“Naxış”ını
seçənlər üçün
Milli İncəsənət Muzeyində dəb nümayişi
Dilimizdə
naxışla bağlı xeyli maraqlı
ifadə var ki,
bunların heç birinin
birbaşa naxış
anlayışına dəxli yoxdur. Məsələn,
«adamda naxış yaxşı şeydir», «filankəsin naxışı gətirib»
və s. Bu fikirlər daha çox
bəxt mənasında işlənsə də, naxış sözünün elə birbaşa
anlamda - yəni dekorativ-tətbiqi sənət
sahəsində də mənası dərin və genişdir. Üstəlik, naxış həm
də aid olduğu
xalqın etnik pasportu,
gen yaddaşının təzahürüdür.
Ötən həftəsonu Rüstəm Mustafayev adına Azərbaycan Milli İncəsənət Muzeyində «Naxış» atelyesinin ilk dəb nümayişi keçirildi.
Muzeyin Səttar Bəhlulzadənin məşhur əsərlərinin sərgiləndiyi salonunda keçirilən tədbir ilk baxışda bir növ təxminən yüz il əvvəlki nəcib xanımlar məclisini xatırladırdı. Özlərinə sığal verib tumar çəkmiş, müxtəlif yaşlı və fərqli zövqlü (geyimlərinə əsasən belə demək olardı) xanımları bir arada görmək göz oxşayırdı.
«Naxış»ın həm qonaqları qarşılamaq, həm də libasları nümayiş etdirmək üçün seçdiyi model qızlara isə söz ola bilməzdi. Ucaboy, incə, sadə makiyajlı və geyindikləri paltarların gözəlliyini kölgədə qoyan, diqqəti yayındıra bilən hər cür aksessuarsız və bəzəksiz!
Defilə zamanı «Naxış» atelyesinin direktoru və dizayneri Səmra Axundovanın müəllifi olduğu 22 ziyafət libası nümayiş etdirildi. Eyni geyim üslubuna sadiq, ən müxtəlif rəngli libasları birləşdirən əsas cəhət bu geyimlərin milli Azərbaycan naxışları ilə bəzədilməsi idi. Üstəlik, bir məqama da diqqət yetirmək lazımdır. Dizayner təxəyyülünün bəhrəsi olan bu libaslar yüngül korreksiya edilməklə müxtəlif yaş qrupuna aid zövqlü xanımların əyninə biçilə və onların qarderobunu bəzəyə bilər. Axı, madam Şanelin təbirincə desək, paltar asılqan üçün deyil, onu geyinən rahat hərəkət etməlidir.
Üzümüzə gələn yaz-yay mövsümünün trendlərini əks etdirən 22 libasın tikildiyi parçalar Parisdən və Milandan gətirilib. Bu kolleksiya təxminən bir il ərzində ərsəyə gəlib. Rəssamların müəllif dizaynı olan naxışlar isə paltarlara əl ilə tikilir.
«Naxış» atelyesi mart ayında ölkəmizdə keçirilməsi
nəzərdə tutulan dəb həftəsində
iştirak etməyi planlaşdırır.
Odur ki, atelye indidən zövqlü
xanımları öz
«Naxış»ını seçməyə dəvət edir.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 16.