Mədəni irs və dəyərlər, iqtisadiyyat və turizmlə bağlı çağırışlar

 

Azərbaycanlı alimlər Makedoniyada beynəlxalq konfransda iştirak ediblər

 

Yanvarın 17-dən 19-dək Makedoniyanın Ohrid şəhərində “Terrorizm, miqrasiyalar, köçkünlər - mədəni irs və dəyərlər, iqtisadiyyat, turizmmedia ilə bağlı müasir çağırışlar” adlı IV beynəlxalq konfrans keçirilib.

 

Beynəlxalq tədbirdə ölkəmizi Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini Həbibə Əliyeva, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi idarə heyətinin sədri Fariz Xəlilli, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Könül Hacıyeva, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyeva, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin müəllimləri Günel Seyidəhmədli və Mehparə Abbasova təmsil ediblər.

Konfransda terrorizmin müasir cəmiyyətin ən böyük problemi olduğu qeyd edilib. Vurğulanıb ki, terrorizm müasir dünyanın qlobal cəmiyyət kimi inkişafı yolunda əsas maneədir. Terrorizm, miqrasiya və köçkünlər həyatımızın bütün mərhələlərində müasir təhlükə riskidir.

Azərbaycan alimləri ölkəmizin üzləşdiyi işğalçılıq siyasəti və qaçqınlar probleminə diqqət çəkiblər. MİRAS İctimai Birliyinin sədri Fariz Xəlilli “Tarixi Qarabağ bölgəsi irsinin sənədləşdirilməsi layihəsi”ndən bəhs edən çıxışında işğal altındakı torpaqlarımızdakı mədəni irs nümunələrimizin dağıdılması, digər ölkələrdə satışı və qaçaqmalçılığın geniş yayılmasından danışıb.

Sonra Qarabağın mədəni irs abidələrinə işğalçıların münasibətini göstərən “Xocalı vaxtı” filmi nümayiş olunub.

Konfransda diqqətə çatdırılıb ki, 2016-cı il Azərbaycanda “Multikulturalizm ilielan olunub. Bu gün dünyada tolerantlıq nümunəsi olan Azərbaycan Respublikası bütün Azərbaycan vətəndaşlarının, o cümlədən ermənilərin ölkədə təhlükəsiz və rahat yaşaması üçün zamindirbu mədəni müxtəlifliyi təmin etmək üçün bütün imkanlara malikdir.

Beynəlxalq tədbirdə ötən il keçirilən konfransın materiallarından ibarət kitab da təqdim edilib. Kitabda Azərbaycandan çox sayda alimin elmi məqalələri yer alıb.

Yanvarın 19-da Azərbaycan nümayəndə heyəti türklərin sıx yaşadığı Jupa bələdiyyəsinə gedib, orada yerli sakinlərlə görüşüblər. 20 Yanvar faciəsinə həsr olunmuş dəyirmi masa təşkil olunub. Bələdiyyə sədri Ariyan İbrahim 20 Yanvar faciəsindən xəbərdar olduqlarını və şəhidlərin ruhunu yad etdiklərini bildirib.

Azərbaycan nümayəndə heyəti Mədəniyyət və Turizm Nazirliyi, Milli Azərbaycan Tarixi Muzeyi, Bülbülün Memorial Muzeyi, MİRAS İctimai Birliyi və ayrı-ayrı alimlərin adından Jupa bələdiyyəsinin kitabxanasına kitablar, broşürlər, jurnallar və disklər hədiyyə edib.

Nümayəndə heyətimiz Mustafa Kamal Atatürkün baba evinin yerləşdiyi Kocacık kəndindəki xatirə muzeyini də ziyarət edib.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 9.