Yeni ilin ilk debütü
Görkəmli Azərbaycan
bəstəkarı Fikrət Əmirovun “Sevil”
operası ilk dəfə tamaşaya
qoyulandan bəri bizim ən
görkəmli soprano və tenor səsli vokalçılarımız Sevil və Balaş
partiyalarını ifa etmək arzusunda olublar. Azərbaycan
tamaşaçısı bu partiyaları
Rəşid Behbudovun, Firəngiz Əhmədovanın,
Lütfiyar İmanovun,
Fidan və Xuraman
Qasımovaların ifasında sevib. Əsər
artıq neçə ildir ki,
tam yeni quruluşda operasevərlərə təqdim edilir.
Yanvarın 10-da oynanılmış tamaşa isə həm də bu operada iki cavan və kifayət qədər tanınan vokalçının - əməkdar artistlər İlahə Əfəndiyeva ilə Fərid Əliyevin debütü ilə əlamətdar idi.
İlk müsahibimiz Əməkdar artist İlahə Əfəndiyeva oldu.
- İlahə xanım, Sevil partiyası Bakı Musiqi Akademiyasında sopranolar üçün tədris planına daxildir. Ona görə də sizdən bu partiyanı necə öyrəndiyinizi soruşmuram. Amma obraz üzərində necə işlədiyinizi bilmək maraqlı olardı.
- Haqlısınız. Həqiqətən də, Sevilin mahnısını da, ariyasını əvvəldən bilirdim. Lakin rol üzərində indiyədək işləməmişdim. Nigardan sonra Sevil mənim milli operamızda ifa etdiyim ikinci böyük partiyadır. Məncə, bu obrazı sevmək, onun hisslərini, laylasındakı məlahəti çatdırmaq üçün ifaçıda ilk növbədə milli ruh olmalıdır.
- Deməli, sizin üçün Sevil obrazını hazırlamaq çətin olmadı?
- Bilirsiniz, mən Sevildən əvvəl Toskanı hazırlamışdım deyə, Sevil obrazı üzərində vokal texnikası baxımından işim çox rahat getdi. Teatr mövsümü başlayandan baş rejissorumuz Hafiz Quliyevlə birlikdə rol üzərində işlədim, sonra da tamaşaya daxil oldum.
- İndiyədək «Sevil» tamaşasında heç olmasa, kütləvi səhnədə də olsa, səhnəyə çıxmışdınız?
- Xeyr. Bu operada
mənim səsimə
uyğun yeganə rol Sevil partiyasıdır.
Teatrda on
ildən artıq çalışsam da, bu obrazda səhnəyə
çıxmaq mənə
indi nəsib oldu və buna
görə çox sevinirəm.
- İlahə xanım,
Sevilin oğlunu oynayan balaca kimdir? Sizə yaman bənzəyir.
- Bacım oğlu Toğruldur. «Sevil»
tamaşası onun da səhnədə ilk çıxışı idi.
* * *
Növbəti müsahibimiz isə səhnənin yeni Balaşı - Əməkdar
artist Fərid Əliyevdir.
- Fərid, sizi də təbrik edirik. Yəqin ki, sizin də Balaşın partiyasını ifa etmək kimi bir arzunuz olub.
- Çox sağ
olun. Azərbaycanda çox ifaçı Balaşın məşhur
ariyasını az qala əzbər
bilir. Mənə bu partiyanı
oxumaq çoxdan təklif edilsə də, başqa partiyaları hazırladığım
üçün bir qədər təxirə salmalı olduq. Mən bütün partiyaları öz vokal müəllimim,
Əməkdar artist, Musiqi
Akademiyasının professoru
Hüseyn Əliyevlə
hazırlayıram. Bu dəfə də Hüseyn müəllim ilə birgə çalışdıq. Tamaşa günü
müəllimim də
salonda idi. O mənim ifamdan razı qalıbsa, deməli, nəsə bacarmışam. Ümumiyyətlə, opera səhnəsində vokalçı səhnəyə
çıxanadək konsertmeysterlər,
rejissor onunla birlikdə böyük zəhmət çəkirlər.
Mən bu gün onların
hamısına, mənimlə
birlikdə Balaş üzərində əziyyəti
olan hər kəsə minnətdarlığımı
bildirirəm.
- Bildiyim qədər, siz teatrda kifayət
qədər məşğulsunuz.
Bu yaxınlarda sizi daha hansı
tamaşada görəcəyik?
- Teatrın repertuarındakı
Avropa bəstəkarlarının
əsərlərinin əksəriyyətində
məşğulam. Hazırda Pyotr
Çaykovskinin «Qaratoxmaq
qadın» operasında
Germanın partiyası
üzərində işləyirəm.
* * *
Opera sənətini sevənlər
yaxşı bilir. Bu gün
dünyada yeni operalar çox az yazılır,
tamaşaların quruluşlarında
dəyişiklik nadir hallarda
baş verir. Operaya yeni, ya da
indiyədək eşitmədiyin
ifaçıları dinləmək
üçün gedirlər.
Əməkdar artistlər İlahə
Əfəndiyeva və
Fərid Əliyevin
ilk dəfə iştirakı
ilə keçən
«Sevil» operası artıq teatrın repertuarına daxil oldu. Ümid edirik ki, daha neçə vokalçı «Sevil» operası ilə musiqisevərlərin rəğbətini
qazanacaq.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 6.