Opera və Balet Teatrının baletmeysteri Belarusa dəvət alıb
Artıq
bir neçə ildir ki, Azərbaycan
Dövlət Akademik
Opera və Balet Teatrı Belarusun Milli Akademik Böyük Opera və Balet Teatrı və Dövlət Musiqili Teatrı ilə sıx əməkdaşlıq edir.
Bu əlaqələr çərçivəsində belaruslu sənətçilər
Bakıda, azərbaycanlı
sənətçilər isə
Minskdə qastrol səfərlərində olur,
rejissor və baletmeysterlər yeni tamaşaların quruluşunu
həyata keçirirlər.
Bu günlərdə Opera və Balet Teatrına
Belarus Musiqili Teatrından
növbəti dəvət
məktubu daxil olub. Teatrın quruluşçu baletmeysteri, Xalq artisti Mədinə Əliyeva fevralın ilk günlərində həmin
teatrın səhnəsində
Q.Şaydulovanın “Kleopatra”
baletinin quruluşunu həyata keçirəcək.
Bu, azərbaycanlı baletmeysterin
Belarusa ilk səfəri
deyil. O, 2010-cu ildə
Belarus Musiqili Teatrında
səhnəyə qoyulan
Ü.Hacıbəylinin “Arşın
mal alan” tamaşasında rəqslərə
quruluş verib,
2013-cü ildə F.Əmirovun
“Min bir gecə” baletinin quruluşunu həyata keçirib.
Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 19.