Ölkəmiz Bəhreyndə mədəniyyət forumunda və incəsənət sərgisində təmsil olunub

 

Xəbər verdiyimiz kimi, Bəhreyn Krallığında Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və 42-ci İncəsənət Sərgisinin açılışı keçirilib. Tədbirlərdə ölkəmiz də təmsil olunub.

Açılış mərasimində Bəhreyn Krallığının Baş naziri Xəlifə bin Salman Əl Xəlifə, ölkənin mədəniyyət naziri, Mədəniyyət və Əntiq Əşyalar Administrasiyasının və Bəhreyn Milli Muzeyinin prezidenti xanım Mai bint Məhəmməd Əl Xəlifə, nazirlər, millət vəkilləri, diplomatlar, adamları, mədəniyyət və incəsənət nümayəndələri, media mənsubları iştirak ediblər.

Sərginin açılışında çıxış edən Bəhreynin Baş naziri Xəlifə bin Salman Əl Xəlifə qeyd edib ki, incəsənət sərgisi ildən-ilə tanınan regional və beynəlxalq tədbirə çevrilməkdədir. O bildirib ki, hər il çoxalan iştirakçı və ziyarətçi sayı sübut edir ki, bu tədbirə olan maraq artmaqdadır.

Daha sonra müxtəlif pavilyonlarda 87 rəsm əsəri və incəsənət işləri olan sərgiyə baxış keçirilib.

 

 

 

Bəhreyn Krallığında keçirilən Beynəlxalq Mədəniyyət və İnvestisiya Forumu və incəsənət sərgisinin açılışında Mədəniyyət və Turizm Nazirliyinin Turizm şöbəsinin Marketinq sektorunun aparıcı məsləhətçisi Günel Aslanova iştirak edib.

Qeyd edək ki, Bəhreyn İncəsənət Sərgisi artıq 42-ci dəfədir keçirilir. Yanvarın 20-də başlanan sərgi martın 20-dək davam edəcək.

 

Mədəniyyət.- 2016.- 22 yanvar.- S. 3.