“Öz
yolumu tapmağa
çalışıram”
Gənc,
istedadlı tarzən Şəhriyar İmanov
1989-cu ildə Bakının Buzovna qəsəbəsində
anadan olub. 9
yaşından musiqi ilə məşğuldur.
2009-cu ildə Azərbaycan Milli
Konservatoriyasını bitirib. 2013-cü
ildən həmin təhsil müəssisəsinin müəllimidir.
Ölkəmizi xaricdə keçirilən Azərbaycan mədəniyyət
günlərində,
beynəlxalq tədbirlərdə təmsil edir.
Tar ifaçılığında
özünəməxsus improvizələri ilə seçilir. Onunla söhbətimizdə
də öncə bu barədə soruşduq:
- Muğamda improvizə etməyim klassik yolu yaxşı mənimsəməyimdən irəli gəlir. Üç il Bülbül adına orta ixtisas musiqi məktəbində, beş il də indi çalışdığım Milli Konservatoriyada Xalq artisti Ağasəlim Abdullayevdən dərs almışam. Onun sevimli tələbəsi olmuşam. Adam nə qədər ki, tələbədir, müəllimin dediyi hər şey onun üçün qanun olur, qoyulan yoldan qırağa çıxmır. İstənilən tələbənin vurduğu iki mizrabdan kimin tələbəsi olduğu aydın bilinir. Özünütəsdiq hökmən özünəməxsusluq tələb edir. İndiki tarzənlər çoxluğunda seçilmək üçün gərgin çalışmaq gərəkdir.
- Ən böyük uğurlarınızdan biri “Muğam aləmi” beynəlxalq müsabiqəsində birinci yeri tutmağınızdır. O günləri necə xatırlayırsınız?
- 2013-cü ildə “Muğam aləmi” III Beynəlxalq Festivalı çərçivəsində muğam müsabiqəsi keçirilirdi. Müsabiqədə həm instrumentalçılar, həm də xanəndələr iştirak edirdi. Öncə yerli müsabiqə təşkil edildi ki, orada yer tutanlar beynəlxalq müsabiqədə ölkəmizi təmsil etsinlər. Onadək çox müsabiqədə gücümü sınamışdım. Ancaq bu dəfə gərgin idim, yarışmaya ciddi hazırlaşırdım. İki aya yarışmaya “7 məqam” kompozisiyasını hazırladım. Burada 7 əsas muğamı göstərməliydim. İfam bəzi mübahisələrə səbəb oldu, ancaq bəyənildi və 30-a qədər iştirakçı arasında birinci yeri tutdum. Həmin kompozisiya ilə müsabiqəyə qatıldım, orada da birinci oldum.
- Muğam standart, klassik yoldur. Bununla belə, onillər öncəki muğamla bugünkü muğam arasında fərq varmı?
- Əlbəttə, 1950-ci illərin muğam çalğısı ilə indiki çalğılar arasında fərq var. Hərə bir-iki xal əlavə edir, beləcə muğam dəyişir, ancaq ənənəvi yol dəyişməz qalır. Məsələn, Bəhram Mansurovun yolu Hacı Məmmədov yolundan fərqlənir. Məmmədağa Muradov da başqalarından seçilir. Muğamın klassik standartını hamı qorumağa borcludur. Ancaq onların içərisində ayrı-ayrı yollar, özünəməxsusluqlar var.
- Tarı gitara kimi dünya miqyaslı alətə çevirə bilərikmi?
- Klassik gitaranın vətəni İspaniyadır.
Onun ana musiqisi ispan
musiqisidir. Gitara bu
gün dünya musiqisində, bütün
janrlarda istifadə olunur. İspanlar mühafizəkarlıq edib gitaranın ölkədən qırağa
çıxmasına imkan
verməsəydilər, indi
o, yalnız özlərinə
məxsus bir alət olacaqdı. O
alətdə yalnız
ispan musiqisi çalınsaydı, indi
beləcə sevilməzdi.
Hər xalq öz musiqisini
gitarada çala bildiyi üçün həmin alət sevilir.
Tarımız da dünya mədəniyyətində
gedən inkişafdan geri qalmır. Bu gün Milli Konservatoriyada Rossininin, Qlinkanın əsərlərini
çalırıq. Bizdə
milli alətlərin içərisində ən
çox tar üçün
əsərlər yazılıb.
Belə əsərlərin sayı
40-a yaxındır. Hər bir
alətin imkanlarını
genişləndirmək üçün
onu hökmən klassik, caz musiqisində
və başqa janrlarda sınamalısan.
İspan
xalqı gitaranın dünyaya yayılmasıyla
fəxr edirsə, biz niyə tarı dünyaya yayıb fəxr etməyək?
Görün, musiqimizdə nə
qədər qıraqdan
gəlmiş başqa
alətlər var. Tarımız
da dünya xalqlarının musiqisində
yer ala bilər. Bizdə simli alət məktəbi yalnız tardır. Bütün
gitara ifaçıları
tar sinfini bitiriblər.
Klarnet alman alətidir. Zurna, balaban çalanların çoxu klarnetdə ifa edirlər. Zurna və balabandakı milliliyi və şirinliyi bu alətdə də verirlər. Biz istənilən yabançı
aləti ilk növbədə
milli üslubda dilləndirməyi düşünürük.
Milli Konservatoriyada tarın təkmilləşdirilməsi ilə
bağlı işlər
gedir. Bu yaxında
yeni bir tar alətinin düzəlməyinə
qərar verdik. Səsi indiki tardan iki
oktava çox olacaq.
- Tar həm aparıcı, həm də müşayiətçi alətdir...
- Müşayiət çalğısı
tamam başqadır. Oxuyan həmişə öndədir.
Xanəndə hansı tərzdə
oxuyursa, tar da onun ardınca getməyi və müşayiət etməyi
bacarmalıdır. Xalq çalğı
alətləri içərisində
ən çox inkişaf etmiş alət tardır. Tar
ansambllarda əsas müşayiətçi alətdir,
aparıcıdır. Ansambl çətin
bir məqama düşür, elə məqamda tar onları durumdan çıxarır.
Xalq musiqisini tarsız düşünmək çətindir.
- Bugünkü gənc xanəndələrə münasibətiniz
necədir?
- Bu gün xanəndələrin
çoxu muğamı
yox, səslərini göstərirlər. Bu, yaxşı yanaşma deyil. Son vaxtlar
kiminsə “Rast” oxuduğunu görmək olmur. Xanəndələr səslərini göstərmək
üçün zil oxuyurlar. Adi tamaşaçının düşüncəsində
belə bir fikir yaranır ki, kim zil oxuya bilirsə,
yaxşı sənətkardır.
Hacıbaba Hüseynovun zil
səsi olmayıb, ona görə bəmdən oxuyub. Ona qulaq asan heç
vaxt yorulmaz. Bir çox ifaçılar efirdə özünü reklam edir ki,
tanınsın. Nəticə göz qabağındadır.
Televiziyalarda toy musiqiləri səslənir.
- Tarzənlərdən kimlərin
ifasını dinləyirsiniz?
- Vaxtilə gecə-gündüz
bütün tarzənlərə
qulaq asmışam. Amma indi bunu etməməyə
çalışıram. Ona görə ki, kimə qulaq asmışam, onun təsirinə düşmüşəm.
Özümü başqalarının təsirindən qoruyuram.
Daha çox öz yolumu tapmağa çalışıram. Öz yolu
olmayanı sənətkar
saymaq olmaz.
- Lent yazılarınız varmı?
- Dörd muğamı yazdırmışam, yeniləri
üzərində işləyirəm.
S.Soltanlı
Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 20.