2016-cı ildə
qeyri-neft sektorunun inkişafı prioritet olacaq
“Turizm sektorunun
inkişafı üçün
yerli və xarici sərmayəni cəlb etməliyik.
Bu sahə üçün
bütün məqbul
zonalarda turizmi geniş inkişaf etdirilməlidir”
Yanvarın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunan iclası keçirilib.
İclası açan Prezident İlham Əliyev 2015-ci ildə dünyada və regionda iqtisadi, siyasi və hərbi böhranın daha da dərinləşdiyini,
qanlı toqquşmaların
davam etdiyini bildirib. Dövlət başçısı Yaxın Şərqdə gedən qanlı toqquşmalar nəticəsində
yüz minlərlə
insanın həlak olduğunu, milyonlarla insanın qaçqın və köçkün vəziyyətinə düşdüyünü
diqqətə çatdırıb.
Vaxtilə ölkəmizin də
bu problemlə üzləşdiyini, lakin
daxili resurslar hesabına vəziyyətdən
çıxdığını, qaçqınların həyat
şəraitinin yaxşılaşdırılması
ilə bağlı mühüm tədbirlərin
görüldüyünü bildirib. Hazırda qaçqınların üz tutduğu Avropada radikal qüvvələrin, islamofobiya
meyllərinin güclənməsinin
müşahidə olunduğunu
deyən Prezident dünyada yaşanan sivilizasiyalararası anlaşılmazlığın
Azərbaycanı da narahat etdiyini, ölkəmizin bu təhlükəli meyllərin
müsbət məcraya
yönəldilməsi üçün
səylərini artıracağını
vurğulayıb.
Keçən il Türkiyə-Rusiya münasibətlərinin
kəskinləşdiyini, hər
iki ölkənin Azərbaycanla yaxın qonşu olduğunu və vəziyyətin arzuedilən olmadığını
deyən dövlət
başçısı son vaxtlar
İran və Səudiyyə Ərəbistanı
arasındakı münasibətlərin
də ölkəmizi narahat etdiyini, bu vəziyyətin müsəlman aləmində
baş verən hadisələrə təsir
göstərdiyini bildirib.
2015-ci ilin ölkəmizlə bağlı yekunlarından
söz açan Prezident ötən il Azərbaycanda
uğurlu inkişafın
davam etdiyini, qarşıda duran vəzifələrin icra olunduğunu deyib. Diqqətə çatdırılıb
ki, keçən il Azərbaycan
Prezidenti 20 ölkəyə,
15 ölkənin dövlət
və hökumət başçısı isə
Azərbaycana səfərlər
edib. “Azərbaycan bundan sonra da
regionda sabitləşdirici
rol oynayacaq, risklərin azalmasına çalışacaq”, - deyən
dövlət başçısı
ötən il
Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin
nizamlanması ilə bağlı heç bir irəliləyişin olmadığını, prezidentlərin
son görüşünün də formal xarakter daşıdığını qeyd edib.
Azərbaycanın mövqeyinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının
qətnamələrinə əsaslandığını
deyən Prezident İlham Əliyev 2015-ci ildə təmas xəttində ordumuzun üstünlüyə yiyələnərək
öz iradəsini diktə etdiyini, ölkəmizin bundan sonra da döyüş
potensialını gücləndirəcəyini
vurğulayıb.
2015-ci ildə neftin
qiymətinin düşməsinin
və manatın devalvasiyaya uğramasının
Azərbaycanda iqtisadi proseslərə də təsir etdiyini deyən dövlət başçısı bunun
səbəbinin kənarda
yarandığını, neftin
qiymətinin azalmasının
iqtisadi yox, siyasi amillərlə bağlı olduğunu bildirib.
Buna rəğmən il
ərzində bütün
sosial proqramlar, o cümlədən sosial infrastruktur layihələri
icra olunub, yeni iş yerləri
açılıb və
regionların inkişafı
ilə bağlı tədbirlər görülüb.
Ümumi daxili məhsul 1 faizdən çox, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb. Son illər ərzində
qeyri-neft sektorunun inkişafı aparılan islahatların nəticəsidir.
Keçən il ölkə iqtisadiyyatına 20 milyard dollara yaxın sərmayə qoyulub, ki, bunun yarısı
xarici sərmayədir.
Azərbaycan xarici investorlar
üçün cəlbedici
ölkə kimi öz potensialını təqdim edir. 112 min ailə, təqribən 500
minə yaxın insan hər ay dövlətdən orta hesabla 152 manat yardım alır və il ərzində
verilən bu məbləğ 7 faiz artıb.
Prezident
çıxışında 2015-ci ildə ilk dəfə ölkəmizdə keçirilən
birinci Avropa Oyunlarından danışıb,
bu idman tədbirinin bütün dünyaya Azərbaycanın
imkanlarını göstərdiyini,
ölkədə müasir
idman, nəqliyyat və xidmət infrastrukturunun yaradıldığını
bildirib.
* * *
Prezidentin giriş nitqindən sonra maliyyə naziri Samir Şərifov,
Baş nazirin müavini, Qaçqınların
və Məcburi Köçkünlərin İşləri
üzrə Dövlət
Komitəsinin sədri
Əli Həsənov,
kənd təsərrüfatı
naziri Heydər Əsədov 2015-ci ildə
görülən işlər
və qarşıda duran vəzifələrlə
bağlı məruzə
ediblər.
Maliyyə naziri diqqətə
çatdırıb ötən
il dövlət büdcəsinin gəlirləri
nəzərdə tutulduğundan
2,3 milyard manat və ya
11,6 faiz az olub. Bunun əsas səbəbi
neftin qiymətinin dünya bazarlarında kəskin aşağı düşməsi nəticəsində
hökumət tərəfindən
Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə
tutulan transfertin azaldılması və bununla Neft Fondunun
valyuta ehtiyatlarına qənaət etməsi qərarı olub. Qeyri-neft sektoru üzrə büdcə daxilolmaları 6 milyard 950 milyon manat və
yaxud 103,0 faiz icra edilib.
Ümumən vergi daxilolmalarında qeyri-neft sektorundan daxilolmaların xüsusi çəkisi 40,5 faiz təşkil
edib ki, bu da 2014-cü illə müqayisədə
6,5 faiz çoxdur.
* * *
Yekun nitqində
Prezident İlham Əliyev 2016-cı ildə
qeyri-neft sektorunun inkişafının prioritet
olacağını, neftdən
asılılığın minimuma endirilməsi ilə bağlı tədbirlərin görüləcəyini
bildirib. Prezident Dövlət Neft
Fondunun vəsaitlərinin
qorunması, Fonddan dövlət büdcəsinə
transfertlərin azaldılması,
vergi bazasının genişləndirilməsi, gömrük
rəsmiləşdirilməsi və ixrac-idxal əməliyyatlarının şəffaflığının
təmin olunması, maliyyə nəzarətinin
gücləndirilməsi ilə
bağlı tapşırıqlarını
verib. Biznes mühitinin yaxşılaşdırılması,
nağdsız ödəmələrin
artırılması, fiskal
təşviq mexanizmlərinin
genişləndirilməsi, sahibkarlara
güzəştli kreditlərin
verilməsinin davam etdirilməsi, bank sektorunda
islahatların aparılması,
özəl bankların
ölkə iqtisadiyyatının
inkişafında daha fəal iştirak etməsi ilə bağlı fikirlərini çatdırıb.
2016-cı
ildə pensiya və əmək haqlarının qaldırılması
ilə bağlı hökumətə təkliflər
hazırlamağı tapşıran
dövlət başçısı
kənd təsərrüfatında
islahatların genişləndirilməsi,
meliorasiya tədbirlərinin
davam etdirilməsi, əhalinin su, qaz və elektrik
enerjisi ilə təchizatının daha da yaxşılaşdırılması,
regionlarda sənaye zonalarının yaradılmasının
sürətləndirilməsi, dotasiya ilə yaşayan rayonların iqtisadi səmərəliliyinin
artırılması ilə
bağlı tapşırıqlar
verib və görülən işlərlə
əlaqədar hər
rüb məlumat verilməsi ilə bağlı rayon icra başçıları qarşısında
tələb qoyub.
Prezident bu il struktur islahatlarının
aparılacağını, bununla
bağlı yaxın vaxtlarda
addımların atılacağını deyib,
informasiya-kommunikasiya
texnologiyalarının inkişafı və bu
sektorda şəffaflığın təmin
edilməsinin vacibliyindən danışıb, nəqliyyat və
turizm sektorunun
inkişafının diqqət mərkəzində
saxlanılacağını vurğulayıb: “Biz turizm sektorunun
inkişafı üçün yerli və xarici sərmayəni
cəlb etməliyik. Dövlət artıq kifayət qədər
böyük işlər görübdür.
Biz dövlət hesabına “Şahdağ” kurort
zonasını yaratmışıq. Düzdür,
sonra özəl qurumlar
da orada hotellər, mehmanxanalar tikiblər. Ancaq
bütün infrastruktur
və birinci hotel
dövlət hesabına tikilib. Nəyə
görə? İnsanlara şərait yaratmaq, şimal bölgəsini
inkişaf etdirmək, xarici
turistləri cəlb etmək və gələcəkdə gəlir
qazanmaq üçün.
Burada həm sosial, həm regional, həm də iqtisadi siyasət birləşir. Ona görə, turizm
üçün bütün
başqa məqbul zonalarda turizm geniş inkişaf etməlidir. İndi bizim
belə zonalarımız
var. “Şahdağ” mərkəzi,
Qəbələ beynəlxalq
turizm zonasına çevrilib. Naftalan beynəlxalq
kurort şöhrətini
özünə qaytarır.
Cənub
zonasında, qərb zonasında kifayət qədər gözəl imkanlar var. Sadəcə olaraq yerli şirkətlər
və yaxşı olar ki, xarici
şirkətlər sərmayə
qoysunlar və biz turistlərin axınını
təmin etməliyik.
Bütün süni əngəllər
aradan götürülür.
Vizalarla bağlı mövcud olan problemlər aradan götürülür
ki, Bakıya, Azərbaycana səyahət
etmək istəyən
xarici qonaq vaxt itirmədən bilet alıb müvafiq prosedurlardan keçib gələ bilsin, istirahət edə bilsin”.
Prezident
İlham Əliyev tikinti sahəsində açıq tenderlərin
keçirilməsi, bu
sahədə də şəffaflığın təmin
olunması, paytaxt nəqliyyatının vahid
sistemə keçidinin
sürətləndirilməsi, ekoloji məsələlərin
həlli, yeni “ASAN xidmət” mərkəzlərinin
açılması və
ona yeni səlahiyyətlərin verilməsi
ilə bağlı tapşırıqlar verib.
Çıxışının sonunda dövlət başçısı
2016-cı ildə Bakıda bir neçə
mötəbər tədbirin, o cümlədən
BMT-nin Sivilizasiyalar
Alyansının VII Qlobal Forumunun
keçiriləcəyini bildirib, ölkəmizin
tolerantlıq ənənələrinə, mədəniyyətlər
və sivilizasiyalararası dəyərlərə mühüm töhfələr
verdiyini nəzərə alaraq
2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edildiyini diqqətə
çatdırıb.
Mədəniyyət.- 2016.- 13
yanvar.- S. 3.