Hələ də
uzanan Gecə...
Bakının başı üzərindəki güllə “ulduzları” şəfəqindən göydəki ulduzları görünməyən Gecə...
Hələlik
iyirmi beş ildir yaşadığımız
işıqlı gecə-gündüzlərimizin bünövrəsi
Gecə! Ölənləri bütün
şərəflilərin şərəflisi adına - Şəhid
namına ucaldan, qalanları Qazi edən Gecə. O gündən bu günə bu xalqı bütün hadisələrdən, matəmlərdən, bayramlardan daha çox bir yerə toplayan, daha mütəşəkkil
cəm edən Gecə...
O vaxtdan bu vaxta ağlamaqla, sevməklə, fəxr etməklə və yazmaqla qurtarmayan o Gecə haqda min dəfə yazıb-minbir kərə oxusaq da, öncə, yeni oxucuların nəzərinə -
Bir-iki fakt:
1988-ci ilin fevralında Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları zəminində Qarabağ münaqişəsi başlandı. Bundan sonrakı proseslər, deportasiyalar, qətliamlar, işğallar və s. oxucularımıza kifayət qədər aydındır. Başvermə ərəfəsindəki hadisələr qədər əyani, qanlı olduğu qədər də şanlı, gətirəcəyi misilsiz Azadlıq işığı qədər də qaranlıq olan o GECƏ qədər aydın!..
Amma nə qədər aydın olsa da, milli azadlıq hərəkatımızın bu baş qəhrəmanı (sözün hər iki mənasında!) haqda bir az geniş danışmalıyıq.
1990-cı il yanvarın 18-də Bakıda və bir neçə rayonumuzda izdihamlı mitinqlər keçirildi, ümumi tətil elan edildi. Tələb olundu ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun, Bakı ətrafında cəmləşən qoşunlar Dağlıq Qarabağ və Ermənistanla sərhədyanı rayonlara göndərilsin, paytaxtımızda “komendant saatı” qoyulmasın və s.
Lakin yanvarın 19-da M.Qorbaçov SSRİ və Azərbaycan SSR konstitusiyalarının müvafiq maddələrini pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət fərmanı imzaladı, həmin gün saat 19:27 dəqiqədə DTK-nın “Alfa” qrupu Azərbaycan televiziyasının enerji blokunu partlatdı ki, xalq və dünya... o Gecə Bakıda törədəcəkləri sonuncu sovet vəhşiliyindən heç olmasa xeyli müddət bixəbər qalsın...
Və mən həmin dövrdə baş verən bir çox qlobal məsələlərdənsə, SSRİ başçısının başı ilə bizim bir fəhlənin qafası arasındakı fərqdən danışmaq istəyirəm.
Belə ki;
Bu millət o ərəfədə çox şeylər haqda düşünüb-daşınsa da, kütlə bu qənaətdə idi ki, “şanlı sovet ordusu” SSRİ-nin neft paytaxtına belə bir təcavüz etməz. Amma o gecəki tonqallarətrafı müzakirələrdə, hərdən: “Sən saydığını say, gör, yetmiş illik kələk nə sayır!” kimi replikalar da səslənirdi. İmperiyaların iç üzünü yaxşı tanıyan vətənpərvər ziyalılar daha ağıllı, arqumental fikirlər söyləyirdilər. Sovet təbliğatının həmişə “eşq olsun!” deyə tovladığı fəhlə sinfinin qoca bir nümayəndəsinin dedikləri isə, fikrimcə, o Gecənin hikmət manifesti idi. Gənclərimizin qanına qıymayan həmin ağsaqqal həmyaşıdlarına üz tutub, o Gecəyədək eşitmədiyim bir təbliğat düsturu yaratdı: “Oğrular, quldurlar həmişə öz işlərini gecə vaxtı eləyirlər. Bunlar bu gecə bu uşaqları qırıb-çatacaqlar, a kişilər! Gəlin, məhəllə-məhəllə düşüb cavanlardan xahiş edək, yalvaraq ki, bu gecə meydanı biz yaşlılara buraxıb, getsinlər evlərinə...”
Amma belə olmadı və xoş dəmlərimizdə “quş qanadlı” deyə təşbeh etdiyimiz illərin “O Gecə” möhürlü İli “qış qanadlı”, bayquş sədalı keçdi ömrümüzdən...
İyirmi altı ildir ki, bu barədə bütün sabiq milli ələmlilər düşünür, mikrofonlular, tribunalılar danışır, əliqələmlilər yazır. Elə bu yazı da onlardan biri.
Və bu yazı, daha çox, 26 yaşadək olan oxuculara aid...
Nədən ki, burada yazılanları o yaşdan o yanaların əksəriyyəti görüb, hamısı isə hiss edib. Yeni-yeni yeniyetmələrdən, sabahımıza hörgü uşaqlardan tutmuş gələcəyimizə körpü körpələrə qədər - hamı!
Uşaq çağlarımızda sovet məktəbləri bizi “oktyabryat” adlandırırdı. Deməli, indicə bəhs etdiyim o vaxtkı uşaqları da “yanvarbryat”lar adlandırmaq olar. Bu heynidə “Sehrli xalat” filmindəki “piyanar”ları, “Yeddi oğul istərəm”dəki “qamsamol”ları da xatırlayaq və heç də təəccüblənməyək ki, iyirmi altı il öncəki o müsibətin passiv şahidliyində uşaqlar, körpələr, hətta, hələ “bətn” vətənində olanlar belə, istisna edilmir. Bəs necə?! O Gecənin dəhşət-vəhşət payından hələ Anadan Vətənə gəlməmişlər də dadmışdı!..
O qara, o yara, o dinsiz-imansız Gecə elə qanlı-qadalı idi ki, onu yalnız canlı yayım kimi yazıb-yozasan gərək. O gurultu-guppultulu, ölüm-itimli, ağrı-iniltili Gecənin reportajını yalnız sözün öhdəsinə buraxmaq olmaz; gərək bu görəcək mənzərəyə göz də göz olsun...
Söz-gözümüzdəki hüzn-kədər sovuşanadək qəlbimizdə bir notu ağ, biri qara milli musiqi parçası səsləndirməli - o Gecənin imperiya “simfoniya”sının acığına! Fondakı hiss-həyəcan atəşlərini astaca-ustaca yığıb, “sözü” siyasi-texniki atəşlərə verməli və o 19 yanvar gününün ikinci yarısına -
Deməli;
Salam, axşamın xeyir, ey Azadlığa hamilə Axşam! Bizi qırmızı yalan-yamanlardan qurtarası ağ şamın qutlu! Bir azdan zülmətindən zülümlər töküləsi, cikkə-hikkəsindən qulaq tutulası qəzan mübarək! Səhərədək yuxusuz, zirzəmilərinədək sükutsuz, zifafınadək sevgisiz, toysuz, musiqisiz, yaradıcılıqsız, mədəniyyətsiz Gecə! Sənin pələ qulağına köz-köz sözümüz, təpəgözün içinə bir sürə alçı-istiqlalçı baxışımız var!
Bizim qanlı və müstəqillik banlı Gecəmiz, o nədir elə? “Şanlı sovet ordumuz”un qanlı sapoqları sadə sovet zəhmətkeşləri önündə niyə belə taqqıldayır?! Avtomat-pulemyotları - qarşılarına əliyalın çıxan bu gənclərə qarşı nədən belə şaqqıldayır?! Qaçıb ağaclar arxasında daldalanmaq istəyən o yeniyetmənin qarasına bütöv bir avtomat darağı boşaltmaq “ayıb” deyil-deyil, bəs, bircə nəfər “sovet balası”na 60 patron boşaltmaq “hayıf” da deyil?! “XI Qızıl (?!) Ordu” meydanında “təcili yardım” maşınından düşüb, yerdə çapalayan nəhəng gövdəli o cavana yaxınlaşan bu gənc şəfqət bacısının böyür-başına bu qədər güllə yağışı yağdırarlarmı, ay Qobsek Gecə?! Bu qədər zərif, bu qədər zəif, ağbəniz, aybəniz qızcığazı bir belə yağır-bağır etməkmi olar, ay qapqarabəniz Gecə?!.
...Dəmiryol vağzalında gecələmiş bu gülsatan oğlan asfalt üstündə qərənfil-“qələm”lə nə yazıb? “Elnən gələn vay”? Bəs “toy-bayramdır” sözləri hanı? Həə... “iş başında” güllələndiyinə görə fikrini tamamlaya bilməyib...
Pislər haqda, naqislik barədə çox danışmağın özü də bir müşkül, - xoca Gecəm! Valı dəyişək...
...Gün aydın, güllə çilçırağına tutulmuş Azadlıq Gecəsi! Sənin o zil qaranlığında, buz qoynunda elədən-belə, belədən-elə çovuyan o işıldaquş, o bayquş güllələr olmasaydı, bu xalq ayağa daha cəsarətlə qalxmaz, əsarətdən daha tez qurtulmazdı. Elə bu bir sözü ağlar, biri gülər yazımızı da redaktor-senzordan keçirə bilməzdik!
Sən böyük bir milli dövran olacaqsan, yetmiş illik müstəmləkəliyimizdə imper-təkə, ləkə Gecə! “Pəpə” yeyəndən “məmə” deyənə qədər hamı - o “Rəzillik Orkestri”nin yoğurub-doğurduğu ən kütləvi qətliam marşından sonra əzəmətli “Müstəqillik Simfoniyası” ifaçılarına çevriləcək...
Sən ən maarifçi gecə olacaqsan, Universitet Gecə! Sən uzun illərin
semestr imtahanlarına tutuquşu cavablar vermək zorunda qalan bu “təbəə”
xalqı əsl dövlət-dövlətçilik imtahanına çəkəcək
və bu millət 1991-ci ilin 18 oktyabrında bütün universitetlərin fövqündə
dayanan Müstəqil Milli Şərəf Universitetini bitirib, “öz əli, öz başı” dövranına qədəm
qoyacaq!
Sən ən dini, ən
mömin, şəhid-şühəda,
qazi-mücahid meydanısan,
Tanrısal Gecə! Bax, məlum və “məşhur” allahsızlıq
dövranının təbliğatına
uyanlar belə, sənin bu zülüm-zülmət
qaranlığında əllərini
göylərə qaldırıb
dua edirlər, millətə nicat diləyirlər. Süfrələri
həftələrlə ət
görməyənlər xeyir
işlər üçün
saxladıqları toy toğlularını
belə kəsib, Sənin mübarək şəhidlərinin ruhuna
ehsanlar verəcəklər...
Hə, ictimai anlaq Gecəsi!
Bütöv bir millətin açıq havada toplanmış milli dirəniş Məclisi!..
Hə! İndiki və gələcəkdəki bütün
müstəqil gecələrin
xeyirə qalsın, hər il ziyarətinə
elə bu sayaq - ümumxalq məhəbbətilə çıxacağımız
əvvəli qaranlıq,
sonu İşıqlı
Gecəmiz!..
Tahir Abbaslı
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 13.