Turizmin inkişafı bölgələrin
büdcədən asılılığını azaldacaq
Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan iclasında Prezident İlham Əliyev regionların iqtisadi və sənaye potensialının artırılmasının vacibliyini vurğulayaraq, bunun üçün imkanların olduğunu bir daha diqqətə çatdırıb. Dövlət başçısı vurğulayıb ki, yerlərdə qeyri-neft sektorunun, o cümlədən turizmin inkişaf etdirilməsi, sənaye məhəllələrinin, texnoparkların yaradılması büdcədən asılılığı aradan qaldıracaq.
Qaldırılan məsələlərin həlli istiqamətində Xaçmaz rayonunda da işlər aparılır. Rayon İcra Hakimiyyəti başçısının müavini İlhamə Nəzərova bildirib ki, əsas prioritet sahələr kimi turizm, emal sənayesi, kənd təsərrüfatı, orta və kiçik sahibkarlığın inkişafını göstərmək olar.
Xaçmaz ölkəmizin turizm imkanları geniş olan rayonlarındandır. Ölkəmizə gələn turistlərin daha çox üz tutduğu, Xəzər dənizi və sıx meşəliklərlə əhatə olunmuş Nabran istirahət zonası bu rayonun ərazisində yerləşir. Regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramlarının icrası müddətində rayon ərazisində 10-a yaxın mehmanxana, eləcə də 60-dək istirahət mərkəzi yaradılıb. İstirahət zonasında və ətraf ərazilərdə vacib infrastruktur layihələri icra olunur.
Ötən ilin dekabr ayında “Azərişıq”
Açıq Səhmdar Cəmiyyəti tərəfindən rayonun Seyidlikəndyeri kəndində 35/10 kilovoltluq yeni, müasir avadanlıqlarla təchiz olunan yarımstansiya istifadəyə verilib. Yarımstansiyanın inşa
olunması Nabran istirahət zonasında və
ətraf yaşayış məntəqələrində həm
əhalinin, həm də ərazidə fəaliyyət göstərən
çoxsaylı turizm obyektlərinin elektrik təchizatında ciddi
dönüş yaradıb. Yaxın gələcəkdə
Nabran istirahət zonasında yol infrastrukturunun yenilənməsi
işlərinin həyata keçirilməsi də nəzərdə
tutulub. Bu da həm yerli, həm də
əcnəbi turistlərin Xəzər sahillərində yerləşən
istirahət mərkəzlərinə və çimərliklərə
rahat gəliş-gedişini təmin edəcək.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 9.