“Yanvarın 20-ci günü”
Xalça Muzeyində anım tədbiri
Yanvarın 19-da
Azərbaycan Xalça Muzeyində 20 Yanvar faciəsinin ildönümü
ilə bağlı “Unudulmayan tarix” adlı anım tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə Azərbaycan Xalça Muzeyinin direktoru vəzifəsini icra edən Mira Məmmədxanova açdı. O, 26 il əvvəl baş vermiş bu hadisələrin ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda aparılan mübarizə tarixinə əbədi qəhrəmanlıq səhifəsi kimi yazıldığını vurğuladı. Bildirdi ki, həmin ağır günlərdə xalqımız sarsıla da, mübarizliyini itirmədi, tarixin acı və kədər dolu sınağından ləyaqətlə, üzüağ çıxdı.
Muzeyin Kütləvi iş şöbəsinin rəhbəri Aygün Abbasova, Uşaq muzeyi şöbəsinin rəhbəri Azər Abdullayev, mətbuat katibi Fuad Rəsul çıxış edərək 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən həmişə böyük məhəbbətlə anıldığını bildirdilər.
Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında “Yanvarın 20-ci günü” adlı bədii kompozisiya təqdim olundu. Azərbaycan şairlərinin 20 Yanvara, Qarabağa, faciələrimizə həsr etdikləri şeirlər aktyorların ifasında yüksək sənətkarlıqla səsləndirildi, tamaşaçılarda təsirli duyğular oyatdı. Bədii kompozisiya dövlət himnimizin birgə oxunması ilə başa çatdı.
Sonra iştirakçılar Uşaq muzeyi şöbəsinin dərnək üzvlərinin əl işlərindən ibarət “Qanlı Yanvar” adlı rəsm sərgisinə baxdılar. 162 saylı orta məktəbin şagirdlərinin ifasında şeirlər, H.Sarabski adına 7 saylı uşaq musiqi məktəbi şagirdlərinin çıxışları da maraqla qarşılandı.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 4.