Milli Kitabxanada “Rumın
poeziya günü” keçirildi
Yanvarın 15-də Azərbaycan
Milli Kitabxanasında Mədəniyyət və
Turizm Nazirliyi və Rumıniyanın ölkəmizdəki səfirliyinin
birgə təşkilatçılığı
ilə “Rumın poeziya günü” keçirildi.
Tədbiri giriş sözü
ilə açan Milli Kitabxananın direktoru Kərim Tahirov bildirdi ki, hər il yanvarın 15-i Rumıniya “Mədəniyyət
günü” kimi qeyd olunur. Rumıniyanın müxtəlif ölkələrdəki
səfirlikləri bu münasibətlə tədbirlər
təşkil edirlər.
Bugünkü tədbir də
o silsilədəndir. Direktor Azərbaycan
və rumın ədəbiyyat nümunələrinin
qarşılıqlı tərcümə
əlaqələrindən danışdı.
İki ölkə xalqlarının
bir-biri haqqında daha ətraflı məlumata sahib olması üçün bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətini
də qeyd etdi.
Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat sektorunun müdiri Aslan Cəfərov iki ölkə arasında əlaqələrin
müstəqilliyimizin bərpasından
sonra daha da inkişaf etdiyini söylədi. O, rumın
xalqının qədim
mədəniyyətin daşıyıcılarından
biri olduğunu qeyd etdi. Vurğuladı ki, xalqların mədəni əməkdaşlığına,
mədəni mübadiləyə
yol açan belə tədbirlər nazirlik tərəfindən
həmişə dəstəklənir.
Rumıniyanın Azərbaycandakı səfiri
Daniel Kristian Çiobanu
çıxış edərək
bildirdi ki, ölkəsində ənənə
halını alan “Mədəniyyət
günü” rumın ədəbiyyatının ən
görkəmli nümayəndəsi
Mixay Emineskunun
(1850-1889) adı ilə
bağlıdır. O, az ömür sürüb. Ancaq rumın xalqına və eyni zamanda
dünya ədəbiyyatına
gözəl əsərlər
bəxş edib: “Bu əlamətdar günün
Bakıda qeyd edilməsindən qürur
duyuruq. Tədbirin təşkilinə dəstək göstərənlərə
minnətdarlıq edirik”.
Səfir Rumıniyanın Azərbaycanın
müstəqilliyini tanıyan
ikinci ölkə olduğunu xatırlatdı,
ölkələrimiz arasında
siyasi, iqtisadi və mədəni əlaqələrdən söz
açdı.
Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Bakı Dövlət Universitetinin xarici ölkələr ədəbiyyatı kafedrasının
müəllimi Nüşabə
Sadıxlı, AMEA-nın
Mərkəzi Elmi Kitabxanasının direktoru
Leyla İmanova mədəniyyətin, ədəbiyyatın
xalqları birləşdirmək
istiqamətində rolundan
bəhs etdilər.
Çıxışlarda Azərbaycan-Rumıniya ədəbi
əlaqələrindən bəhs
edildi, dilimizə tərcümə olunmuş
rumın ədəbiyyatı
nümunələri haqqında
məlumat verildi. Bildirildi ki,
sovet dövründə
və müstəqillik
illərində Azərbaycanın
tanınmış şair
və yazıçılarından
Səməd Vurğun,
Mirzə İbrahimov, Cəfər Cabbarlı və başqalarının
əsərləri rumın
dilinə çevrilərək
nəşr olunub.
Sonra Milli Kitabxananın bölmə
müdiri Fəridə
Hacıyeva rumın şairi Mixay Emineskunun yaradıcılığından
tərcümə etdiyi
şeir nümunələrini
oxudu.
Çıxışlardan sonra tədbir iştirakçıları
Rumıniya mədəniyyəti,
ədəbiyyatı və
tarixindən bəhs edən kitab sərgisi ilə tanış oldular, rumın mətbəxi nümunələrinin
dadına baxdılar.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 9.