Ankarada Beynəlxalq Türk
Akademiyasının təqdimatı
Yanvarın 14-də
Türkiyənin paytaxtı Ankarada Beynəlxalq
Türk Akademiyasının təqdimat mərasimi
keçirildi. Tədbirdə
TİKA-nın baş katibi
Sərdar Cam, Türkiyə Elmlər
Akademiyasının prezidenti Əhməd Cavad Acar, Türkiyənin keçmiş mədəniyyət və turizm naziri Yalçın Topçu, Qazaxıstanın Türkiyədəki
səfiri Canseyid Tumabayev,
TÜRKSOY nümayəndələrı və digər
ictimaiyyət və elm nümayəndələri
iştirak edirdi.
Əvvəlcə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın və Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun tədbirə ünvanladıqları təbrik məktubu oxundu.
Açılış nitqi ilə çıxış edən Əhməd Cavad Acar Beynəlxalq Türk Akademiyasının fəaliyyətinə toxundu və bildirdi ki, qurumun gördüyü işlər bütün türk dünyası üçün təqdirəlayiqdir: “Bu gün bizim elm, mədəniyyət və təhsil sahəsində qarşılıqlı mübadiləyə, işbirliyinə ehtiyacımız var. Yeni qurulmasına baxmayaraq Beynəlxalq Türk Akademiyası bu mənada faydalı layihələr reallaşdırmaqdadır. Qurumun “Ortaq türk tarixi” kitabı orta məktəblərdə təhsil alan məktəblilərin öz tarixi keçmişlərini, ata-babalarını daha yaxşı tanımaları üçün bənzərsiz vəsaitdir. Beynəlxalq Türk Akademiyasının türklərin yaşadıqları bölgələrdə apardığı ekspedisiya da türk dünyasına böyük töhfədir”.
Qazaxıstanın Türkiyədəki səfiri Canseyid Tumabayev Beynəlxalq Türk Akademiyasının qurulmasını xəyalın gerçəyə çevrilməsi adlandırdı: “Əcdadlarımız bizə böyük bir irs ərməğan edib və biz bu irsi qorumalı, gələcək nəsillərə ötürməliyik. Bu günə kimi nə qədər qəhrəmanlıq dastanları yazılıb. Onları nəinki türkdilli xalqlara, eləcə də bütün dünyaya tanıtmaq lazımdır. Bu mənada türk dünyasının təhsili, mədəniyyəti, elmi istiqamətində qurulan təşkilatlar və onların fəaliyyətləri bizi sevindirir. Beynəlxalq Türk Akademiyası kimi bir qurumun meydana gəlməsi əvvəllər bizim üçün bir xəyal idi. Amma 2010-cu ildə qurulan akademiyada qısa müddətdə bir çox işlər görüldü, muzey və kitabxana yaradıldı. Bu gün türk dünyası bu qurum vasitəsilə təcrübə mübadiləsi aparır. Əlbəttə, ortaq türk tarixinin yazılması da bizim ən böyük uğurlarımızdan biridir”.
Bu günlərdə Türkiyənin iki bölgəsində iki terror hadisəsinin baş verməsindən üzüldüyünü deyən Yalçın Topçu bu qanlı aksiyaları təşkil edənlərin Türkiyə və türk dünyasını çökdürə bilməyəcəklərini dilə gətirdi: “Biz böyük mədəniyyətimiz, elmimiz ilə qos-qoca bir türk dünyasıyıq və buna görə iri olmalıyıq ki, düşmənlərimiz də bizi məğlub edə bilməsin”.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darhan Kıdralı isə çıxışında qurumun formalaşmasından keçən müddət ərzində gördüyü işlərə toxundu: “Türkdilli ölkələrin təhsil nazirləri ilə görüş keçirərək ortaq türk tarixini yazmaq qərarına gəldik. Bununla bir daha təsdiqləndi ki, bizim tariximizdə heç bir utancverici məqam yoxdur və biz öz tariximizlə fəxr etməliyik. Bizim reallaşdırmaqda olduğumuz digər layihə isə “Atalar mirası” adlanır ki, bu da 30 cildlik ortaq türk əlifbasıdır”.
D.Kıdralı türklərin yaşadığı bölgədə apardıqları ekspedisiyalardan da bəhs edərək həmin yerlərdə qədim türk musiqi alətlərini tapdıqlarını qeyd etdi. O həmçinin akademiyanın zəngin kitabxanasının və muzeyinin olduğunu, bu muzeyə Azərbaycandan da 30-a yaxın eksponat bağışlandığını bildirdi. Qurum rəhbəri həmçinin bir çox ölkələrdə keçirdikləri konfranslardan, türk dünyasının mədəni irsini daha yaxından tanıtdıqlarını diqqətə çatdırdı.
Çıxışlar başa çatdıqdan sonra mükafatlandırma mərasimi oldu. Bu il 100 illiyi qeyd edilən tarixçi Xəlil İnalcık və 94 yaşlı türkoloq Zeynep Korkmaz kimi görkəmli alimlərə, Türkiyənin qabaqcıl fikir adamı Həsən Cəlal Gözələ Türk Akademiyasının mükafatları təqdim olundu.
Mərasim “Əhməd Yasəvi” musiqi qrupunun ifasında konsert proqramı ilə başa çatdı.
Mehparə Sultanova
Ankara
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 11.