Mehmandarovlar soyunun musiqiçi davamçısı
“Dirijorluq sənətində özümü sınamaq qərarına gəldim. Öz-özümə dedim ki, bir şey alınmasa, daha heç zaman bu sənətlə maraqlanmayacağam”.
Mustafa Mehmandarov
ölkəmizdən kənarda təhsil alan
istedadlı gənclərimizdəndir. Vyana
Konservatoriyasının dirijorluq fakültəsində
oxuyur. «Xəzər virtuozları» kamera orkestrinin bədii rəhbəri
və dirijorudur. Bir
sıra beynəlxalq uğurlara imza atıb.
- Mustafa bəy, siz məşhur Mehmandarovlar soyundansınız. Soyunuz, özünüz haqqında dilinizdən eşitmək istərdik.
- Ulu babam Kərim bəy Mehmandarov Sankt-Peterburq Tibb Cərrahlıq Akademiyasının məzunu, tanınmış həkim, «Difai» təşkilatının Şuşa şöbəsinin sədri olub. O, Azərbaycanın ilk alitəhsilli həkimlərindəndir. Məşhur general, Azərbaycan Xalq Cümhuriyyətinin ilk hərbi naziri Səməd bəy Mehmandarovun əmisi oğlu olub.
Mən 1992-ci ildə Bakıda dünyaya göz açmışam. 1998-2009-cu illərdə Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının nəzdindəki Orta İxtisas Musiqi Məktəb-Studiyasında mərhum professor Bayandur Mehdiyevin sinfində skripka üzrə təhsil almışam. Sonra ixtisas müəllimim professor Zəhra Quliyeva olub. 2009-2013-cü illərdə Bakı Musiqi Akademiyasında təhsilimi davam etdirmişəm. 2007-ci ildə Bolqarıstanda keçirilən beynəlxalq müsabiqədə II yeri tutmuşam. 2011-ci ildə Lüksemburqda keçirilən beynəlxalq müsabiqədə qızıl medal və laureat adını qazanmışam. 2012-ci ildə İtaliya və Avstriyada düzənlənən beynəlxalq yarışmada birincilik əldə etmişəm. İndi «Caspian Virtuoses» («Xəzər virtuozları») kamera orkestrinin bədii rəhbəri və dirijoruyam.
- TÜRKSOY Gənclik Orkestrinin də üzvüsünüz. Orkestr haqqında nə deyə bilərsiniz?
- 2010-cu ildə TÜRKSOY təşkilatının gənc musiqiçilərdən ibarət kamera orkestri yaratdığını öyrəndim. Mən və iki həmkarım bu layihədə iştirak etmək üçün təklif aldıq. Böyük sevinc və maraq hissi ilə Ankaraya yola düşdük. Bizi orada yüksək səviyyədə qarşıladılar. TÜRKSOY-un bu layihəyə ayrıca diqqət göstərdiyini qeyd etmək gərəkdir. Təşkilatın baş katibi Düsen Kaseinovun bizə dəstəyi, qayğısı və nəzarəti ilk gündən hiss olunurdu. Onu da deyim ki, Düsen bəy də musiqiçidir, peşəkar skripkaçıdır. Onun musiqiçi olmağı, bu layihənin uğurlu alınmasına gətirib çıxardı.
Orkestrin dirijoru Qazaxıstanın Almatı Konservatoriyasının professoru Ənvər Əkbərovdur. Onunla çalışmaq bizim üçün hər zaman xoş olur. Ümumiyyətlə, kollektivimiz çox mehribandır. Orkestrimiz bir ailə kimidir. Bütün türk ölkələrindən gənc musiqiçiləri bir araya yığmaq çox maraqlı və faydalı oldu. Burada dünya şöhrətli bəstəkarların əsərləri ilə yanaşı, türk ölkələrində artıq klassiklərə çevrilmiş bəstəkarların əsərləri ilə də tanış oluruq. Sevinirəm ki, orkestrin repertuarında dahi bəstəkarlarımız Fikrət Əmirov, Qara Qarayev və Niyazinin əsərləri var. Bir çox uğurlu konsertlərimiz, xarici səfərlərimiz olub.
- Vyana Konservatoriyasının dirijorluq fakültəsində təhsil alırsınız. Belə nüfuzlu məktəbdə oxumaq hər kəsə nəsib olmur...
- Məndə dirijorluq sənətinə
olan ciddi maraq, tələbəlik illərində
başladı. Bu sənət maraqlı
olmasına baxmayaraq, çətin və məsuliyyətlidir.
Burada insanın bir çox xüsusi keyfiyyətləri
olmalıdır. Beləliklə, özümü
sınamaq qərarına gəldim. Öz-özümə dedim ki, bir
şey alınmasa, daha
heç zaman bu sənətlə maraqlanmayacağam.
Belə demək olarsa, mənim birinci “imtahan”ım TÜRKSOY Kamera
Orkestri ilə baş tutub. Bizim orkestr
Almaniyanın cənubunda yerləşən Bayroyt
şəhərində gənc musiqiçilər
festivalında iştirak edirdi.
Plan üzrə iki konsert olmalı idi. Birinci konsertimiz uğurla
keçdi. İkinci
konsertdən bir gün qabaq Ənvər bəy müəyyən səbəblərə
görə konsertdə
iştirak etməyəcəyini
dedi. Orkestrin üzvləri qərara
gəldilər ki, bu konsertə mən dirijorluq edim. Bunu gözləmirdim və doğrusu, çəkindim. Sonra düşündüm
ki, əvvəl-axır
özümü sınamalıyam.
Əlbəttə, böyük həyəcanla
səhnəyə çıxdım.
Konsert çox uğurla keçdi. Bundan sonra bir-iki dəfə də özümü sınamaq
üçün şansım
oldu.
Mənim üçün ən əsas sınaq isə görkəmli dirijor, maestro Rauf Abdullayevin rəhbərliyi
altında olub. Onun mənə
verdiyi dirijorluq dərsləri, fikir və düşüncələri
həyatımda böyük
rol oynadı. Bu son sınaqdan uğurla
çıxdığım üçün artıq Vyanadakı imtahanlara yollandım. Vyana Konservatoriyasının
opera-simfonik dirijorluğu
fakültəsinə daxil
oldum. Hazırda burada təhsilimi
davam etdirirəm.
- Vyana orkestri dünyada ən məşhur orkestrdir. Onlarla əlaqən varmı?
- Vyanada dünyaca məşhur iki simfonik orkestr var. Vyana Filarmonik Orkestri və Vyana Simfonik Orkestri. Bu kollektivlərin,
xüsusilə Vyana Filarmonik Orkestrinin zəngin musiqi tarixi var. Bu orkestrlərlə
çıxış etmək
dünya şöhrətli
dirijorlar, ifaçılar
üçün böyük
fəxrdir. Hələlik mənim bu kollektivlərlə
əlaqəm yoxdur.
Haçansa bu arzuma çatacağıma inanıram.
- Rəhbərlik etdiyiniz kamera orkestri haqqında nə deyə bilərsiniz?
- 2015-ci ilin fevral ayında
Vyanada mənim təşəbbüsümlə «Xəzər virtuozları»
kamera orkestri yarandı. Bu orkestrin
başlıca xüsusiyyəti
onun tərkibi və repertuarındadır.
Orkestrdə bir çox ölkələrdən
olan musiqiçilərlə
yanaşı, Avropanın
müxtəlif ölkələrində
təhsil alan
və çalışan
istedadlı həmvətənlərimiz
də toplaşıblar.
Hər zaman çalışıram
ki, yaddan çıxan, unudulan və yaxud hansısa
səbəblərə görə
ifa olunmayan əsərləri repertuara
daxil edim. Bununla yanaşı, yeni, xüsusən Azərbaycan
bəstəkarlarının əsərlərini ifa etməyi özümə borc bilirəm. Bilirsiniz, bunu mən etməsəm,
hansısa əcnəbi
musiqiçi edən deyil. Hesab edirəm ki,
bütün azərbaycanlı
musiqiçilər belə
etməlidirlər. Əlbəttə, keyfiyyət yüksək səviyyədə olmaq şərti ilə.
«Xəzər virtuozları»nın ilk konserti Vyanada yerləşən Azərbaycan Mədəniyyət
Mərkəzində oldu.
Sonra biz Slovakiyanın paytaxtı Bratislavada Slovak Filarmoniyasında
çıxış etdik.
Vyanada
son konsertimiz də uğurla keçdi. Çox istərdim ki, haçansa Bakıda da konsertimiz olsun.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 11.