Hər addımda tarix çağıran şəhər

 

Türk dünyasının mədəniyyət paytaxtı - 2016

 

Özünəməxsus adət-ənənələri, gözəl mətbəxi və qonaqpərvər insanları olan Şəki turistlərin ən çox səfər etdiyi regionlarımızdan biridir. Son illər müxtəlif beynəlxalq tədbirlərə, festivallara ev sahibliyi edən, bu il TÜRKSOY tərəfindən “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilən qədim şəhərdə mədəni mirasının qorunması istiqamətində də mühüm addımlar atılır, tarix abidələr təmir-bərpa olunur.

 

Yanvarın 19-da Prezident İlham Əliyevin imzaladığı “Şəki şəhərinin tarixi hissəsinin qorunması haqqında” sərəncam bu işlərin miqyasını daha da artıracaq.

Sərəncama əsasən, Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində qədim irsin qorunması ilə bağlı kompleks tədbirlər görüləcək, şəhərin tarixi hissəsinə milli qoruq statusu veriləcək. Buradakı küçə şəbəkələrini və plan konfiqurasiyasını pozan, memarlıq üslubuna xələl gətirən tikililərin uyğunlaşdırılması, mühəndis kommunikasiya xətlərinin təmiri və ya yenidən qurulması, tarix və mədəniyyət abidələrinin bərpası və ya konservasiyası, yolların təmiri həyata keçiriləcək. Sərəncamda şəhərin təbii landşaftının qorunması və yaşıllaşdırılması da nəzərdə tutulur.

 

Qoruq ərazisindəki tarixi tikililər

 

Şəkinin qədim hissəsini əhatə edən “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu 1967-ci ildə yaradılıb. Ərazidə yerləşən, qeydiyyatdan keçmiş 25 dünya, ölkə və yerli əhəmiyyətli tarixi memarlıq, arxeoloji, xatirə və s. abidələr var. Buradakı məscidlər, karvansaralar, sənətkarlıq emalatxanaları, muzeylər, şəxsi mülklər, ipək fabriki, tütün maxorka fabriki, ticarət dükanları və digər tarixi tikililər əhəmiyyətli qorunmaqdadır.

Qoruq ərazisində yerləşən, XVIII əsr milli memarlığımızın bənzərsiz nümunəsi olan Şəki Xan sarayı şəhərə ayaq basan qonaqların ziyarət etdikləri ilk məkandır. Yaşı 250-ni ötən tikili möhtəşəmliyi ilə görənləri heyran edir. Saray 1762-ci ildə Şəki hakimi Məhəmməd Hüseyn xanın dövründə inşa olunub. 2 mərtəbədən, 6 otaqdan, 4 dəhlizdən, 2 güzgülü eyvandan ibarət sarayın mərtəbələri eyni quruluşludur: mərkəzdə böyük salonsalonun hər iki mərtəbəsindəki dəhlizlərə bitişik yan otaqlar. Birinci mərtəbənin divanxana otağındakı tavanı taxta parçalarından həndəsi fiqur şəklində hazırlanıb. Onların birləşdirilməsində yapışqan və ya mismardan istifadə olunmayıb.

Saray memarlıq üslubuna görə Azərbaycan rəssamlıq və xalq tətbiqi sənətinin nadir incilərindən hesab olunur. Onun divarları müxtəlif mövzulu rəsmlərlə bəzədilib. Nizami Gəncəvinin poemalarının motivləri əsasında çəkilmiş şəkillər, ovdöyüş səhnələri, təbiət və müxtəlif ornamentlərlə zəngin rəsmlər sarayın cazibəsini daha da artırır.

Orta əsrlərdə ticarət yollarının üzərində yerləşən ölkəmizdə uzaq ellərdən gələn karvanlar üçün xüsusi tikililər - karvansaralar inşa edilirdi. Həmin dövrdə ticarətin geniş yayıldığı Şəkidə tikilmiş beş karvansaradan ikisi günümüzə qədər gəlib çatıb. Bunlar “Yuxarı karvansara” və “Aşağı karvansara”dır. Orta əsrlərdə tacirlərin mehmanxana kimi istifadə etdikləri məkanlar bu gün qədim şəhərə üz tutan turistlərdə böyük maraq doğurur.

 

Dini məkanlar

 

Şəki özünün dini məkanları ilə də məşhurdur. Belə abidələrdən biri də XVIII əsrdə inşa olunan Giləhli məscididir. Sadə yaşayış evlərinə məxsus ənənəvi Şəki memarlıq üslubunda tikilən məscid uzun müddət baxımsız qaldığından qəzalı vəziyyətə düşüb və bərpa etmək mümkün olmayıb. Məscidin yalnız minarəsi bu günə kimi gəlib çatıb.

Şəkidə daha bir dini məkan Hacı Çələbi xan tərəfindən XVIII əsrin ortalarında tikdirilmişonun şərəfinə adlandırılan “Xan məscidi”dir. Məscidin tikintisində yerli inşaat materiallarından - çay daşından, bişmiş kərpicdən, əhəngdən, kirəmitdən, palıd, fıstıq, qovaq ağaclarından istifadə edilib.

Məscidin yaxınlığında üstündə yüksək ustalıqla işlənən, oyma naxışlarla bəzədilən qəbirüstü daşlar olan qəbiristanlıq yerləşir. Burada Şəki xanları, onların ailə üzvləri və yaxın adamları dəfn edildiyindən “Xan qəbiristanlığı” adlanır.

Qoruq ərazisində Cümə məscidi, Ömər Əfəndi məscidindən başqa məhəllə məscidləri də qorunub saxlanılır.

 

Muzeylər

 

Şəki öz muzeyləri ilə də ziyarətçilərin diqqətini cəlb edir. Şəki Xalq Tətbiqi Sənəti Muzeyi, Mirzə Fətəli Axundzadə, Rəşid bəy Əfəndiyev və Sabit Rəhmanın ev-muzeyləri də “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində yerləşir.

1985-ci ildən fəaliyyət göstərən Xalq Tətbiqi Sənəti Muzeyi qədim albanlardan yadigar qalan “Dairəvi məbəd”də yerləşir.

Muzey binasının tarixi haqqında müxtəlif mülahizələr var. Məbədin ilkin formasının VIII əsrə qədər tikildiyi güman edilir. Burada dəfələrlə təmir-bərpa işləri aparılıb. Şəki xanlığı çar Rusiyası tərəfindən işğal edildikdən sonra “Dairəvi məbəd”də konstruktiv dəyişikliklər edilərək rus əsgərləri tərəfindən kilsə kimi istifadə olunub. Hazırda muzeydə Şəkinin tanınmış sənətkarları haqqında məlumatlar və tətbiqi sənət nümunələri nümayiş etdirilir.

Orta əsr memarlığının yadigarı olan Ağvanlar, Yeraltı hamam, “Şəkixanovların evi” də qoruq ərazisində yerləşir. Arxeoloji abidə olan yeraltı “Saxsı su kəməri” də unikal nümunələrdəndir.

Onu da qeyd edək ki, Şəkinin tarixi hissəsi Şəki Xan sarayı ilə birlikdə UNESCO-nunÜmumdünya İrsinin İlkin Siyahısı”nda yer alıb.

 

Fariz Hüseynov

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 23