Milli fəxarət və qəhrəmanlıq günü

 

Romadakı La Sapienza Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan üzrə Araşdırmalar və Tədqiqatlar Mərkəzində 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier, ölkəmizin İtaliyadakı müvəqqəti işlər vəkili Vüqar Hacıyev çıxış ediblər. Bildirilib ki, 26 il əvvəl Bakıda baş verən bu faciə sovet rejiminin süqutunu daha da sürətləndirdi, xalqımızın bu rejimə dirəniş göstərən ən mübariz xalq olduğunu nümayiş etdirdi.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə ərsəyə gəlmiş “Şuşa qalası” filminin təqdimatı olub. Şuranın əməkdaşı Toğrul Məmmədli çıxış edərək xaricdə təhsil alan azərbaycanlı tələbələri ölkəmizlə bağlı həqiqətləri, o cümlədən 20 Yanvar faciəsi haqqında məlumatları təbliğ etməkdə fəal olmağa çağırıb.

AİGA-nın həmsədri Emin Rüstəmov, “Şuşa qalası” filminin rejissoru Nihad İsa, İtaliyadakı Rəqs Missiyası Assosiasiyasının prezidenti Raissa Salaxova çıxış edərək 20 Yanvar hadisələrinin Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu söyləyiblər.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 6.