Mədəniyyət
ocaqlarında şəhidlərimizin xatirəsi anılıb
20 Yanvar faciəsinin növbəti ildönümü ilə əlaqədar
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin tabeliyində olan tədris və mədəniyyət
ocaqlarında çoxsaylı tədbirlər keçirilib.
İdarədən bildirilib ki, qurumun nəzdində fəaliyyət göstərən “İstedad Mərkəzi” Muzey Mərkəzində Ümummilli Hüzn Gününə həsr olunmuş konsert təqdim edilib. 3 nömrəli uşaq incəsənət məktəbində keçirilmiş “20 Yanvar tariximizin silinməz yaddaşı” adlı tədbirdə şagirdlərin faciəyə həsr olunmuş əl işləri nümayiş olunub.
Binəqədi mərkəzi mədəniyyət evində “Şanlı tariximiz”, Hacıağa Abbasov adına mədəniyyət evi, Nardaran qəsəbə klubu və Bilgəh qəsəbə mədəniyyət evinin birgə təşkilatçılığı ilə 108 nömrəli tam orta məktəbdə “Qanlı Yanvar - qan yaddaşımız”, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi kitabxanası 158 nömrəli tam orta məktəblə birlikdə “Şəhidlər ölməz, vətən bölünməz”, Mərdəkan mədəniyyət sarayı “Ağlama şəhid balası” adlı kompozisiya və tədbirlər keçiriblər.
Ümumilikdə Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinin şəbəkəsinə
daxil olan mədəniyyət
müəssisələrində faciənin 26-cı ildönümü ilə bağlı 126 tədbir
təşkil edilib.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 3.