Gənc Tamaşaçılar Teatrının fəaliyyəti ASSİTEJ-in jurnalında

 

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının fəaliyyəti barədə teatrın üzv olduğu Beynəlxalq Uşaq və Gənclər Teatrı Assosiasiyasının (ASSİTEJ) jurnalında yazı dərc olunub. Jurnalda ASSİTEJ-Azərbaycan Milli Mərkəzinin (Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı) ötən ilin dekabrında baş verən yenilikləri əks olunub.

ASSİTEJ-in hər ay həm elektron, həm də çap variantında hazırlanan nəşrində bu dəfə Gənc Tamaşaçılar Teatrında İsveç Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Tomas Danestadla keçirilmiş görüş haqqında məlumat verilib.

Məqalədə göstərilir ki, İsveçin Azərbaycandakı səfirliyinin dəstəyi ilə görkəmli İsveç dramaturqu Astrid Lindqrenin bir neçə ən məşhur əsəri Azərbaycan dilinə tərcümə ediləcək. Müəllifin “Balacadamda yaşayan Karlson”, “Uzuncorab Peppi” və digər əsərləri kitab halında çap olunaraq qaçqın və məcburi köçkün şəhərciyində yaşayan uşaqlara paylanacaq. Həmçinin nəşrdə yazıçının əsərlərindən hər hansı birinin birgə əməkdaşlıq layihəsi çərçivəsində Gənc Tamaşaçılar Teatrında səhnələşdiriləcəyi barədə də məlumat verilir.

Qeyd edək ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 2011-ci ildən ASSİTEJ-in üzvüdür.

 

Mədəniyyət.- 2016.-20  yanvar.- S. 10.