Naxçıvanda
Xatirə Muzeyinə ekskursiya təşkil
olunub
20 Yanvar faciəsinin 26-cı ildönümü ilə bağlı Naxçıvan şəhər məktəblərinin şagirdlərinin Xatirə Muzeyinə ekskursiyası təşkil olunub.
Muzeyin direktoru Aynurə Məhərrəmova şagirdləri muzeydə olan eksponatlarla yaxından tanış edib. Bildirilib ki, muzeydə 400-ə yaxın eksponat nümayiş olunur. Ötən əsrin əvvəllərindən başlayaraq, təcavüzkar erməni daşnaklarının azərbaycanlılara qarşı törətdikləri dəhşətli cinayətlərin izləri bu eksponatlarda öz əksini tapıb.
Qeyd olunub ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olanların xatirəsinin əbədiləşdirildiyi muzeydə şəhidlərin fotoşəkilləri, şəxsi sənədləri, döyüş fəaliyyətlərini əhatə edən materiallar, eyni zamanda qəhrəmanlıq tariximizin müxtəlif dövrlərinə aid kitablar qorunur və nümayiş etdirilir.
1990-cı il
yanavarın 19-dan 20-nə keçən gecə Bakıda
törədilən qətliamdan danışan direktor
deyib ki, həmin
günlər Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar
Respublikasının sərhəd kəndlərinə də
erməni silahlılarının işğalçı
hücumları olub. 1990-cı il yanvarın 18-də
Şərur rayonunun Kərki kəndi
SSRİ Müdafiə Nazirliyinin 7-ci ordusunun köməyi ilə ermənilər tərəfindən
işğal olunub,
yanvarın 20-də, Sədərək qəsəbəsinə,
digər sərhəd kəndlərinə erməni silahlı
dəstələrinin hücumları başlayıb. Bu, 20 Yanvar faciəsinin ilk qanlı səhifələri idi. Sonda şagirdləri
maraqlandıran suallar
cavablandırılıb.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 11.