Yarıməsrlik
yaradıcılıq yolu
Oxu tar, oxu tar,
Səni
kim unudar?
Ey geniş kütlənin
Şirini,
şərbəti,
Alovlu sənəti.
Bir vaxtlar qədim xalq çalğı alətimizi
ləğv etmək istəyənlərə Mikayıl
Müşfiq cəsarətlə
bu misraları söylədi. Tarın sadəcə bir
çalğı aləti
deyil, xalqımızın
mənəvi dünyasının
zənginləşməsində böyük əhəmiyyətini
bəyan etdi. Tar
oxudu, oxuyur və oxuyacaq. Çünki onu köksünə
sıxıb sevərək
dilləndirən sənətkarlarımız
olub və var. Onlardan biri də
tar ilə dostluğunun,
məhəbbətinin 50 yaşını
qeyd edən novator tarzən professor Həmid Vəkilovdur.
Təbii
ki, hər bir işin başlanğıcı
olduğu kimi bu dostluğun da mənbəyi var. Bu yerdə Həmid Vəkilovun ömür kitabından bəzi səhifələri vərəqləyək.
Həmid
Şamil oğlu Vəkilov 1949-cu il
yanvarın 23-də Bakıda
anadan olub. Erkən yaşlarından tara olan
məhəbbəti Bülbül
adına musiqi məktəbində oxuyarkən
daha da artır
və bu məhəbbət onun tarla əbədi dostluğunun təməli
olur. 1967-72-ci illərdə
Üzeyir Hacıbəyov
adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil
alaraq solist ifaçı, xalq çalğı alətləri
orkestrinin dirijoru ixtisaslarına yiyələnir.
Elə o
vaxtdan da Həmid Vəkilov mahir tarzən və pedaqoq kimi geniş yaradıcılıq fəaliyyətinə
başlayır. Muğam və
xalq musiqi incilərini tarda xüsusi məharətlə
ifa edən sənətkar Azərbaycan,
Qərb və rus bəstəkarlarının
əsərlərinə də
biganə qalmır.
Sənətdə axtarışlar aparır,
yeniliklər edir.
Hamıya yaxşı bəllidir ki, tar aləti köksə sıxılaraq
sinədə çalınır. Bu tarixi faktı da qeyd etməliyik
ki, bir vaxtlar
diz üstə çalınan tar XIX əsrdə
Mirzə Sadıq Əsədoğlu sayəsində
sinəyə qalxdı.
Bəli,
sənətkar əyləşib
tarı köksünə
sıxaraq onu ürəyinin hökmü,
möhkəm biləyi
və iti barmaqları ilə dilləndirir. Həmid Vəkilov
isə ilk dəfə
tarı ayaq üstə çalmağı
nümayiş etdirdi.
Bu gün bəzi
gənc tarzənlər
də yeri gəldikdə Həmid müəllimin ənənəsini
davam etdirirlər.
Sənətkarın tara
novator yanaşma tərzi alətin quruluşunda da öz əksini tapıb. Belə ki, tarın
kəlləsindəki taxta
aşıqları mexaniki
aşıqlarla əvəz
edib. Daha sonra 2 oktava
yarım diapazonu 4 oktavaya çatdırıb.
Bunun sayəsində tarda muğamlarla yanaşı,
dünya klassiklərinin
əsərlərini də
daha rahat və dolğun ifa etmək imkanı yaranıb. Məsələn, Həmid
müəllimin ifasında
Sarasattinin “Əndəlus
romansı” buna misal ola
bilər. Tarda flajolet üsulunun
tətbiqi də Həmid Vəkilovun adı ilə bağlıdır. O hələ
konservatoriyada oxuyarkən
skripka üçün
yazılan əsərləri
tarda orijinalda olduğu kimi ifa edirdi. O, tarı əsərə uyğunlaşdırmaq, yəni
hər hansı klassik əsərin tara tətbiq
olunmasına da özünəməxsus üsullarla
yanaşır. Bir sözlə,
Həmid Vəkilov müasir tar ifaçılığına
öz töhfələrini
verərək bununla da novator tarzən
adını qazanıb.
Əlbəttə, Həmid müəllimi bu novator cəhətlərə
sövq edən, onu daha da
ruhlandıran bir çox amillər var. Bu yerdə belə haşiyəyə çıxaraq
musiqiçilər haqda
subyektiv fikrimi söyləmək istəyirəm. Belə bilirəm
ki, musiqiçi iki istiqamətdə formalaşır. Biri istedadla
savadı və zəhməti qovuşduranlar,
digəri isə təhsillə zəhməti
qovuşdurub sənətə
gələnlər. Hər iki
cəhət peşəkar
musiqiçiyə aiddir.
Amma, sənətdə novatorluq
edə bilənlər
birinci növü təmsil edirlər, yəni istedadı olub zəhməti ilə savadını artırıb sənətdə
daim axtarışdadırlar.
Məhz bu cəhətlər Həmid müəllim üçün novatorluğun
mənbəyidir. Ona ilham
verən amillərdən
biri də müxtəlif konsert salonlarında, respublika və beynəlxalq səviyyəli müsabiqə
və festivallarda etdiyi uğurlu çıxışlardır. Müxtəlif dövrlərdə
laureat, diplomant adlarına layiq görülən, bir çox fəxri fərmanlarla təltif edilən sənətkar
1987-ci ildə Əməkdar
artist fəxri adına da layiq görülmüşdür.
Həmid
Vəkilovun tar ifaçılığının
tədrisində də
mühüm xidmətləri
var. 1973-cü ildən Bülbül
adına orta ixtisas musiqi
məktəbində müəllimlik
fəaliyyətinə başlayan
sənətkar 1978-ci ildən
Üzeyir Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasında
(indiki Bakı Musiqi Akademiyası) da tar alətini tədris etmişdir.
1990-cı ildən konservatoriyanın
dosenti olan tarzən 1992-ci ildə Türkiyəyə dəvət
olunur və orada 17 il
ifaçı və pedaqoq kimi fəaliyyət
göstərir. 2010-cu ildə
vətənə qayıdan
Həmid müəllim
Milli Konservatoriyada fəaliyyət göstərib,
professor elmi adına
layiq görülüb.
Bütün deyilənlərdən bəlli olur ki, Həmid Vəkilovun Azərbaycan
tar alətinin təkmilləşməsində
və tar ifaçılığının
inkişafında mühüm
rolu var. Bu mənada onun köçürmələri
əsasında bir neçə tədris proqramlarını (N.Əliverdibəyovun
“Vals-skertso”, P.İ.Çaykovskinin
“Sintemental vals”, T.Quliyevin “Qaytağı” əsərlərindən ibarət
“Pyeslər” məcmuəsi)
da qeyd edə
bilərik. Həmid müəllimin “Azərbaycan
tarı və onun ifaçılıq problemləri haqqında təkliflər” metodik-tövsiyəsi
də gənc tarzənlər üçün
dəyərli mənbədir.
Novator tarzən
Həmid Vəkilovu həmkarlardan fərqləndirən
cəhətlərdən biri
də bəstəkarlıq
qabiliyyətidir. Onu bu sahədə
püxtələşdirən unudulmaz bəstəkarımız
Zakir Bağırov olub. Bəstəkarın
tar ilə simfonik orkestr üçün yazdığı konsertin yaranma tarixində onun da mühüm
rolu var. Həmin konsert məhz Həmid Vəkilova həsr olunub və 1985-ci ildə özünün ifasında
SSRİ Xalq artisti Nikolay Nekrasovun rəhbərliyi ilə Ümumittifaq Televiziya və Radiosunun xalq çalğı alətləri orkestrinin müşayiəti ilə
lentə yazılıb
və “qızıl fond”a daxil edilib.
Sonralar Həmid müəllim özü
tar ilə simfonik orkestr üçün bir neçə əsərlər yazıb.
Bunlardan simfonik orkestr üçün “Şıdırğı”
və “Çılğın”
adlı əsərlər,
3 hissəli “Konsert” və başqalarını
qeyd edə bilərik.
Sənətkarın yaradıcılığını bu qədər maraqlı və zəngin edən ayrılmaz dostu olan sədəfli tardır. Bugünlərdə hörmətli sənətkarımız tarla dostluğunun 50 illik yubileyini Azərbaycan Dövlət Filarmoniyasında sənət dostları, həmkarları və tələbələri ilə birgə qeyd etdi. Həmişə yeniliklərə imza atan Həmid Vəkilovun tar ilə simfonik orkestr üçün yazdığı bir neçə əsər də ilk dəfə həmin konsertdə səsləndi. Düşünürük ki, bu yaradıcılıq gecəsi Həmid müəllimə növbəti novator düşüncələr üçün yeni bir eşq, yeni bir ilham verəcək. Yunus Əmrə demişkən -
Bu dünyanın eşqdir canı,
Bu yolda qoymusan canı,
Yunus Əmrə deyir bunu,
Bir gün də eşqsiz olmayın.
Biz də deyirik ki, hörmətli Həmid müəllim, yaradıcılıq yolunuzda eşqiniz tükənməsin, sənət dünyamızdan tarınızın sədası əskik olmasın.
Səadət Təhmirazqızı
sənətşünaslıq
üzrə fəlsəfə doktoru
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 10.