“Kimliyimizə
daha çox dəyər verən ortaq keçmişimiz var”
“Mədəniyyət bir təməlin ən
mühüm ünsürüdür. Bir toplumun torpağı işğal
edilsə,
o,
qurtula bilər, amma mədəniyyətini itirsə, onun təkrar
özünə gəlməsi mümkün deyil”
“Xaricdə Yaşayan
Türklər və Qohum Topluluqlar” qurumu (YTB) Türkiyənin
yeni qurumlarından biri hesab olunur. Qurulmasından az müddət
keçməsinə baxmayaraq, Azərbaycan da daxil olmaqla ortaq
türk mədəniyyətinin dünyada
tanıdılmasında, tariximizin araşdırılmasında,
türkdilli xalqların bir araya gətirilməsində önəmli
rol oynamaqdadır. Qurumun rəhbəri Qüdrət
Bülbül ilə müsahibəmizdə YTB-nin fəaliyyəti,
prioritetləri, planları barədə danışdıq.
- “Xaricdə Yaşayan Türklər və Qohum
Topluluqlar” qurumunun yaranmasının səbəbləri nə
idi?
- Bizim
qurum Türkiyədə geniş perspektivi ilə
tanınır. Bir cümlə ilə ifadə
etmək lazım olarsa, yeni Türkiyəni tarixi,
coğrafiyası və toplumu ilə barışan bir
Türkiyə olaraq təyin edirəm. Biz
digər türkdilli soydaşlarımızla birlikdə uzun
köç mədəniyyətinin övladlarıyıq.
Bu anlamda bu kökdən qidalanan nəsillər
dünyanın hər yerinə yayılması ilə bərabər
sıx olaraq yaşadıqları yerlər var. İki yüz
ildir ki, ulus dövlətlərlə birlikdə öz
içimizə qapanmışıq. Hətta 1990-cı
illərə qədər, məsələn, Qafqazda nə qədər
soydaşlarımızın yaşadığını
Türkiyədə soruşsaydınız, buna nə qədər
adam doğru cavab verə bilərdi, demək
çətindir. Türkiyə 1980-ci illərdən,
Turqut Özalın zamanından başlayaraq dünyaya daha
çox açılan, əlaqələr quran bir hala gəldi.
Zaman-zaman bu səylər davam etdi. Amma 2000-ci ildən başlayaraq Türkiyə öz
coğrafiyası, tarixi ilə barışan bir ölkə
oldu. Biz buna “Yeni Türkiyə” deyirik.
Tarixin bir dönəmini qəbul edib, başqa
bir dönəmi rədd etməyən, onu bütöv tarix
olaraq qəbul edən perspektiv - tarixlə
barışmağı ehtiva edir. Beləliklə,
uzun illər başlı-başına buraxılan xaricdəki
vətəndaşlarımız, soydaşlarımız, həmvətənlərimizlə
yaxından maraqlanmaq lazım idi. Avropada
yaşayan milyonlarla vətəndaşımız, bir çox
diaspor qurumlarımız var. Son 150 ildə Afrika, Asiya, Yaxın
Şərq, Qafqazda yaşayan soydaşlarımızla əlaqələrimiz
kəsilmişdi. Bizim 100 il əvvəlki
baş nazirimiz bir misirli, 140 il öncəki bir tunisli idi. Hətta Krımda İsmayıl
Qaspıralının nəşr etdiyi bir qəzet (“Tərcüman”
- red.) İstanbulda çox yaxından izlənilirdi.
Yaxın keçmişdə isə bu əlaqələr
unudulmuşdu. Bu mənada həmin əlaqələri
yenidən canlandırmağa çalışırıq.
YTB-nin fəaliyyətində üç istiqamət var:
birincisi, diaspor fəaliyyəti, ikincisi, soydaş və qohum
topluluqlarla iş, nəhayət, üçüncüsü,
beynəlxalq abituriyentlərə dövlət
burslarının (təqaüdlərinin) verilməsi. Mənim
universitetdə təhsil aldığım illərdə belə
bir fikir ətrafında diskussiya gedirdi: türk dili elm dili ola bilərmi? Bizim müəllimlər deyirdi
ki, ola bilməz. Amma bu
gün dünyanın hər tərəfindən yüzminlərlə
insan Türkiyəyə gəlmək, təhsillərini
türk dilində almaq istəyirlər.
- Mədəniyyət
sahəsində hansı layihələrə önəm
verirsiniz?
- Mədəniyyət
bizim fəaliyyətimizin ikinci istiqamətinə aiddir. Tarix və əlaqələrimizin dərin olduğu
bir coğrafiya və bu coğrafiyada tariximiz var. Bizim kimliyimizə
daha çox dəyər verən ortaq bir keçmişimiz
olub. Bu istər Türkiyəyə, istərsə
də Azərbaycana aiddir. Amma son yüz ildə
ortaya bir unutqanlıq çıxır. Bu sahədə
ortaq mədəni dəyərləri ortaya çıxaran bir
çox layihələrimiz, fəaliyyət istiqamətlərimiz
var. Məsələn, ötən ilin oktyabr ayında
gerçəkləşdirdiyimiz “Çanaqqala 100 il sonra” layihəsi
bunlardan biri idi. Yüz il əvvəl Osmanlı dövlətinin
təşəbbüsü ilə Suriya, Fələstin və
Liviyadan 30 nəfərədək alim və yazardan ibarət
heyət Çanaqqalaya gəlmiş, qanlı savaşın
getdiyi bu torpaqda baş verənləri öz gözləri ilə
görmüş və geri döndükdən sonra cəbhədə
gördüklərini qələmə alaraq baş verən
hadisələri bütün dünyaya anlatmağa
çalmışdılar. Yüz il sonra
biz bu tarixi səfəri yenidən canlandırmaq, təkrar etmək
məqsədilə ərəb ölkələri də daxil
olmaqla dünyanın müxtəlif yerlərindən
tarixçi, yazıçı, media nümayəndələrini
bir araya gətirdik. Səfərdə Suriya, Livan, Fələstin,
İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Azərbaycan,
Misir, Tunis, Yəmən, Bosniya və Kosovodan nümayəndələr
iştirak edirdi. Biz il boyu elan etdiyimiz mədəniyyət
layihələrinə dəstək veririk. Tarixi
ortaq şəxsiyyətimiz olan İsmayıl Qaspıralı
ilə bağlı da layihə gerçəkləşdirdik.
Məsələn, Krımdakı tarixi-mədəni
əsərlərin də identisifikasiyasını apardıq.
Krıma gedən heyət əcdadlarımızdan
bizə qalan - daşdan başlayaraq sənədlərə qədər
hər şeyin qeydiyyatını apardıq. Nəticədə ortaya qalın bir kitab
çıxdı. Digər bir layihə
“Sözlü tarix”dir. 1944-cü ildə oradakı insanları
öz ata-baba yurdlarından sürgün etdilər. Bu tarixlə bağlı bir fəaliyyət yox idi.
Bu baxımdan biz 80-90 yaşında adamlarla
müsahibələr apardıq və ortaya sənədli bir
tarix qoyduq. Bənzər layihəni
Ahıska türkləri ilə bağlı da həyata
keçirməyi düşünürük.
-
2016-cı ili “Kosovo ili” elan etmisiniz. Bu layihə nə vəd edir türk dünyasına?
- Fəaliyyət
sahəmiz çox genişdir və sanki bir okeanda üzməyə
çalışan qurumuq. Belə qərara gəldik ki, bu ili bir ölkəyə həsr edək və
orada daha sıx tədbirlər keçirək. İlk
olaraq Balkanlardan, Kosovodan başladıq. Gələcəkdə
biz “Azərbaycan ili”, digər ölkələrlə
bağlı layihələr də elan edə bilərik. Bizim digər qurumlar da bu layihəni çox müsbət
qarşıladılar. Ümid edirəm ki,
uğurlu bir layihə olacaq. İlboyu Kosovo
ilə bağlı elmi, mədəni layihələrə dəstək
verəcəyik.
- Azərbaycanla
əməkdaşlıq istiqamətində hansı perspektivlər
var?
- Azərbaycan Strateji Araşdırmalar Mərkəzi
çox gözəl bir layihə gerçəkləşdirmişdi
və mən də ona qatılmışdım. Bu baxımdan
ASAM ilə əlaqələrimiz var və gələcəkdə
bunu daha da genişləndirməyi düşünürük.
Diaspor ilə bağlı da Azərbaycanla birgə fəaliyyətimiz
ola bilər. Türkiyə ilə
Azərbaycan diasporunun ortaq fəaliyyətinə birgə dəstək
verməyi düşünürük.
-
Müsahibələrinizin birində soydaş və qohum topluluqlarla
əlaqələr baxımından yüz il
öncəkindən daha yaxşı bir vəziyyətdə
deyilik, demisiniz...
-
SSRİ-nin dağılmasından sonra yaxşı bir nöqtəyə
gəldik. Aradan keçən 20-25 ildən sonra
artıq biz bir araya gəlib bir-birimizlə danışa
bilirik. Qeyd etdiyim kimi yüz il öncə
İsmayıl Qaspıralının qəzeti İstanbulda izlənilirdi.
Misirdə çıxan bir jurnal İstanbulda
tanınırdı. Amma bu gün 100 il
öncəki durumda olduğumuzdan əmin deyiləm. Yeni Türkiyənin qurumları çox sahələrdə
öz fəaliyyətlərini genişləndirirlər. Ona görə ki, bu gün mən də daxil olmaqla
bütün məmurları toplayaraq, məsələn, Misirdən
məmur bürokrat adı deyin, soruşsaq, cavab vermələrindən
əmin deyiləm. Ankaradakılara
Bakıdan 3 qəzetçi adı soruşsanız doğru
cavab vermələrinə də ümid etmirəm. Yəni əvvəlcə bir-birimizi
tanımalıyıq ki, ortaq bir mədəniyyətin
övladları olduğumuzu daha yaxşı bilək. Ona görə bir çox eyni məslək
adamlarını zaman-zaman bir araya gətiririk. Qət edəcəyimiz məsafə önəmlidir.
Hələ ki, yolumuzun əvvəlindəyik.
Türkiyə ilə Azərbaycan dost və qardaş ölkədir.
Yazıçı, qəzetçi, alim, məmur
və başqalarının bir-birini daha çox
tanımaları lazımdır. Biz də
bunun üçün əlimizdən gələni edirik.
Bu baxımdan bizim üçün mədəni
fəaliyyətlər də çox dəyərlidir. Çünki mədəniyyət bir təməlin ən
mühüm ünsürüdür. Bir
toplumun torpağı işğal edilsə, o, qurtula bilər,
amma mədəniyyəti işğal olunsa, mədəniyyətini
itirsə, onun təkrar özünə gəlməsi
mümkün deyil. Bu, Azərbaycanın
yaşadığı bir gerçəkdir. Azərbaycan xalqı uzun illər rus
işğalı altında yaşadı, amma milli kimliyini, mədəniyyətini,
dilini, dəyərlərini güclə, böyük
mübarizə əzmi ilə qoruyub saxladı.
- Qüdrət
bəy, müsahibə müddətində
otağınızdakı ab-hava da diqqətimdən
yayınmadı. Bura bir məmur otağından
daha çox botanika bağına bənzəyir. Sanki
qapalı bir mühitdə özünüzə kiçik təbiət
guşəsi yaratmısınız...
- İnsana onun böyüdüyü coğrafiya
çox təsir edər və onu formalaşdırar. Bu mənim həyatımda
da belə oldu. Otağımda bu qədər
çox yaşıllığın olması mənim
yetişdiyim mühitlə bağlıdır. Uşaqlığım kənddə, təbiət
qoynunda keçib. Bu da bizim ruhumuza təsir
edir. Bizim kimi insanlar qapalı bir mühitdə
narahat olur. İstər ağac, istər
çiçək, istərsə də, böcək olsun -
mütləq fərqli bir nəsnə olmalıdır ətrafımızda.
Kənd mühitində böyümək
uşaqlığımın ən böyük
şansıdır. Çünki həmin
illərdə ailəmizin ən böyük dəyəri -
mal-qara, qoyun-quzu sürüləri cəmi 8-10
yaşımızda bizlərə həvalə edilirdi. Bu inanılmaz bir məsuliyyətdir. Heyvan sürüsünə zərər vermədən
onu gətirib ailəyə təhvil verərdik. Bu məsuliyyəti yaşamaq çox gözəldir.
İndi 8-10 yaşında uşağı bir
baqqala göndərəndə narahat oluruq. Müasir yaşayışın insanlara
yaratdığı ən böyük problem təhlükəsizlik
qayğısıdır.
Mehparə Sultanova
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 12.