Dövri mətbuat və nəşr məhsullarının
arxivləşdirilməsi
“İstəməzdik ki, bu məsələlər inzibati yolla həll olunsun”
Yanvarın 27-də
Milli Kitabxanada mətbuatın
və nəşr məhsullarının arxiv
fondunun yaradılması işinin
təkmilləşdirilməsi ilə bağlı qəzet və
jurnal redaktorları və nəşriyyat
direktorlarının respublika
müşavirəsi keçirildi.
Mədəniyyət və Turizm Nazirliyi, Mətbuat Şurası və Milli Kitabxananın birgə təşkil etdiyi müşavirə ölkəmizdə dərc olunan mətbuat nümunələri və digər çap məhsullarının arxiv fondunun yaradılması işinin təkmilləşdirilməsi məqsədilə qanunvericiliyə edilən düzəlişlərə həsr olunmuşdu. Xatırladaq ki, İnzibati Xətalar Məcəlləsinə edilən əlavəyə (maddə 192-1) əsasən, kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı üzrə tələblərin pozulmasına görə cərimələr nəzərdə tutulub. Bununla bağlı müvafiq qanun 20 oktyabr 2015-ci il tarixdə qəbul olunub.
Tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev əvvəlcə ölkə başçısının mətbu orqanların, nəşriyyat və poliqrafiya sahəsinin inkişafına göstərdiyi diqqət və qayğısından söz açdı. Nazir qeyd etdi ki, qanunvericiliyin tələblərinə uyğun işıq üzü görən yeni nəşrlərin nüsxələrinin kitabxanalara verilməsi bəzi qurumlar tərəfindən tam təmin edilmir. Problemin obyektiv və subyektiv səbəblərinin olduğunu deyən Əbülfəs Qarayev nöqsanların aradan qaldırılmasının səmərəli və operativ yollarından danışdı.
Qeyd olundu ki, mətbu orqanlar, nəşriyyat və poliqrafiya evləri kitab dövriyyəsini qanunvericiliyin tələblərinə uyğun həll etməlidir. Çap olunan müxtəlif kitabların, dövri nəşrlərin Azərbaycan Milli Kitabxanası ilə yanaşı, ölkədə fəaliyyət göstərən digər nüfuzlu kitabxanalara verilməsi təmin olunmalıdır: “İstəməzdik ki, bu məsələlər inzibati yolla həll olunsun. Biz bununla milli arxiv irsimizi yüksək səviyyədə yaradır və onu gələcək nəsillər üçün qoruyub saxlamış oluruq. Bu sahədə görüləcək işlərin şəffaflığının təmin olunması məqsədilə məcburi nüsxə, beynəlxalq və respublikada yeni nömrələmə sisteminin formalaşması istiqamətində ciddi addımlar atılacaq”.
Nəşr məhsullarına İSBN beynəlxalq kitab nömrələrinin verilməsinin zəruriliyini qeyd edən nazir hazırda bu işlə Xəzər Universitetinin məşğul olduğunu, lakin prosesin formal aparıldığını, respublikada çap olunan kitabların yalnız 20-25 faizinə İSBN nömrəsi verildiyini, onların da beynəlxalq İSBN agentliyinin bazasında öz əksini tapmadığını bildirdi. Qeyd etdi ki, İSBN nömrəsi Milli Kitabxana tərəfindən verilərsə, arxiv fondu da zənginləşər və məcburi nüsxələrin verilməsində paralellik aradan qaldırılar. Bu məsələdə Müəllif Hüquqları Agentliyi də İSBN nömrəsinin və vahid kitab nömrəsinin Milli Kitabxana tərəfindən verilməsini dəstəkləyir və bu barədə Nazirlər Kabinetinə təklif verilib.
Nazir ona ünvanlanan sualları da cavablandırdı. Qeyd etdi ki, bu
il uşaq
ədəbiyyatına dair
kitabların nəşrinə
daha çox üstünlük veriləcək.
Milli Kitabxananın
direktoru Kərim Tahirov bildirdi ki, bizim bir
milli arxivimiz var. Bu milli-mənəvi irsimizin zənginləşməsində hamılıqla iştirak etməliyik. Bu istiqamətdə
qabaqcıl ölkələrin
təcrübəsindən yararlanmaqla
uğur əldə etmək olar. Qəbul olunan qərarlar və görüləcək
işlər milli mənəviyyatımızın gələcək nəsillərə
çatdırılmasına xidmət edəcək.
Mətbuat Şurasının sədri,
Milli Məclisin deputatı Əflatun Amaşov mətbuat orqanlarının müvafiq
qərarlara əməl
etmələrinin vacibliyindən
danışdı. Qeyd etdi
ki, bu gün
Türkiyə, Almaniya,
Fransa, Polşa arxivlərində ölkəmizə
məxsus onlarla qəzet və jurnal mövcuddur. Bu kimi ənənələri
ölkəmizə də
gətirməliyik.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu, Yazıçılar Birliyinin
katibi, “525-ci qəzet”in
baş redaktoru Rəşad Məcid, millət vəkili Elmira Axundova, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Rəhimoğlu,
professor Hamlet İsaxanlı mövzu ilə bağlı çıxış
etdilər, müzakirələr
aparıldı.
Savalan Fərəcov
Mədəniyyət.- 2016.- 29
yanvar.- S. 14.