Zirvədəki
günəş
21 yanvar 2016-cı il. Bir çoxlarımız üçün
bu tarix əslində heç nə ilə əlamətdar
olmayacaqdı. Əgər Moskvada -
Rusiyanın Dövlət Tretyakov
Qalereyasında Azərbaycanın böyük
fırça ustası Tahir Salahovun “Tahir Salahov - zirvədəki günəş”
adlı sərgisinin açılışı olmasaydı.
Bu, Tahir Salahovun Tretyakov qalereyasında ilk fərdi sərgisi idi. Uzun illər sonra, gözlənilən, həm də müasir incəsənətdə müxtəlif cərəyanların, bəzən heç də hamı tərəfindən birmənalı qarşılanmayan tendensiyaların fonunda aktuallığı ilə yeri görünən sərgisi idi. Bunu qalereyanın direktoru Zelfira Trequlova sərginin açılış mərasimində çıxışında da təsdiq etdi. O bildirdi ki, sərgi qalereyanın “çoxlarının unutduqları” 1960-1980-ci illərin incəsənətinə həsr olunmuş xüsusi proqramı çərçivəsində təşkil olunur.
Layihənin əsas mahiyyəti ondan ibarətdir ki, tamaşaçılar bu sərgi ilə tanış olsunlar, baxsınlar, görsünlər və anlasınlar ki, bu dövr XX əsr dünya incəsənətinin olduqca önəmli dövrüdür. Sərginin kuratoru Olqa Polyanskayanın rəhbərliyi ilə təşkil olunmuş ekspozisiyanın tərtibatı qeyd olunan dövrün əhval-ruhiyyəsini, ab-havasını duymağa imkan yaradırdı.
Klassik sənət əsərlərindən ibarət ekspozisiya qurularkən əsərlərin “nizamsız” düzülüşünə, bəlkə rəssamın yaradıcılığının dövrləri, janr və texnikasına görə sərgilənməsi hallarına adətən rast gəlinmir. Qeyd etməliyəm ki, bu Moskva mətbuatının da diqqətindən yayınmamışdır. Moskva kimi şəhərdə belə düzülüşün müəyyən mənası olmalı idi. Bu məna elə rəssamın bütün istedadını göstərmək üçün bir vasitəyə, “açara” çevrilmişdi. Divarların soyuq boz rəngi fonunda əsərlərin düzülüşündə, sərginin adının qırmızı şriftlərlə verilməsində, hətta etiketlərin ortasında verilən qırmızı xətt həmdə rəssamın əsərlərinin hansısa bir yerində, bəzən sadə bir yaxı şəklində “atılmış”, daim müşahidə olunan qırmızı rənglə həmahənglik təşkil edir.
Martın 20-dək davam edəcək sərgidə Rusiya və Azərbaycanın 8 muzeyinin kolleksiyasından seçilmiş 84 əsər nümayiş olunur. Onlardan 34-ü və ekspozisiyanın əsas bazasını təşkil edən əsərlər Tretyakov qalereyasına məxsusdur. Azərbaycan muzeylərindən isə 16 əsər sərgiyə təqdim edilmişdir. O.Polyanskayanın sözlərinə görə, sərgidə Tahir Salahovun proqram xarakterli əsərləri nümayiş olunur: “Biz həmçinin özəl kolleksiyalarda olan və az tanınan əsərləri də sərgiyə cəlb edə bildik. Beləliklə, Salahovu çox müxtəlif, dəyişkən, və zəmanəsinə diqqətlə yanaşan və zəmanəni yaradıcılığında əks etdirən rəssam kimi təqdim etməyə çalışmışıq”.
Qalereyanın sərgi ilə bağlı video-anonsunda “Tahir Salahov kimdir” sualı belə cavablandırılır: böyük rəssam, “sərt üslub”un ustadı və romantik, klassik və müasir, hamının tanıdığı və Tretyakovkanın yenidən kəşf etdiyi sənətkar...
2014-cü ilin fevralında görkəmli fırça ustasının Parisdə, Fransa İncəsənət Akademiyasında keçirilən sərgisinin təşkilində və açılışında yaxından iştirak edənlərdən, Moskvadakı sərginin açılışını izləyənlərdən biri kimi inamla bu sıraya “millətin qürur mənbələrindən biri” ifadəsini də əlavə etmək istərdim. Və nəhayət, Azərbaycanda onun şəxsiyyətinin böyüklüyünü və sənətinin qüdrətini ifadə etmək üçün deyirlər ki, Tahir Tahirdir.
Moskvadakı dünyaca məşhur olan bu sənət məbədində, həm də böyük rus rəssamı V.Serovun təzəcə açılmış sərgisinin yanı sırasında nümayiş etdirilən Tahir Salahov fırçasından çıxmış dahiyanə əsərlərin sənətkarlıq baxımından əzəməti, yüksək professionallığı, bir çoxları üçün sənət yüksəlişinin meyarı kimi götürülməsi ilə bərabər, onun özünə göstərilən dərin ehtiramı, zərif və həssas münasibəti görmək gerçəkdən qürurvericidir. Bu hissləri yaşayarkən Azərbaycan xalqının bəşəriyyətə bəxş etdiyi dühalardan olan Qara Qarayevin portretini böyük məharət və ustalıqla yaradan rəssamın özünün artıq çoxdan millətin köksünü qabardan iftixar mənbəyi olduğu fikrini bir daha təsdiq etmiş oluruq.
Sərginin açılışı Rusiya və Azərbaycanın çağdaş sənətinin əsl təntənəsinə çevrildi. Tahir Salahov da mətbuat nümayəndələrinə açıqlamasında bunu qeyd etdi: “Mən burada - Tretyakov qalereyasında sərgimin açılışından çox şadam. Bu divarlar arasında böyük rus incəsənətinin klassiklərinin, sovet incəsənətinin klassiklərinin əsərləri nümayiş olunur. Burada görkəmli xarici rəssamların fərdi sərgisi açılmışdır. Mən xoşbəxtəm”.
65 ili əhatə edən yaradıcılıq fəaliyyəti dövründə Tahir Salahov sənət yollarında yorulmadan yürüyən, usanmadan çalışan, başladığı hər işin yekununda insanları heyrətə gətirməyi bacaran əsl sənət fədaisi kimi olduqca zəngin həyat yolu keçmişdir. 1950-1960-cı illərin, eləcə də ondan sonrakı onilliklərin sovet rəssamlığının, o cümlədən Azərbaycan rəngkarlığının inkişafında onun adı daim böyük hörmət və izzətlə çəkilir. Rusiya mətbuatı onu “sərt üslub”un banilərindən, öz yaradıcılığı ilə onun təməl prinsip və metodlarını müəyyən edən, bununla yanaşı zamanın tələblərinə həssaslıqla cavab verən müasir ustad kimi xarakterizə edir. Qeyd olunur ki, Salahov Azərbaycan rəssamlıq məktəbini beynəlxalq səviyyəyə çıxarmışdır. Onun əsərlərinə yalnız muzeylərdə deyil, eyni zamanda art-bazarda da böyük maraq var. Bir neçə həftə öncə Londonda hərraca çıxarılmış “Aydan” əsərinin 269 min funt sterlinqə satıldığını nəzərə alsaq, mətbuat nümayəndələrinə haqq qazandırmamaq mümkün deyil.
Tretyakov qalereyasının yaydığı press-relizdə bildirilir ki, sərginin adı (“Tahir Salahov - zirvədəki günəş”) təsadüfən iki hissəyə ayrılmamışdır. Bu adın özü rəssamın şəxsiyyətini diqqət mərkəzinə çəkir. Salahov zirvədəki günəşə bənzədilir, onunla müqayisə edilir. Həmçinin bu adın özü də bir əsər kimi səslənir”.
Sərgidə nümayiş olunan əsərlərin hər biri böyük estetik və emosional təsir gücünə malikdir. Amma rəssamın öz anasına həsr etdiyi silsilə xüsusilə təsiredici idi. Bunu tamaşaçıların məhz həmin əsərlərin qarşısında daha artıq müddətdə ayaq saxlamalarından da görmək olur.
Beləliklə, Azərbaycan təsviri sənətinin xəzinəsini zənginləşdirən bu əsərlərin sərgisi zamanının və zamanımızın böyük rəssamı və şəxsiyyəti Tahir Salahovun yaradıcılığı ilə bir daha qürur duymağımıza imkan yaradır.
Qalib Qasımov
sənətşünas
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 17.