Zəngin tarixə malik yeni sənət ocağı
Zənginliyi və rəngarəngliyi ilə seçilən milli rəqslərimizin tarixi minilliklərin öncəsinə
gedib çıxsa da, peşəkar xoreoqrafiya sənətimizin
formalaşmasının bir
əsrə yaxın tarixi var. 1923-cü ildə
Bakıda balet studiyası yaradılıb,
1929-cu ildə Opera Teatrının
nəzdində Dövlət
Balet Studiyasına çevrilib. Azərbaycanın ilk balerinası Qəmər Almaszadə balet sənətinin sirlərini
burada öyrənib.
1936-cı ildən tədris ocağı Bakı Xoreoqrafiya Məktəbi adlandırılıb.
Azərbaycanın tanınmış
balerinaları, rəqqasları
bu məktəbin məzunlarıdır.
2014-cü ilin 30 aprelində
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin sərəncamı
ilə Bakı Xoreoqrafiya Məktəbinin
bazasında Bakı Xoreoqrafiya Akademiyası yaradılıb. Dövlət başçısının 26 dekabr 2014-cü il
tarixli sərəncamı
ilə Timuçin İlyas oğlu Əfəndiyev Bakı Xoreoqrafiya Akademiyasının
rektoru təyin edilib.
Unikallığı ilə seçilən akademiyada tədris ümumtəhsil,
orta ixtisas və ali
təhsil pilləsində
klassik, xalq, idman-bal rəqsləri üzrə aparılır.
Milli xoreoqrafiya sənətinin ənənələrini
qoruyan, inkişaf etdirən və müasir dünyamızın
xoreoqrafiya sənətində
əldə etdiyi yeni uğurları öyrənərək tətbiq
edən yeganə akademik təhsil kompleksi olan BXA-da baletmeyster sənəti, klassik və milli rəqslər,
eləcə də musiqi fənləri, Azərbaycan dili və ədəbiyyatı,
xarici dillər və digər kafedralar, Elmi Şura formalaşıb, təhsil səviyyəsinin
artırılması məqsədi
ilə professor-müəllim
heyəti tərəfindən
müvafiq tədris planları və proqramları yenidən işlənib, xoreoqrafiya sənətinin ayrı-ayrı
sahələri üzrə
metodiki vəsaitlər
hazırlanıb.
Ötən il akademiyada xalq artistləri Qəmər Almaszadənin və Əlibaba Abdullayevin 100 illik yubileylərinə həsr olunmuş elmi-praktik seminarlar təşkil edilib. Qısa zaman ərzində akademiyada aparılan elmi, yaradıcılıq işləri “Sənət
Akademiyası” adlı
dövri elmi-nəzəri
jurnalın çapına
imkan yaradıb.
Akademiyanın tələbələri müxtəlif
tədbirlərdə, konsert
və tamaşalarda fəal iştirak edir. Respublika Günü
münasibətilə, “Bakı-2015” I Avropa Oyunları zamanı təşkil edilən kütləvi konsert proqramlarında, Azərbaycan Dövlət
Opera və Balet Teatrında Rusiyanın Əməkdar artisti Andrey Merkuryevin iştirakı ilə səhnəyə qoyulan “Jizel” baletində onlar öz məharətlərini
göstəriblər. Tələbələr Rusiyanın Həştərxan
vilayətində keçirilən
yay istedad məktəblərində, baletmeyster
Andris Liepanın ustad dərslərində və müxtəlif beynəlxalq müsabiqələrdə
iştirak ediblər.
Tbilisidə görkəmli
baletmeyster Vaxtanq Çabukiani adına
beynəlxalq festivalda akademiyanın istedadlı tələbəsi Murad Kərimov I yerə layiq görülüb.
Bakı Xoreoqrafiya Akademiyası beynəlxalq əlaqələri
də inkişaf edir. Moskva Xoreoqrafiya
Akademiyası, Sankt-Peterburq
şəhərində yerləşən
A.Y.Vaqanova adına “Rus Baleti” Akademiyası,
Moskva Dövlət İncəsənət İnstitutu,
M.K.Çurlyönis adına
Litva Milli İncəsənət Məktəbi
ilə əməkdaşlıq
barədə saziş
imzalanıb, akademiyada
ustad dərslərinin
təşkili üçün
dünyanın bir çox ölkələrinin
xoreoqrafları ilə
əlaqələr yaradılıb.
Akademiyanın fəaliyyətində uğurlu addımlardan biri də Avropa
İncəsənət İnstitutları
Liqasına üzv seçilməsidir.
Akademiyanın yüksəkixtisaslı professional müəllim kollektivi Mədəniyyət və
Turizm Nazirliyinin müvafiq planına uyğun respublikanın şəhər və rayonlarında xoreoqrafiya sahəsi üzrə mütəxəssislərin hazırlıq
səviyyəsinin yüksəldilməsi,
uşaq incəsənət
məktəblərinin xoreoqrafiya
şöbələrində tədrisin keyfiyyətinin artırılması məqsədi
ilə ustad dərslər həyata keçirir.
Lalə
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 15.