Vətən
şəhidləri ilə ucalır
Yanvarın 15-də
İstiqlal Muzeyində 20 Yanvar
faciəsinin 26-cı ildönümünə həsr olunmuş “Vətən şəhidləri ilə
ucalır” adlı tədbir-sərgi keçirildi.
Tədbirdə Qara Yanvar şəhidlərinin ailə üzvləri, ziyalılar, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin üzvləri, Milli Qvardiya, Daxili Qoşunların şəxsi heyəti və məktəblilər iştirak edirdi.
İstiqlal Muzeyinin direktoru Fəridə Şəmsi çıxış edərək 1990-cı ilin yanvarında baş verən hadisələrin xalqımızın qan yaddaşından heç vaxt silinməyəcəyini bildirdi, həmin faciəli günləri bir daha xatırlatdı: “Azərbaycanının müstəqilliyi uğrunda canlarını qurban verən qəhrəman vətən övladlarının əziz xatirəsi həmişə bizim qəlbimizdədir. Onlar Azərbaycanın müstəqilliyi və suverenliyi naminə öz canlarından keçdilər”.
Vurğulandı ki, Sovet Ordusu hissələrinin, sıralarında çoxlu erməni hərbçisinin də olduğu qoşunların Bakıya hücumuna, silahsız insanların amansızcasına qətlə yetirilməsinə ilk siyasi qiymət ulu öndər Heydər Əliyev tərəfindən verilib. O, faciənin səhəri günü Moskvada bəyanatla çıxış edərək bu qanlı aksiyanı qətiyyətlə pisləmişdi. 1994-cü ildə Prezident Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis 20 Yanvara hüquqi-siyasi qiymət verib.
20 Yanvar şəhidləri İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev və Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva, Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbinin direktoru Akif Süleymanov çıxış edərək Sovet Ordusunun törətdiyi bu qanlı hadisənin bütün insanlığa qarşı cinayət olduğunu bildirdilər.
Təəssüf hissi ilə qeyd edildi ki, faciədən illər ötməsinə baxmayaraq onu törədənlər hələ də öz layiqli cəzalarını almayıblar. 20 Yanvar hadisəsi XX əsrin sonlarında Azərbaycan xalqının milli azadlıq hərəkatında mühüm yer tutur, Vətən övladlarının uğrunda canlarını fəda etdikləri Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək.
Sonra şəhid İlham Allahverdiyevin şəxsi əşyaları qardaşı tərəfindən muzeyə təhvil verildi.
Anım tədbirində Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin hazırladığı bədii kompozisiya nümayiş olundu. 20 Yanvar faciəsindən bəhs edən videoçarx nümayiş etdirildi.
Sonda tədbir iştirakçıları Vaqif Mustafazadə adına 2 nömrəli uşaq incəsənət məktəbi və Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin şagirdlərinin əl işlərindən ibarət sərgi ilə tanış oldular. Ekspozisiyada məktəblilərin 40-a yaxın rəsm əsəri yer almışdı. Onlar həmin dövrü görməsələr də, eşidib oxuduqları sayəsində, yeniyetmə təxəyyülləri ilə faciənin dərinliklərini təsvir etməyə müvəffəq olublar.
Fariz Hüseynov
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 5.