzdan, Qorquddan gəlməsəydim, ana təbiətin
yaratdıqları qəlbimi riqqətə gətirməsəydi,
göylərdən süzülən
pıçıltıları könül duymasaydı, mən
hardan bilərdim şairlik nədir...
Professor
Nizaməddin Şəmsizadə şairi “inadkar yolçu”
hesab edirdi: “Şairlik Tanrıya qovuşmağa ən
böyük cəhd, poeziya həmin cəhdi reallaşdıran
vasitə, bu vəhdətə aparan yoldur. Zəlimxan
bu yolun inadkar yolçusudur. Həmin yolu o,
güclü istedadının işığında gedir”.
“Şair qələmiylə işin olmasın” şeirində
şeir-sənət qədri bilməyənlərə,
poeziyanı duymayanlara üz tutaraq deyirdi ki, “qələmin
dünyası ocaqdı, pirdi”, mənim qələmim
ustadların yoludur, ocağın, pirin yolunda can verib, şərin
qarşısını kəsən hasara çevrilib. Bu qələm
göydə mələkdi, yerdə pəridi, Koroğlu dəlisidi,
dərvişdi, ozandı, zülmətlərə işıq
saçandı. Dərviş Yunusdan dərs alıb ərənlər
sözüylə vüsala çatan bu qələm “hər
ulu kişiyə bir əsər yazıb”. Şair
sözünə biganə olanları, ona şübhə edənləri
Haqqın qəzəbindən qorxmağa
çağırırdı. “Dünyaya gərəyəm”
şeirində şair “gərəksiz, Allahın xoşuna gəlməz”
inamını insanlarla bölüşürdü:
Yerin ləngəriyəm,
göyün qatıyam,
Bir layla, bir qoşma, bir bayatıyam.
Duyan
könüllərin havacatıyam,
Söz kimi gərəyəm mən bu dünyaya.
“Mən
bu dünyaya niyə gəldim, faydalı bir iş görə
bildimmi, savabımmı çox oldu, günahımmı?” - deyə özü-özünə sual edən
Z.Yaqub 1977-ci ildə yazdığı şeirlərindən
birində deyir ki, “elə arxalansa şair ilhamı, onu
şimşəklər də yenəsi deyil”. Söz
adamının qismətinə yazılan tale ilə
barışırdı:
Şair
olan öz ömrünü yaşamır,
Dərdin-qəmin bol ömrünü yaşayır.
Yolçuların
yoldaşına çevrilir,
Cığır açır, yol ömrünü
yaşayır.
Yazırdı ki, heç nə onun
qarşısını kəsə bilməyib, çünki
sözü ötkəm, inamı qəti olub. Elə buna görə də
inamla deyirdi:
Məni
qorxutmadı heç vaxt, heç zaman
Birinci olmağın məsuliyyəti.
Bəli, birinci olmağın məsuliyyəti onu
heç zaman qorxutmadı, öz gücünə, zəhmətinə
və istedadına arxalanaraq şöhrətin zirvəsinə
aparan yolda inamla addımladı. “Üzü qaralmasa ağ
varaqların, şairin həyatda üzü ağ olmaz”, - deyərək,
qələm adamı kimi bir həqiqəti unutmadı: “Yazanlar
qaldı yaddaşda, yatanlar şair olmadı”. Haqq əmək
isə heç zaman yerdə qalmır:
Kitab
çəmənindən gül dərə-dərə,
Kitablara döndü alnımın təri.
Bu gün
də qaldırır məni göylərə,
Müəllim atamın öyrətdikləri.
Şairin
yolunu bərəkət yolu hesab edib “dən-dən
könüllərə səpələnən”, bir dağa
söykənib “neçə min il yaşamağa heyi var mənim
ömrümün”,- deyən, sərvəti “söz adlı zəmi”
olan Z.Yaqub “haçansa bir insan gələr, əldə
çıraq gəzər məni” pıçıldayır və
haqlı olaraq əbədiyaşarlıq qazandığına
inanırdı:
Daha gecdi,
könüllərdə kitabım var,
Qat-qat olan qayaların qaşı qədər.
Daha gecdi,
zaman məni dana bilməz,
Yaşamışam bu dünyanın yaşı qədər.
Ötən
əsrdən 50 il alan görkəmli
şairə Tanrı bu yüzillikdə 16-ca il ömür
bağışladı. Ancaq Tanrının Zəlimxan Yaquba bəxş
elədiyi əsl ömür rəqəmlərlə ifadə
olunmaz... Allah rəhmət eləsin.
Musa Nəbioğlu
Əməkdar mədəniyyət
işçisi
Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 7.