Şəki şəhərinin
tarixi hissəsinə milli
qoruq statusu veriləcək
“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim irsin qorunması ilə bağlı kompleks tədbirlər görüləcək
Prezident İlham Əliyev yanvarın 19-da “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” sərəncam imzalayıb.
Sərəncamda qeyd olunur ki, Azərbaycanın çoxəsrlik zəngin keçmişə malik şəhərlərindən Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində hazırda çox sayda məscid və minarələr, karvansara və sənətkarlıq emalatxanaları, muzeylər və tarixi əhəmiyyətli digər tikililər var. Onlarla sənətkarlıq sahəsinin toplu halında mövcud olduğu şəhərdə tarixi-mədəni irs bu gün layiqincə yaşadılır. Sosial-iqtisadi irəliləyişin geniş vüsət alması regionun turizm potensialını daha da artırmış, eyni zamanda yeni üslublu tikililərin şəhərin simasını dəyişməsi və onun özünəməxsus memarlığını korlaması səbəbindən qoruq ərazisində aparılan işlərə xüsusi həssaslıqla yanaşılması zərurəti meydana çıxmışdır.
Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq dəyərinə və üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb. Eyni zamanda, “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu üçün inzibati binanın ayrılmasına və ya həmin binanın tikintisi üçün tələb olunan maliyyə vəsaitinə dair təkliflər bir ay müddətində Nazirlər Kabinetinə təqdim olunmalıdır.
Həmçinin Mədəniyyət və Turizm Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Şəki Şəhər İcra Hakimiyyəti ilə birlikdə Şəki şəhərinin təbii landşaftının qorunması və yaşıllaşdırılmasına dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Sərəncamda Nazirlər
Kabinetinə Şəki şəhərinin tarixi
hissəsinin inkişafı və qorunub
saxlanılması ilə bağlı tədbirlər
planını üç ay
müddətində, “Yuxarı Baş”
Dövlət Tarix-Memarlıq Qoruğunun xəritəsini
bir ay müddətində
təsdiq etmək, “Yuxarı Baş”
Dövlət Tarix-Memarlıq Qoruğuna
milli qoruq statusunun verilməsini
və qoruğun maliyyələşməsinin
dövlət büdcəsinin yerli xərclərindən
dövlət büdcəsində Mədəniyyət və Turizm Nazirliyi üzrə mərkəzləşdirilmiş
xərclərə keçməsini təmin etmək, habelə
qoruğun maddi-texniki
bazasının gücləndirilməsi ilə
bağlı zəruri tədbirləri həyata keçirmək
tapşırılıb.
Mədəniyyət.- 2016.- 22
yanvar.- S. 2.