Amerikalı teatr mütəxəssisləri ADMİU tələbələrinə treninq keçəcəklər

 

ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət və təhsil üzrə müşaviri Emi Petersen, təhsil proqramları üzrə mütəxəssis Raminə Mürşüdova, koordinator Fərqani Əliyev Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) tələbələri ilə görüşüblər.

Müxtəlif ixtisaslarda təhsil alan tələbələrin iştirak etdiyi görüşdə ADMİU-nun beynəlxalq əlaqələr və tələbələrlə üzrə prorektoru, professor Gülşən Kəngərli qonaqlara universitetin fəaliyyəti barədə məlumat verib.

Universitetlə səfirlik arasında indiyədək mövcud olan əməkdaşlığın daha da genişlənəcəyinə inandıqlarını deyən qonaqlar bu məqsədlə nəzərdə tutulan yeni mədəni üçhəftəlik layihə haqqında tələbələrə geniş məlumat veriblər.

Layihəyə əsasən, ABŞ-ın “Bond Küçəsi Teatrı” (“Bond Street Theatre”) qrupunun 4 üzvü Azərbaycana dəvət edilərək teatrşünaslıq sahəsində təhsil alan 25-30 tələbə üçün ikihəftəlik təlim kursu keçəcək, təlimlərdən sonra seçilmiş 6-8 tələbə ilə bir həftə ərzində regionlarda məktəbli və gənclər üçün müxtəlif mövzuları əhatə edən qısa tamaşalar göstəriləcək.

Görüşdə iştirak edən tələbələr onlara paylanılan sorğu vərəqələrini də doldurublar. Bu proqramla bağlı əməkdaşlığın aparılması üçün universitetlə səfirlik arasında razılıq əldə olunub, layihənin sonunda hansı regionlarda tamaşaların göstərilməsi barədə fikir mübadiləsi aparılıb.

 

Mədəniyyət.- 2016.- 20 yanvar.- S. 11.