“Rənglərin poeziyası”

 

Qafar Sarıvəllinin yubiley sərgisi açılıb

 

Yanvarın 12-də Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda tanınmış rəssam Qafar Sarıvəllinin anadan olmasının 60 illik yubileyinə həsr olunmuş “Rənglərin poeziyası” adlı fərdi sərgi açılıb.

 

Tədbiri Rəssamlar İttifaqının katibi, Xalq rəssamı Ağaəli İbrahimov açıb. O, rəssamın yaradıcılıq özünəməxsusluğundan, əsərlərinin bədii məziyyətlərindən danışıb. Qeyd edilib ki, sərgidə rəssamın rəngkarlıq, qrafikaplakat janrında əsərləri nümayiş olunur.

Millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov, Xalq şairi Nəriman Həsənzadə, Əməkdar incəsənət xadimi Ziyadxan Əliyev, Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, şair Zaməddin Ziyadoğlu rəssamın yaradıcılığı haqqında düşüncələrini bölüşüblər.

Vurğulanıb ki, rəssamın əsərləri respublikamızda və müxtəlif ölkələrdə sərgilərdə nümayiş etdirilib. O, onlarla kitaba illüstrasiyalar çəkib, əsərləri muzeylərdə, qalereyalarda və şəxsi kolleksiyalarda saxlanılır.

               

Yubilyara Azərbaycan Rəssamlar İttifaqının diplomu təqdim olunub.

Qafar Sarıvəlli bu sərginin tamaşaçılarla 8-ci görüşü olduğunu bildirib. O, sərginin təşkilində zəhməti olanlara və iştirakçılara minnətdarlığını ifadə edib.

Sonra iştirakçılar sərgi ilə tanış olublar. Sərgidə rəssamın ayrı-ayrı mövzularda çəkdiyi 60 əsəri yer alıb. Onların içərisində “Meşə”, “Toğana çayı”, “Qızıl payız”, “Yollar ayrıcı”, “Yurda bağlı ömür”, “Aktrisa”, “Çay kənarı” əsərləri xüsusilə diqqəti çəkir.

Sərgi bir həftə davam edəcək.

 

Soltan

 

Mədəniyyət.- 2016.- 13 yanvar.- S. 2.