“Multikulturalizm
ili”ndə çoxsaylı tədbirlər keçiriləcək
Fevralda “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda Beynəlxalq Qış Məktəbi təşkil olunacaq
Yanvarın 14-də
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində
(BBMM) 2016-cı ilin iş
planının təsdiqi ilə bağlı iclas
keçirilib.
İclası BBMM-in Himayəçilik Şurasının sədri, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev açaraq Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə 2016-cı ilin ölkəmizdə “Multikulturalizm ili” elan edildiyini və bununla bağlı müxtəlif dövlət qurumlarının qarşısına ciddi vəzifələr qoyulduğunu vurğulayıb.
Xatırladaq ki, sərəncamda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Mədəniyyət və Turizm Nazirliyi, Təhsil Nazirliyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Milli Elmlər Akademiyasının təkliflərini nəzərə alaraq, “Multikulturalizm ili” ilə bağlı tədbirlər planını bir ay müddətində hazırlayıb ölkə Prezidentinə təqdim etmək tapşırılıb.
Tədbirdə fevralın 8-dən 15-dək keçiriləcək “Multikulturalizm Azərbaycanda həyat tərzi kimi - öyrən, araşdır, paylaş!” mövzusunda Beynəlxalq Qış Məktəbinin təşkili ilə bağlı məlumat verilib.
Bildirilib ki, 2015-ci ilin yaz semestrindən başlayaraq Rusiya, İtaliya, Bolqarıstan, Belarus, Litva, Çexiya və Gürcüstanın tanınmış universitetlərində və ölkəmizin 7 ali məktəbində “Azərbaycan multikulturalizmi” fənni tədris olunmağa başlanıb və uğurla başa çatıb. Layihə növbəti semestrdə İsveçrə, Portuqaliya, Ukrayna və Türkiyədə davam etdirilib. Bu dəfə isə xüsusi fərqlənən tələbələr üçün Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bakı Slavyan Universiteti tərəfindən Beynəlxalq Qış Məktəbi təşkil olunacaq.
Qeyd edilib
ki, xarici universitetlərin
tələbələri semestr boyu Azərbaycan haqqında əldə etdikləri
nəzəri bilikləri artıq ölkəmizi əyani şəkildə
görməklə tamamlayacaqlar. Onları xoş istirahət, maraqlı mühazirələr
və intellektual görüşlər, yeni dostlar gözləyir.
Qış məktəbinin mühazirəçiləri
arasında Almaniya, Portuqaliya,
Rusiya, Qazaxıstan və Azərbaycandan
mütəxəssislər var. Bakı, Quba, Qusar
və Xaçmaz şəhərlərində
keçirilməsi nəzərdə tutulan
Beynəlxalq Qış Məktəbində 50-yə yaxın yerli və xarici tələbənin
iştirakı planlaşdırılıb. İclasda
bununla bağlı müvafiq
tövsiyə və tapşırıqlar verilib.
Mədəniyyət.- 2016.- 15
yanvar.- S. 3.