“Harada
Şərq əlyazmaları varsa, orada Azərbaycan əlyazmaları da var”
“Məqsədimiz dünyanın harasında Azərbaycana aid əlyazma varsa, hamısını tapıb ölkəmizə gətirməkdir”
Əlyazmalar milli mədəniyyətimizin önəmli hissəsini
təşkil edir. Di gəl
ki, onların daha qiymətliləri
yurdumuzdan qıraqda, yad
ellərdə və əllərdədir. Tarix üzrə elmlər doktoru, professor, AMEA-nın
M.Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr
şöbəsinin müdiri Fərid
Ələkbərli Avropanın bir sıra
şəhərlərində saxlanılan Azərbaycan əlyazmalarının
tapılıb vətənə gətirilməsində böyük işlər görüb. Onunla
müsahibəni təqdim edirik.
- Fərid müəllim, siz 2010-2014-cü illərdə Vatikan Apostol Kitabxanası və Vatikan Məxfi Arxivlərində araşdırmalar aparmısınız. Oradakı Azərbaycan əlyazmaları haqqında nə deyə bilərsiniz?
- Vatikan Apostol Kitabxanasının arxivlərində orta əsr Azərbaycan müəlliflərinin çoxsaylı əlyazmaları saxlanılır. Müxtəlif ölkələrə yayılan missionerlər Vatikana təkcə məlumat göndərmirdilər, maraqlarını çəkən əşyaları, müxtəlif xalqların mədəniyyətləri, fəlsəfi-dini görüşləri haqqında məlumat verən kitabları, əlyazmaları da özləri ilə gətirirdilər. Vatikanda dünyanın hər yerindən əlyazmalar, qədim Misir papirusları, Şumer, Akkad, Assuriya gil lövhəcikləri, eləcə də ərəb, fars, türk, çin, uyğur və başqa dillərdə yazılmış mətnlər, əlyazma kitabları toplanırdı.
Vatikan Apostol Kitabxanasının vahid, bütün materialları əhatə edən kataloqu yoxdur. Bu səbəbdən də Azərbaycana aid əlyazmaları üzə çıxarmaq üçün kitabxananın fondlarında araşdırma apardım, 400-dən artıq əlyazmanı tədqiq etdim. Nəticədə həmin kitabxanada orta əsrlər Azərbaycan müəlliflərinə məxsus 68 qədim əlyazma əsərini üzə çıxardım. Bunlar türk (Azərbaycan və Osmanlı), fars, ərəb dillərində olan qaynaqlardır. Vatikan Məxfi Arxivləri isə zəngin materiallar xəzinəsidir. Bu arxiv Papanın şəxsi arxivi olduğuna görə məxfi adlandırılır.
Azərbaycan əlyazmalarının Vətənə gətirilməsi ilə bağlı bir sıra önəmli işlər həyata keçirilib. Çalışmışıq ki, heç olmasa onların surətləri və rəqəmsal variantı əlimizdə olsun. Bizim əlyazmalar Türkiyədə, İranda, bir sıra ərəb ölkələrində, eləcə də Avropada saxlanılır. O sıradan Vatikanda, Romada, Parisdə, Berlində, Britaniyada, hətta Avropanın kiçik şəhərlərindəki kitabxanalarda əlyazmalarımız var. Bu kitabxanaların çoxu kilsələrin nəzdində fəaliyyət göstərib. O vaxtdan onlar dünyanın hər yerindən dəyərli kitab və əlyazmaları toplayıblar. Onların arasında xalqımıza aid çoxlu nümunələr var. Nizaminin, Nəsiminin, Füzulinin, Sührəvərdinin və başqalarının əsərlərini örnək göstərə bilərik.
Vatikan Apostol Kitabxanasında və Vatikan Məxfi Arxivlərində olan Azərbaycana aid əlyazmaların fotolarını elektron variantda Əlyazmalar İnstitutuna vermişəm. Onların arasında elələri var ki, nə əsər, nə də müəllifləri haqqında öncədən bizdə heç bir məlumat yox idi. Orta əsrlər müəlliflərinin nücum, tarix, ədəbiyyat haqqında təzkirələri var. Bunların çoxu XVI əsrdə Azərbaycan türkcəsində yazılıb. Məsələn, Baba Həsən Şirvaninin ana dilimizdə olan nücuma aid əlyazması ciddi maraq doğurur. Vatikandakı araşdırmalar zamanı Təbrizdən, Ərdəbildən, Zəncandan olan bir sıra müəllifləri və onların əsərlərini üzə çıxara bildim.
Apostol Kitabxanasında işləməkdən ötrü rəsmi icazə gərəkdir. Bu icazəni almaq üçün sanballı rəsmi qurumlardan ora təqdimat məktubu göndərilir. Bununla bağlı Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və səfirliyimiz tərəfindən müvafiq məktub təqdim olunmuşdu. Bütün ezamiyyələr Heydər Əliyev Fondunun dəstəyi ilə gerçəkləşdi. Fondun dəstəyi ilə həmin əlyazmaların bir qisminin bərpası da həyata keçirilib.
- Sənədlər içərisində dövlətçiliyimizlə bağlı nələrə rast gəldiniz?
- Orta əsrlər Azərbaycan hökmdarlarının məktubları özəlliklə maraq doğurur. Bunlar Elxanilər, Səfəvi dövlətləri başçılarının Roma papaları ilə yazışmalarıdır. Sənədlər arasında Şah İsmayılın, Şah Təhmasibin, Şah Abbasın, Nadir şahın, Qacar kimi hökmdarların məktubları var. Eləcə də Ağqoyunlu hökmdarı Uzun Həsənin yazışmaları əlimizdədir.
- Azərbaycan hökmdarlarının məktubları hansı dillərdədir?
- Müxtəlif dillərdədir. Məsələn, Elxanilərə aid sənədlər türk, monqol, ərəb dillərindədir. Uyğur və ərəb əlifbalarında yazılıb. O dönəmdə hələ uyğur əlifbasından istifadə edirdilər. Təbrizə gəlmiş İtaliya səyyahlarına verilmiş buraxılış kağızları da var, Elxani hökmdarları tərəfindən imzalanıb. O məktublar italyan və latın dillərinə tərcümə olunaraq papalara verilib. XII yüzildə latın və qədim fransız dillərindən istifadə olunurdu. XIV əsrdən qədim italyan dili geniş işlədilirdi. Sənədlər içərisində Azərbaycana gələn Vatikan missionerlərinin də hesabatları var. Onlar Azərbaycanda yaşayan əhali, maraqlandıqları hər şey haqqında yazıblar. Vatikanda apardığım araşdırmalarla bağlı 2014-cü ildə ayrıca kitab yazdım: “Vatikan arxivlərində saxlanan Azərbaycana aid əlyazmalar”. Bunlar təsvir olunmamış əlyazma əsərlərdir. Orada 100-ə yaxın əlyazma var ki, heç bir kataloqa daxil edilməyib və indiyə kimi təsvir olunmayıb. Vatikanda bütün türkdilli əlyazmalar qarışıqdır. Onların içərisində ayrı-ayrı türk soylarına məxsus əlyazmalar var. Kitabxananın müdiri bildirdi ki, bu türkdilli əlyazmalar araşdırılmayıb və təsvir olunmayıb, siz onları təsvir etsəniz, kataloqa daxil edərik. Mən bu işi üzərimə götürdüm.
- Əlyazmalar hansı mövzuları əhatə edir?
- Müxtəlif mövzularda əlyazmalar var. Ağqoyunlu, Qaraqoyunlu, Osmanlı və Səfəvi hökmdarlarının tarixinə dair əsərlər çoxdur. İslama, nücuma, tibbə, coğrafiyaya, ədəbiyyata aid əsərlər də var. Orada Nizami Gəncəvinin əsərlərinin XVII əsrə aid Osmanlı türkcəsində tərcüməsinə də rast gəldim. Bunlar “Xosrov və Şirin” və “Sirlər xəzinəsi”dir. Sonra Fəridəddin Əttarın, Hafizin, Sədinin əsərlərinin türk dilinə tərcümələri var. XVI yüzilə aid olan Şərafəddin həkimin cərrahiyyəyə aid əsəri var, dili bizim türkcəyə çox yaxındır. Orada bir sıra cərrahi alətlərin adları, şəkilləri, eləcə də əməliyyatların aparılma yolları göstərilir.
- Siz bir müddət Vyana Milli Kitabxanasında da işləmisiniz. Orada nələri üzə çıxardınız?
- Orada da Azərbaycana aid çoxlu əlyazmalar var. Nizaminin, Əvhədi Marağayinin, Nəsiminin, Sührəvərdinin əsərləri saxlanılır. Bir çox əlyazmalar arasında fərq var. Ona görə orta əsrlər əlyazmalarını çapa hazırlayarkən onun variantlarını tutuşdururlar, ən qədimini tapmağa çalışırlar. Əlyazma nə qədər qədimdirsə, o, orijinala bir o qədər yaxındır.
- Araşdırmalar zamanı miniatürlərimizə rast gəldinizmi?
- İtaliyanın Milan şəhərində Nizaminin əsərlərinə çəkilmiş miniatürlər var ki, onlar bizdə yoxdur. Onlar “Leyli və Məcnun” poemasına aiddir. XVI-XVII yüzillərdə çəkilib. Qəribədir ki, həmin miniatürlər kitabın içərisində yox, ayrıca lövhədə çəkilib.
- Bəs Berlin Milli Kitabxanasında hansı əlyazmalarımız qorunur?
- Orada bir aya
yaxın işlədim,
Azərbaycan əsərlərinin
siyahısını tərtib
etdim. Cəlaləddin Rumi ilə Şəms Təbrizinin yazışmalarından ibarət
əlyazma şeirlər
tapdım. Nizaminin də
əlyazmaları vardı.
Firdovsinin “Şahnamə” əsərinə
azərbaycanlı rəssamın
çəkdiyi miniatürləri
üzə çıxardım.
- Azərbaycana aid əsərlər
daha hansı ölkələrdə saxlanılır?
- Çox ölkələrdə.
Harada Şərq əlyazmaları varsa, hökmən orada Azərbaycan əlyazmaları
da var. Avropada əlyazmalar dillər üzrə sistemləşdirilir.
Füzulinin farsca yazdıqlarını fars əlyazmalarının,
türkcə yazdıqlarını
türk əlyazmalarının
sırasına qoyurlar.
Məsələn, Türkiyədə
Topqapıda, Süleymaniyyədə,
İranın bir sıra şəhərlərində
əlyazmalarımız var.
- Ölkəyə gətirdiyiniz
əsərlər burada
araşdırılırmı?
- Artıq bu işlərə
başlanılıb. Bir sıra
əsərlər dilimizə
çevrilib. Məhəmməd
bin Mahmud Şirvaninin əczaçılığa
aid “Rəvzatül-itr li
an yərtadül-əttar” əsəri
hazırda çapdadır.
XVI əsr Azərbaycan
şairi Sürurinin əsəri də transliterasiya edilərək
nəşrə hazırlanıb.
- Bir qədər də Vatikanda rast gəldiyiniz qədim Azərbaycan xəritələri haqqında məlumat verməyinizi xahiş edərdik...
- Bu səfərlər zamanı Azərbaycan tarixinə dair orta əsr Avropa və Şərq xəritələrini də üzə çıxardım. XV-XVIII əsrləri əhatə edən bu xəritələrin önəmi ondan ibarətdir ki, onlar qədimdə və orta yüzillərdə “Azərbaycan” adlı ölkənin mövcudluğunu təsdiq edir. Qarabağ, Midiya, Şirvan və Arran kimi coğrafi ərazilərin sərhədlərini müəyyən edərək, erməni alimlərinin uydurmalarına baxmayaraq, Bakı, Şamaxı, Gəncə, Təbriz, Qəbələ, Qarabağ, İrəvan və Qars şəhərinə qədər uzanan ərazini Azərbaycan torpaqları kimi göstərir. Bəzi xəritələrdə Xəzər dənizi “Bakı dənizi” kimi qeyd olunur. Xəritələr Amsterdam, Antverpen, İstanbul və sair şəhərlərdə alman, holland, italyan və Osmanlı coğrafiyaşünasları tərəfindən tərtib olunub. Məqsədimiz dünyanın harasında Azərbaycana aid əlyazma varsa, hamısını tapıb ölkəmizə gətirməkdir.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 11.