20 Yanvar şəhidlərinin xatirəsi Moskvada yad edilib

 

Azərbaycanın Rusiyadakı səfirliyində 1990-cı il yanvarın 19-dan 20-ə keçən gecə Bakıda baş vermiş faciəli hadisələrin 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə xarici dövlətlərin səfirləri, Rusiya ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

 

Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin səfirliyin foyesindəki barelyefi önünə, həmçinin faciə qurbanlarının siyahısı həkk olunmuş stendin qarşısına çiçəklər düzüblər. Qonaqlara rusingilis dillərində məlumat verilib, 26 il əvvəl törədilmiş qanlı hadisələrin xronikası açıqlanıb. Sovet imperiyası hərbi hissələrinin Bakıya basqını, dinc əhalinin gülləbaran edilməsi nəticəsində 147 nəfərin qətlə yetirildiyi diqqətə çatdırılıb.

Daha sonra çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu 20 Yanvar hadisələri haqqında ətraflı məlumat verərək bildirib ki, o dəhşətli gecə xalqımızın yaddaşından heç bir zaman silinməyəcək, faciə qurbanlarının xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Diplomat həmin günlər Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin cəsarətli addımından və bu hadisələrə ədalətli qiymətin verilməsində xüsusi rolundan da danışıb. Xatırladıb ki, Heydər Əliyev Bakıda baş verən hadisələrin səhəri günü, 1990-cı il yanvarın 21-də böyük cəsarət nümayiş etdirərək Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib, siyasi bəyanatla çıxış edib, Bakıda baş verən hadisələri sovet rəhbərliyinin öz vətəndaşlarına qarşı cinayəti kimi qiymətləndirərək pisləyib. Bu, Azərbaycan xalqının adından dünyaya yayılan bəyanat idi.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 6.