“Xalqımızın
qəhrəmanlıq salnaməsi”
Rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Yanvarın 19-da “Abşeron” rəsm qalereyasında “20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsidir” mövzusunda Bakı şəhər orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında təşkil edilən müsabiqənin mükafatlandırma mərasimi keçirilib.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək, 20 Yanvar faciəsinin Azərbaycan xalqının müstəqillik tarixində yerindən söz açıb, bu qanlı terror aktına hüquqi-siyasi qiymətin verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini xatırladıb. Qanlı Yanvar gecəsi Sovet Ordusu tərəfindən amansızlıqla qətlə yetirilən insanların xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığı vurğulanıb.
Bildirilib ki, rəsm müsabiqəsini keçirməkdə əsas məqsəd gənc nəslə vətənə sevgi və məhəbbət hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılmasından ibarətdir.
Sonra qaliblər
mükafatlandırılıb.
Mədəniyyət.- 2016.- 20
yanvar.- S. 2.