Səfirlərlə mədəniyyət və turizm əlaqələri müzakirə olunub

 

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bir sıra ölkələrin Azərbaycandakı səfirləri ilə görüşlər keçirib.

Koreya Respublikası, İsveçrə, Çexiya və Qazaxıstanın ölkəmizdəki səfirləri Kim Çanq Gyun, Filip Stalder, Vitezlav PivonkaBeybit İsabayev ilə görüşlərdə mədəniyyət və turizm sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib.

Nazir səfirlərə 2016-cı ilin 25-27 aprel tarixində Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatı Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu haqqında məlumat verib və təmsil etdikləri ölkələrin Forumun işində yaxından iştirakının əməkdaşlığımıza böyük töhfələr verəcəyini bildirib.

Söhbət zamanı mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün musiqi festivallarının, birgə mədəniyyət günlərinin, muzey, kitabxana, kino sahələrində qarşılıqlı mübadilənin əhəmiyyəti vurğulanıb. Həmçinin turizm sahəsində əməkdaşlıqla bağlı birgə layihələrin gerçəkləşməsi üçün təbliğat işlərinin genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Mədəniyyət və turizm nazirinin Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç, İsrail səfiri Dan Stav, Macarıstan səfiri İmre Laslotskiİndoneziya səfiri Prayono Atiyanto ilə görüşündə də bu istiqamətdə fikir mübadiləsi aparılıb. Səmimi qəbula görə nazirə təşəkkür edən diplomatlar gələcək fəaliyyətlərində ölkələrinin Azərbaycanla mədəniyyət və turizm əməkdaşlığını diqqət mərkəzində saxlayacaqlarını bildiriblər.

* * *

Mədəniyyət və turizm naziri həmçinin Azərbaycanın Bolqarıstan, İtaliya və Qazaxıstana təyin olunmuş səfirləri Nərgiz Qurbanova, Məmməd Əhmədzadə və Rəşad Məmmədovla görüşüb. Azərbaycan Respublikasının bu ölkələrlə mədəniyyət və turizm sahələrində əməkdaşlığı, həmin ölkələrdə Azərbaycanın qədim tarixə malik mədəniyyəti və turizm imkanlarının təbliği istiqamətində fəaliyyətin həyata keçirilməsinə dair müzakirələr aparılıb. Nazir səfirlərə fəaliyyətlərində uğurlar arzulayıb.

 

Mədəniyyət.- 2016.- 29 yanvar.- S. 14.