Bir həcvin bitirdiyi
şair ömrü
Hansısa müdrik deyib ki, dahilər öz dövrlərinin yetimləridir. Dərindən fikirləşəndə həmin müdrikə haqq verirsən. Amma o da var
ki, dahiləri yetim qoyan elə
dövrün özüdür.
XX əsrdə indi postsovet məkanı adlandırdığımız nəhəng sovet imperiyası ərazisində
xeyli dahi yetim dünyaya gəldi, amma dövr onları «həzm etmədi»...
Onlardan biri də məşhur rus şairi, nasir, tərcüməçi,
ədəbi tənqidçi
Osip (İosif) Mandelştam idi.
İosif
Emiloviç Mandelştam
1891-ci il yanvarın 15-də Varşavada
yəhudi ailəsində
doğulub. O, uşaq ikən ailəsi Peterburqa köçür
və XX əsrin əvvəlində Rusiyanın
«mədəni kadr» adlandırılan Tenişev
məktəbində təhsil
alır. Sonra Fransada Sorbon
və Almaniyada Heydelberq universitetlərində
təhsilini davam etdirir.
Ailəsinin müflisləşməsi üzündən
Avropada təhsilini yarımçıq qoyan gənc şair Peterburqa qayıdır və yəhudilər üçün qoyulan kvotadan yayınmaq niyyətilə xristianlığı
qəbul edir. 1910-cu ildən
çap olunmağa başlayan Mandelştam
Anna Axmatova, Nikolay Qumilyov, Aleksandr Blok kimi görkəmli şairlərlə tanış olur, akmeist şairlər qrupuna qoşulur.
Maraqlıdır ki, Mandelştamın «Daş» adlı ilk kitabı 1913, 1916, 1923-cü illərdə
təkrar nəşr edilir. Lakin şair kitabın
adı dəyişmədən
nəşrə daxil edilən şeirləri təzələyir. Bu kitabın sayəsində gənc şair tanınır, sevilir.
Oktyabr inqilabından
(1917) sonra O.Mandelştam
bir çox azad ruhlu sənətkarlar
kimi yaradıcılıq
üçün ən
gözəl dövrün
başladığını zənn edərək ictimai həyata atılır. Qəzetlərdə, mətbuat komissarlığında
çalışır, kütləvi
tədbirlərdə, görüşlərdə
alovlu şeirlər söyləyir. Gələcək
həyat yoldaşı
Nadejda Xazina ilə tanış
olur. Vətəndaş müharibəsi dövründə
həyat yoldaşı
ilə Rusiyanı, Ukraynanı, Gürcüstanı
dolaşır. Krımda
ağ qvardiyaçılara
qoşulub Türkiyəyə
qaçmaq fürsəti
olsa da, o, sovet Rusiyasında qalmağa üstünlük
verir.
Şairin I Dünya müharibəsi və inqilab dövrünə (1916-1920) aid şeirləri
1922-ci ildə «Tristia»
adı altında Berlində çapdan çıxır.
Ardıcıl kitabları nəşr olunan O.Mandelştam nəsr əsərləri
yazmağa başlayır,
poetik tərcümələr
edir. 1928-ci ildə onun son «Şeirlər» toplusu və seçilmiş məqalələrindən
ibarət «Poeziya haqqında» ədəbi tənqid kitabı çapdan çıxır.
O dövrün poeziya xiridarlarının fikrincə,
Mandelştamın poetikası
məhz 30-cu illərdə
zirvəyə çatır,
lakin onun şeirləri çap olunmurdu. Əvəzindəsə ədəbi nəşrlər
şairin əsərlərini
darmadağın edən
tənqidi məqalələrə
bol-bol yer verirlər.
1933-cü
ilin noyabrında azad ruh, azad
sənət ümidləri
puça çıxan
Mandelştam Stalin əleyhinə
«Yaşadığımız ölkədə ayağımızın
altından torpaq qaçır» misrası ilə başlayan «Kremldəki dağlı» adlı həcv (epiqram) yazır. Yazır və ehtiyatsızlıq edərək onu 10-15 nəfərə oxuyur.
Mandelştamı dəfələrlə təqiblərdən
qorumuş Boris Pasternak onun
bu hərəkətini
intihar adlandırır. Rus ədəbi
mühitində Pasternakın
bu həcvə münasibəti, onu şeir hesab etməməsi və bu xüsusda Stalinlə telefon danışığı barədə
rəvayətə çevrilmiş
onlarla fərziyə dolaşır.
Amma fərziyyələr
öz yerində, Mandelştam bu həcvi ilə öz həyatına balta çalır. 1934-cü ilin mayında şair həyat yoldaşı ilə birlikdə Permə sürgün edilir. Lakin dövlət xadimi Buxarinin köməyilə
sərbəst yaşayış
yeri seçir. Az qala dilənçi kökündə
yaşayan şair arabir yerli qəzetdə
və teatrda redaktə ilə məşğul olmaqla dolanır. Onun məşhur «Voronej
dəftərləri» silsilə
şeirləri də burada yazılır.
1937-ci ili mayında sürgün müddəti başa çatan şair həyat yoldaşı ilə birlikdə Moskvaya qayıdır.
SSRİ Yazıçılar İttifaqının katibi
V.Stavski daxili işlər üzrə xalq komissarı N.Yejova yazdığı məktubda «Mandelştamın
məsələsini həll
etməyi» təklif edir, onun şeirlərini
«iyrənc və böhtan» adlandırır.
Ya bu məktub öz işini görür, ya da şairin
dili yenə dinc durmur. 1938-ci ilin yazında Moskva vilayətindəki bir sanatoriyada səhhətini bərpa edən Mandelştam həbs olunur və Uzaq Şərqə
düşərgəyə göndərilir. Osip Mandelştam
ondan bezənləri, onun poeziyasından qorxanları çox da gözlətmir.
1938-ci il dekabrın 27-də şair
yatalaq xəstəliyindən
vəfat edir. Lakin dekabr ayı
Uzaq Şərq üçün şaxtalı-buzlu
keçdiyindən şairin
cəsədi qış
fəslində ölən
digər «düşərgəlilər»
kimi yalnız baharda, buzlar əriyəndən sonra ümumi “qardaşlıq məzarlığı”nda torpağa
tapşırılır.
1956-cı ildə Osip
Mandelştama ölümündən
sonra bəraət verilir. 1987-ci ildə isə qərar çıxarılır ki,
1934-cü ildə şair
nahaq həbs edilibmiş. Sağ ikən rəsmi ədəbiyyat dairələrində
“üçüncü dərəcəli
şair” hesab edilən Osip Mandelştamın yaradıcılığı
vəfatından sonra bir çox ədəbiyyatçının tədqiqat obyektinə çevrilir, şeirləri
xarici dillərə tərcümə edilir. Bir həcvin vaxtsız bitirdiyi şair ömrü sevilən şeirlərində davam edir.
Gülcahan Mirməmməd
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 15.