Zövq alınacaq bir ölkə

 

Məşhur rusiyalı səyyah Azərbaycana səfər etməyin beş əsas səbəbini açıqlayıb

 

Rusiyanın “Serebrənıy dojdğ” radiostansiyasının “Bon voəj” verilişinin aparıcısı və məşhur səyyah Aleksandr Bunin Azərbaycana səfəri haqqında “Moskva-Baku.ru” saytına müsahibə verib. Bütün dünyanı gəzən A.Bunin Yeni il tətilində ölkəmizə səfər edib.

 

O, Azərbaycana səfər etməyin beş əsas səbəbindən söz açıb. Rusiyalı səyyah birinci səbəb kimi “Azərbaycan Şərq mətbəxinin təamlarından zövq alınacaq bir ölkədir” deyə qeyd edib.

İkinci səbəb olaraq “Azərbaycan Hava Yolları”nın (AZAL) ən tələbkar turisti belə yaxşı mənada təəccübləndirə bildiyiqeyd olunub. A.Bunin səfəri zamanı ilk məmnuniyyətin də elə burdan başladığını, AZAL-ın yeni “Boinq-767” təyyarəsinin rahatlığı, yeniliyi, ideallığı ilə yanaşı, qonaqpərvərlik və yeməklərin çoxçeşidli olmasının onu çox təəccübləndirdiyini bildirib. O, Azərbaycana səfər edəcək olan hər bir turistə bu aviaşirkətə müraciət etməyi tövsiyə edir.

Ölkəmizə səyahət etmək üçün üçüncü səbəb kimi paytaxt Bakı qeyd olunur, Bakının “qədimiliyin, müasir üslubda olan memarlıq nümunələrinin və əzəmətli göydələnlərin birləşdiyi sehrli bir şəhər” olduğu vurğulanır.

İçərişəhərin hələ də öz qədim sehrini qoruyub saxlaması, bir zamanlar eşitdiyioxuduğu məlumatların canlı şahidi olması onda böyük təəssürat oyadıb. Bakıda aparılan tikinti işlərinin genişmiqyaslılığı, yeni binaların düşünülmüş arxitekturası, mərmər döşənmiş, bürüncdən çilçıraqları ilə diqqəti çəkən yeraltı piyada keçidlərinin möhtəşəmliyi onu heyran qoyub. A.Bunin yeni memarlıq işlərinin Bakının müasir simasını təşkil etdiyini diqqətə çatdırır.

Dördüncü səbəb kimi “Azərbaycanın qonaqpərvərliyi hər bir xırda detalda belə əks olunur” - deyə səyyah qeyd edir. Qonaq hoteldə və restoranlarda qarşılaşdığı yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edir, eyni zamanda qiymətlərin münasib olduğunu deyir.

Səyyahın fikrincə, Azərbaycana səfər etməyin beşinci səbəbi “ŞahdağTurizm Mərkəzidir. “Şahdağda xizək tətili keçirmək heçAvropa kurortlarından geri qalmır” - deyə o bildirir. O, Şahdağ Turizm Mərkəzini özünün böyük kəşfi adlandırıb. Mərkəzin dövlətin maliyyə vəsaiti hesabına inşa edilməsindən təəccübləndiyini gizlətməyən rusiyalı səyyah buna görə Azərbaycan hökumətinə təşəkkür edib. “Artıq görünür ki, Şahdağ istirahət və bütövlükdə turizm üçün perspektivli məkandır, burada işlər yüksək keyfiyyət və zövqlə görülüb, dünya səviyyəli kurortdur ” - deyə o vurğulayıb.

Müsahibənin sonunda Aleksandr Bunin maraqlı səfərlərindən sonra sosial şəbəkələrdə insanlara məsləhətlər verdiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, artıq bütün onun izləyiciləri Azərbaycan haqqında yazdıqlarına müsbət münasibət göstərib, bu ölkəyə səfər edəcəklərini qeyd ediblər.

Müsahibə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:

http://www.moscow-baku.ru/news/culture/vedushchiy_radiostantsii_serebryanyy_dozhd_i_puteshestvennik_aleksandr_bunin_rasskazal_korrespondent/?clear_cache=Y

 

Mədəniyyət.- 2016.- 15 yanvar.- S. 8.