Uzaq “yaşıl adadan sənət sovqatı

 

Şimali Kiprdən gəlmiş rəssamların Bakıda sərgisi

 

Yanvarın 18-də Bakıdakı “Art Villa” qalereyasında Şimali Kiprin Yaxın Şərq Universitetinin incəsənət və dizayn fakültəsinin təşkilatçılığı ilə “İzdüşüm-B” adlı sərginin açılışı olub.

Sərgidə adıçəkilən universitetdə çalışan rəssamların - Aysel Mirqasımova, Deren Kalfaoğlu, Dicle Özlüses, Erdoğan Ergin, Gökhan Okur, Hasan Zeybek, Hikmet Uluçam, Mehmet Sariler, Mustafa Hastürk, Osman Keten, Raif Kızıl və Uğurcan Akyüzün 25 əsəri nümayiş etdirilir. Əsərlər yağlı boyakompüter qrafikası ilə işlənib.

Sərginin açılışında rəssamlar və sənətsevərlər iştirak ediblər.

Mədəniyyət və Turizm Nazirliyinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov sərginin Azərbaycan və Şimali Kipr arasında mədəni əlaqələrin inkişafına xidmət etdiyini vurğulayıb, belə layihələrin ardıcıl olmasını arzulayıb.

Universitetin incəsənət və dizayn fakültəsinin dekanı, professor Uğurcan Akyüz çıxışında bildirib ki, sərgi rəhbərlik etdiyi fakültənin 2015-2016-cı illər üçünBeş paytaxt, beş sərgi” layihəsi çərçivəsində təşkil edilib. Sərginin birincisi Ankarada baş tutub, ikincisi Bakıda keçirilir, daha sonra isə Tallində (Estoniya) və daha iki paytaxtda düzənlənəcək. O qeyd edib ki, rəhbərlik etdiyi fakültə yerli və beynəlxalq tədbirlərdə fəal iştirak edir, uğurlar qazanır.

Sərginin azərbaycanlı iştirakçısı Aysel Mirqasımova uzun illərdir ki, Şimali Kiprdə yaşayır və Yaxın Şərq Universitetində rəssamlıqdan dərs deyir. O, məşhur Azərbaycan heykəltəraşı, mərhum Mirəli Mirqasımovun qızıdır və Vətəndə əsərinin sərgilənməsindən qürur duyduğunu bildirir.

Sərgi yanvarın 23-dək davam edəcək.

 

S.Soltanlı

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 10.