Hər gənc qıza belə nənə lazım!..

 

Afina axşamları”ndan ağıla taxılanlar

 

Azərbaycan Dövlət Rus Dram Teatrında rus dramaturqu Pyotr Qladilinin «Afina axşamları» lirik komediyasının səhnələşdirilməsi barədə oxuculara məlumat vermişdik. Yanvarın 17-də tamaşanın premyerası oldu...

 

18 yaşlı konservatoriya tələbəsi Nataşa sevgilisi və gələcək övladının atası Anton ilə söhbət edir. Anton qızı tələsdirir, hamiləliyi hiss olunanadək Nataşa ilə evlənmək istəyir, qız isə hələ də bu barədə valideynlərinə bir kəlmə deməyib. Əslində anası ilə paylaşmağın mənası yoxdur, çünki bu evdə kimin nə yeməyindən, saat neçədə yatmağından tutmuş ta hansı ifaçıya qulaq asacağını da ata həll edir. Onun nəzərində isə Nataşa böyük musiqiçi karyerasını quran, tanınmış pianoçu olmaq, bir ildə iki beynəlxalq müsabiqədə qalib gəlmək planı ilə yaşayan balaca qızdır.

Bəlkə də hər şey başqa cür olardı: Nataşa bizim başqa filmtamaşalarda gördüyümüz kimi, valideyn sözü ilə sevgisindən, doğulmamış övladından imtina edə, məşhur ifaçı ola, amma qadın xoşbəxtliyindən, analıq səadətindən məhrum ola bilərdi. Ya da sevgilisi Antona qoşulub qaçar, övlad sahibi olar, amma musiqiçi karyerasını qurban verərdi, sonra da ömür boyu bunun acısını çəkərdi... Əslində variantlar çox ola bilər. Ən optimal, ən yaxşı seçim üçünsə müdrik kimsə işə qarışmalıdır.

Onun gəlişini çox gözləmək lazım gəlmir. Zadəgan əsilli, cavanlığı guya əks-inqilabi fəaliyyət üstündə sürgündə keçmiş nənə Anna Pavlovna xaricə səfərdən əvvəl qızıgilə gəlir.

Yeniyetmə qızlardan seçilməyən tərzdə geyinmiş nənəni ailə musiqi sədaları altında qarşılayır. Bu səhnə tamaşaçıya bir ismarışdır. Nənə əvvəlcə nəvəsi ilə görüşür, öz boyunbağısını çıxarıb onun boynuna salır - yəni ən dəyərli nəyim varsa, sənindir. Sonra qızını bağrına basır və əldə toxunma zərif yun şalı onun çiyninə salır - yəni nə qədər böyüsən də, həmişə səni qorumağa hazıram. Nəhayət, növbə kürəkənə yetişir. Qayınana rəngi gözqamaşdıran bəzəkli qutunu ona verir. Çox sevinən kürəkən qutunu açan kimi Şaxta baba əlcəyi taxılmış oyuncaq əl onun burnuna bir yumruq ilişdirir - yəni sənin də burnunu ovan tapılar.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Aleksandr Şarovski bu dəfə də pyesin dəyərini artıran, seyrçini həm güldürən, həm həyəcanlandıran, həm də kövrəldən məqamlara xəsislik etməyib.

Birinci şəkildə Nataşanın hər kəlməsinə Antonun mahnı ilə cavab verməsi, hədiyyələrin paylanması səhnəsi, Antonun Boris Oleqoviçi cırnadaraq məşhur «Hava nagila» yəhudi mahnısını oxuması, üstəlik, ailənin qadın qisminiöz ətrafına yığması salonu həm güldürür, həm də ailədə qüvvələr nisbətinin dəyişəcəyinə hazırlayır.

Rejissor pəncərə şəklində açılan ekranda səhnədə baş verənləri tamamlayan videogörüntülər salmaqla da teatrın sintetik sənət anlamını gücləndirir. Pəncərədən qar yağdığını görürük, nənə Parisə yola düşəndən sonra Fransa paytaxtının mənzərələri hadisələrin fonuna çevrilirs... Səhnə əsərinə kinematoqrafın “müdaxiləsi” tamaşaçıya yersiz görünmür (buradaca bir haşiyə çıxaq ki, tamaşadan sonra küçəyə çıxan bir seyrçi söylədi ki, elə bildim ki, küçədə də qar yağır).

* * *

Müdriklərdən kimsə deyib ki, əgər situasiya yaxşı deyilsə, deməli, o, hələ başa çatmayıb. Çünki hər şey yaxşılıqla bitməlidir. «Afina axşamları»nda da hər şey xoş sonluqla bitir. Tamaşanın məzmununu danışmaq fikrində deyilik. Sadəcə, bu tamaşanı seyr edəcək oxucularımızı bir qədər istiqamətləndirmək istərdik.

Tamaşada beş iştirakçı varbu beş obrazın hər birinin ifaçısını təhlil etmək o qədər də çətin deyil.

Başlayaq elə zadəgan ananın cəmiyyət tərbiyəsi verdiyi qız, amma tərbiyəsinə güclü xarakterli ərin «əl gəzdirdiyi» zəif, sözəbaxan, dərin düşünməyən (çünki bu evdə hamının əvəzinə düşünən biri var) sadə qadın Lüdmiladan. Əməkdar artist Natalya Şarovskaya qəhrəmanı əri ilə qızının ciddi söhbəti zamanı qızına da, ərinə də sakit olmaq işarəsi verdiyi, valerian damcısı içdiyi anlarda nə qədər məzəlidirsə, anası «parlaq» gəncliyini xatırlayarkən başını boşqabın üstünə endirib xəcalət çəkərkən də o qədər səmimidir. Amma onun acizliyi Borisin nənəni yola salarkən Nataşanın ərə getməyəcəyi, uşağı da tələf edəcəyi barədə öz qəti və son qərarını açıqlayarkən bilinir. Bir qadın kimi hönkürən qızının (bu yerdə gənc aktrisa Natəvan Hacıyevanın məharətini qeyd etməmək olmur - onun çarəsizcəsinə səadətinin və fəlakətinin baisi olan royalı qucaqlayıb sözsüz fəryad qoparması tamaşaçıları təsirləndirdi) analıq haqqını qorumalı olarkən yerində donub qalır. İndiyədək müxtəlif tipli qadın obrazlarını canlandırmış aktrisa N.Şarovskaya Lüdmilanın xarakterini açmağa nail olub. Məgər aramızda belələri azdır? Lüdmila bu xarakteri ilə Azərbaycan mühitindəki əksər analara çox bənzəyir.

Bəs Nataşa? Atasının lap körpəlikdən məharətlə ciddi musiqiyə yönəltdiyi, istedadlı, zəhmətkeş, inadkar bir qız. Ciddi ailə dəyərləri ilə tərbiyə almış bu qız ədəb-ərkan normalarını büllur qab kimi yerə çırpıb sındırır. Niyə? Yasaq meyvə şirin olar axı... Əslində Nataşanın tanınmış və bəxtəvər ifaçı olmaq üçün hər bir imkanı var. Amma Boris Oleqoviç əksər valideynlərin səhvini təkrarlayır: övlad onun arzularını gerçəkləşdirməlidir! Nataşanın qiyamı da elə buna qarşıdır.

Boris Oleqoviç rolunu Xalq artisti Səfa Mirzəhəsənov ifa edir. Aktyor bu tamaşada da ifası ilə qəhrəmanının davranışına haqq qazandırmağı bacardı. O, gülüş və nifrət obyekti olduğu səhnələrdə eyni cür çılğın və inandırıcıdır.

Anton Oleq Əmirbəyovun ifasında müəllifin və rejissorun görmək istədiyi qəhrəmandır: sevgisinə sadiq, onu xoşbəxt etməyə, qayğısına qalmağa hazır cavan kişi. Anton həm də qohum olduğu ailədə ona mənəvi dayaq olacaq şəxsi tez seçir: nənə Anna Pavlovna sevənləri qovuşdurmağı bacarır!..

Nənə - Əməkdar aktrisa Yevgeniya Nevmerjitskayanın öz yubileyi üçün şəxsən seçdiyi pyesin baş qəhrəmanıdır. Adətən aktrisalar hətta yubiley tamaşalarında da özlərindən xeyli cavan rolu oynamaq istəsələr də, budəfəki yubilyar özündən ən azı 20 yaş böyük nənə obrazını seçib. Həyatı fərqli ictimai-siyasi quruluşlarda keçmiş, zadəganlıq, dustaqlıq, sürgün görmüş, taleyinə məhəbbət üçbucağı ilə barışmaq, sevmədiyi adamdan övlad dünyaya gətirmək yazılmış qadın hər şeyə rəğmən ruhunu kirlətməyib, psixoloji cəhətdən elə nəvəsi ilə yaşıddır. Buna görə də Nataşa öz qəlbini nənəsinə açır. Ruh demişkən, Anna Pavlovna vəfat edən kəsin ruhunun başqa cisimdə zühuruna inanır və çox istəyir ki, onun mənəvi ömrü nəticəsinin vücudunda davam etsin.

Əsərin finalında məlum olur ki, Anna Pavlovna nəticəsi doğulandan az əvvəl vəfat edib, amma bunu hamilə ikən belə beynəlxalq müsabiqəyə hazırlaşan Nataşadan gizlədirlər. Amma Nataşa nənəsi ilə həmin söhbəti unutmayıb və qızını ilk dəfə qucağına alarkən çağanın sağ gözünü qırpmasından bunu anlayıb.

Hər şey yaxşı qurtarır, bircə nənənin vəfatı olmasaydı. Amma bu sonluq insanı çeşidli düşüncələrə qərq edir: bəlkə də hamı elə Anna Pavlovna kimi gülə-gülə ölməlidir...

 

Gülcahan Mirməmməd

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 7.