Xalq şairi son mənzilə
yola salındı
Daima coşub-daşan
təbə, qeyri-adi yaddaşa malik olan Xalq şairi
Zəlimxan Yaqub haqq dünyasına qovuşdu. Ömrünün
son günlərində uzun
sürən ağır
xəstəlik onun simasını soldurmuş,
qəddini əyməyə
çalışırdı. Xəstəliklə mübarizə
aparan şair hələ yaşamaq, yaratmaq həvəsində
idi. Amma ömür vəfa
etmədi. Ömrünün
son günlərində tufandan
çıxmış sakit
bir dənizi xatırladan şairə əcəl bir neçə gün də vəfa etsə idi, yanvarın 21-də 66 yaşını
qeyd edəcəkdi.
Qorxum yoxdu ayrılıqdan, ölümdən,
Bu dünyanın hər üzünü görmüşəm
- deyən Zəlimxan
Yaqub yanvarın 9-da dünyasını dəyişdi.
Yanvarın 11-də Təzəpir məscidində
Xalq şairi ilə vida mərasimi
keçirildi. Mərasimdə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev, dövlət və hökumət nümayəndələri, Milli
Məclisin deputatları,
ictimaiyyət nümayəndələri,
mədəniyyət xadimləri
iştirak edirdi.
Vida mərasimində əvvəlcə
Qurani-Kərimdən ayələr
oxundu. Dövlətimizin
başçısı mərhumun
ailə üzvlərinə
başsağlığı verdi. Zəlimxan Yaqubun
ailə üzvləri
mərhumun xatirəsinə
göstərilən ehtirama
görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonra Zəlimxan
Yaqubun cənazəsi
son mənzilə yola salındı. Xalq şairi birinci
Fəxri xiyabanda torpağa tapşırıldı.
Yaxından-uzaqdan gələn insanlar, ictimaiyyət nümayəndələri
şairlə vidalaşmaq
üçün ardı-arası
kəsilmədən Fəxri
xiyabana axışırdılar. Zəlimxan Yaqubun
qələm dostları,
poeziya sevərlər,
tanınmış elm və
mədəniyyət xadimləri
Fəxri xiyabana gələrək görkəmli
şairə və gözəl insana son borclarını verirdilər.
Mərasim iştirakçıları bu
ağır itkinin doğurduğu kədəri
media təmsilçiləri ilə bölüşdülər.
Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov şairin xatirəsinin ürəklərdə daim
yaşayacağını bildirərək
dedi: “Zəlimxan Yaqub Azərbaycan poeziyasının çox
böyük simalarından
biri idi. Sözsüz
ki, onun əsərləri gələcək
nəsillər üçün
də örnək olacaq. O, iki çağırış Milli
Məclisin deputatı
olub. Deputat kimi də, həqiqətən, ibrətamiz
fəaliyyət göstərib.
Hərtərəfli insan olan Zəlimxan Yaqub həm söz, saz ustadı, həm də tanınmış ictimai xadim idi”.
Azərbaycan Ağsaqqallar Şurasının
sədri, Milli Məclisin deputatı Fəttah Heydərov Zəlimxan Yaqubun insanlara və insanların ona olan sevgisindən söz açdı: “Onun yaradıcılığı
dağ çayları
qədər iti, qaynar bulaqlar qədər təmiz və saf idi.
Onun parlaq çıxışları
cəmiyyətin saflaşmasına,
müstəqilliyimizin qorunmasına
yönəlmişdi. Zəlimxan Yaqub
dahi şəxsiyyət
Heydər Əliyevə
həsr etdiyi poemada ulu öndərinin
böyük xidmətlərini
özünün yaradıcılıq
məharəti, ürəyinin
istisi ilə vəsf etmişdi. Amansız ölüm Zəlimxan Yaqubu aramızdan aparsa da, onun
xatirəsi həmişə
qəlblərdə yaşayacaq,
şeirləri dillərdə
gəzəcək”.
Akademik,
Milli Məclisin Mədəniyyət komitəsinin
sədri Rafael Hüseynov:
“Zəlimxan Yaqub Tanrının fitri şairlik istedadı bəxş etdiyi nadir söz ustalarından idi. Amma millətin yaddaşında,
ədəbiyyat aləmində
həmişəlik qalmaq
üçün yalnız
böyük söz qabiliyyətinə malik olmaq azdır. Zəlimxan Yaqub Vətənini, xalqını
sevirdi. Dövlətinə sadiq insan idi və bütün
bunları yaradıcılığında
əks etdirirdi. Şair ölümün yaxınlaşdığını
duyur, ömrünün
bu son parçasında
xəstəliklə çarpışırdı.
Xəstəliklə mübarizə
edən, can ağrıları
yaşayan bir insan bəlkə də yaradıcılıq
haqqında az
düşünərdi. Amma Zəlimxan
Yaqub sözün, millətinin və ölkəsinin qarşısında
tarixi məsuliyyətini
hiss edirdi və son anadək əlindən qələm düşmədi.
Onun yurd, xalq sevgisindən
yoğurulmuş şeirləri
Azərbaycan insanı
ilə həmişə
bir yerdə olacaq”.
Əməkdar incəsənət xadimi,
ustad aşıq Ədalət Nəsibov:
“Bu gün Azərbaycan
xalqı böyük şair və ictimai xadimlərindən biri ilə vidalaşır.
Zəlimxan Yaqub yaradıcılığının
son dövrlərində ölümlə
bağlı şeirlər
yazsa da, həyatsevər insan idi. Bütün ömrünü aşıq sənətinin
təbliğinə həsr
edib, Azərbaycan Aşıqlar Birliyinin sədri kimi gördüyü işlər
hamının yadındadır.
Biz bu gün
xalqımızın böyük
bir şairini, söz ustasını itirdik. Bu, çox
böyük itkidir”.
İran
Aşıqlar Birliyinin
sədri Səlcuq Şahbazi cənublu aşıq və şairlərin də bu itkini böyük
həyəcanla qarşıladıqlarını
bildirdi: “Zəlimxan Yaqubun ölümü türk dünyası, hamımız üçün
böyük itkidir. Onun dünyasını dəyişdiyini
eşidib dəfn mərasimində iştirak
etmək üçün
Bakıya gəldim.
Zəlimxan Yaqubun Təbrizdə, Səlmasda,
Ərdəbildə keçirdiyi
görüşləri necə
unuda bilərik? O, böyük şair, sinədəftər ozan, ürəyi söz məbədi olan yaradıcı insan idi”.
Xalq artisti Canəli Əkbərov: “Söz mədəniyyətimizin parlaq
ulduzlarından birini, böyük ziyalımızı,
söz sərrafını
itirdik. Zəlimxan Yaqub xalqın
dəyərli oğlu,
xalqımızın sevimli
şairi, qüdrətli
qələm sahibi idi. Çox iti yaradıcı
fəhmi vardı.
Mən ikinci şair tanımıram ki, Zəlimxan Yaqub qədər hafizəli olsun. Onun çox zəngin söz dünyasından hər birimizə pay düşür”.
Mərhumun ailəsi adından
oğlu Bəhlul Yaqubov atasının xatirəsinə göstərilən
hörmət və ehtirama görə minnətdarlıq edərək
dedi: “Dövlətimizin
başçısı İlham
Əliyevə və vida mərasiminə toplaşan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Bu gün
Zəlimxan Yaqubun övladı kimi ürəyim fəxarət
hissi ilə döyünür. Zəlimxan Yaqub
cismən bizdən ayrılıb, mənən
həmişə bizimlə
olacaq. İnanıram ki, qədirbilən,
sözə, şeirə
qiymət verməyi bacaran xalqımız onu həmişə qəlbində yaşadacaq”.
F.Hüseynov
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 4.