Özbəkistanda faciənin ildönümü qeyd olunub

 

Azərbaycanın Özbəkistandakı səfirliyi, bu qurumun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və Özbəkistandakı Azərbaycan diaspor təşkilatının iştirakı ilə Daşkənddə 20 Yanvarın ildönümü qeyd olunub.

İştirakçılar mərkəzin foyesində 20 Yanvar faciəsindən bəhs edən fotostendə, faciə ilə bağlı uşaqların əl işləri və kitab sərgisinə baxıblar, onlara faciə ilə bağlı məlumatlar toplusu paylanılıb.

Mərkəzin direktoru Samir Abbasov 20 Yanvar faciəsi haqqında məlumat verib, bu faciəni Azərbaycan xalqının qəhrəmanlıq və qürur səhifəsi adlandırıb.

Özbəkistandakı Azərbaycan diaspor təşkilatının rəhbəri Mobil Məmmədov, Özbəkistanın Beynəlmiləl Respublika Mədəniyyət Mərkəzləri Assosiasiyasının rəhbəri, şair-tərcüməçi Nəsrəddin Məhəmmədiyev imperiya qoşunlarının Bakıda törətdikləri qanlı qırğından söz açıblar.

Mədəniyyət mərkəzinin Azərbaycan dili kurslarının uşaqları 20 Yanvara həsr edilmiş bədii kompozisiya ilə çıxış ediblər.

Anım mərasimində Özbəkistanın Xalq Çalğı Alətləri Orkestrinin 20 Yanvar qurbanlarının əziz xatirəsinə həsr etdiyi konsert-rekviyem təqdim olunub.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 4.