Sağlamlıq turizmində imkanlar da, perspektivlər də genişdir

 

Əlverişli təbii coğrafi şəraiti olan ölkəmizdə turizmin bütün sahələrini inkişaf etdirmək üçün imkanlar var. Son illər ayrı-ayrı turizm növlərinin təşviqi istiqamətində addımlar atılır. Belə sahələrdən biri də müalicə turizmidir.

 

Hələ sovet dövründə Azərbaycanda mövcud olan sanatoriyalara ittifaqın bir çox respublikalarından, eləcə də xaricdən minlərlə insan gəlirdi. 90-cı illərdəki məlum proseslər zəminində bu müalicə-turizm mərkəzləri də böhran dövrü keçirsə də, indi əsaslı yenidənqurma, investisiya və infrastruktur layihələri ilə dirçəlir. Bu sektorun ölkəmizin turizm brendinə çevrilmək imkanları genişdir.

Bu imkanlar sırasında müalicəvi Naftalan nefti, duz mədənləri, palçıq vulkanları, bulaqlarmineral sular, termal qaynaqlar üstünlük təşkil edir. Xəzər dənizi boyu ərazilərdə yeni kurort, sanatoriya və digər istirahət yerlərinin yaradılması üçün əlverişli şərait var. Turizmin bu növü sağlamlıq turizmi, tibbi turizm, rekreasiya turizmibir sıra başqa cür adlandırılmasına baxmayaraq, məqsəd birdir: insanların sağlamlıq və istirahətini təmin etmək.

Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq olunan “Azərbaycanda kurortların 2009-2018-ci illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına yönəlib. Yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkə başçısı turizm sektoruna yerlixarici sərmayəni cəlb edilməsinin, bu sahə üçün bütün məqbul zonalarda turizm növlərinin geniş inkişaf etdirilməsinin vacibliyini bir daha diqqətə çatdırdı.

Bu sahədə mövcud vəziyyət, imkan və perspektivləri bilavasitə mütəxəssislərin özündən öyrənməyə çalışdıq.

* * *

Mədəniyyət və Turizm Nazirliyi Turizm şöbəsinin Regionlarda turizmin inkişafı sektorunun müdiri Seymur Həsənov son illər həyata keçirilən tədbirlərdən və qarşıda duran əsas məqsədlərdən danışdı: “Ölkəmizdə bu sahənin daha da inkişaf etdirilməsi, mövcud çatışmazlıqların koordinasiyalı şəkildə aradan qaldırılması üçün Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü ilə 2013-cü ildə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyi yaradıldı. Azərbaycanda sağlamlıq turizminin inkişafı üçün münbit şərait var. Bu, ölkə turizminin prioritet istiqamətlərindən biridir”.

Həmsöhbətim deyir ki, müalicə turizmi imkanlarından danışarkən Naftalan neftini xüsusi qeyd etmək lazımdır: “Naftalan nefti dünyada bənzəri olmayan nadir müalicə vasitəsidir. Vaxtilə Naftalan nefti xarici ölkələrə aparılır və orada müalicə məqsədilə istifadə olunurdu. Sonralar Naftalan şəhərində müalicə mərkəzləri inşa olundu. SSRİ-nin dağılmasından sonra bu sahə bir müddət diqqətdən kənarda qalsa da, son vaxtlar görülən işlərin nəticəsi olaraq müasir hotel və müalicə mərkəzləri açılır. Naxçıvanda “DuzdağFizioterapiya Mərkəzi, Masallıda İstisu müalicə mənbəyi, Culfa rayonunda Darıdağ termal suyu kimi təbii müalicə mərkəzlərinin ölkəmizin sağlamlıq turizmində xüsusi əhəmiyyəti var”.

Sektor müdiri 2015-ci ildə ölkəmizdə turizmin inkişafı üçün əlverişli mühitin yaradılmasının məntiqi nəticəsi olaraq Şabran rayonunda “Qalaaltı Hotel & SPA” müasir müalicə-istirahət kompleksinin istifadəyə verildiyini diqqətə çatdırdı. Bu kompleks müalicə turizmi imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Nazirlik rəsmisi bildirdi ki, bu sahənin təşviqi və təbliği ilə bağlı infoturlar da mühüm rol oynayır. Azərbaycanda müalicə olunmaq üçün gələn turistlərin əksəriyyəti Rusiya, Qazaxıstan, digər MDB və Baltikyanı ölkələrin vətəndaşlarıdır. Həmçinin Türkiyə, İran, AvropaABŞ-dan da bu istiqamətdə gələn turistlərin sayında artım müşahidə olunur.

Sağlamlıq turizminin inkişaf etdirilməsi və qarşıda duran məqsədlərə çatmaq üçün 2016-cı ildə də fəal işlər həyata keçiriləcək: “Hər il olduğu kimi bu il də ölkəmizdə turizm sahəsinin inkişafı üçün görülən işlər davam edəcək. Həmçinin ölkəmizin sağlamlıq turizminin təbliğ olunması və tanıdılması üçün yeni bukletlər çap olunacaq, ölkəmizin iştirak etdiyi turizm sərgilərində fəal təbliğat işləri aparılacaq”.

* * *

Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyev bu sahənin inkişafı üçün görülən işlərdən danışdı. Bildirdi ki, Sağlamlıq və Termal Turizmə Dəstək İctimai Birliyinin yaradılması ölkəmizdə sağlamlıq turizmi ilə bağlı müvafiq təsisatları bir araya gətirmək, xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı treninqlərə cəlb etmək və onların təqdimatını həyata keçirmək məqsədini daşıyır.

Onun sözlərinə görə, qurum bu sahədə dünyanın qabaqcıl assosiasiyaları ilə sıx əməkdaşlıq həyata keçirir: “Ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün böyük potensial var. Bu sahənin inkişafı üçün qabaqcıl ölkələrin təcrübəsi öyrənilib, daha geniş şəkildə ölkəmizdə tətbiq edilməlidir. Bu sahədə bir sıra layihələr də icra olunur. İctimai birlik olaraq biz də ölkəmizdə sağlamlıq turizminin inkişafı üçün əlimizdən gələni etməyə çalışırıq”.

Ruslan Quliyev onu da qeyd etdi ki, sağlamlıq turizmi digər turizm növlərindən fərqli olaraq mövsümi xarakter daşımır və burada ilboyu fəaliyyət imkanı var.

* * *

Qeyd edək ki, ölkəmizdə bu sahə üzrə təbii imkanlar müxtəlif xəstəliklərin müalicəsinə kömək edir. Naftalan nefti yaraların, dəri, sinir, uroloji, ginekoloji xəstəliklərin, həmçinin qaraciyər, oynaqların və oynaq ətrafında yumşaq toxumaların, dayaq-hərəkət aparatının müalicəsi üçün çox səmərəli vasitədir. Müalicəvi xüsusiyyətlərinə görə dünyada məşhur təbii müalicəvi əhəmiyyətli sayılan Qalaaltı suyundan qaraciyər, öd yolları iltihabı, böyrək daşı və böyrəyin xroniki iltihabı, uroloji və Naxçıvan “DuzdağFizioterapiya Mərkəzində isə astma xəstələri müalicə olunur.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 9.